Vətən müharibəsində ordumuzun qəhrəmanlığı dünya hərb tarixində nadir rast gəlinən nümunələrdəndir - siyasi şərhçi

Vətən müharibəsində ordumuzun qəhrəmanlığı dünya hərb tarixində nadir rast gəlinən nümunələrdəndir - siyasi şərhçi
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə bağlı danışarkən dəfələrlə qeyd edib ki, bizim tarixi Zəfərimizin əsas memarları Azərbaycanın qəhrəman əsgər və zabitləridir. Dövlətimizin başçısı çıxışlarında bildirib ki, Qarabağdakı böyük Qələbəmizi şərtləndirən faktorlar sırasında ordumuzun istifadəsində olan müasir tipli silah-sursat, texnikadan daha çox Azərbaycan əsgərinin öz torpağında savaşmasından doğan şücaəti, vətənpərvərliyi ön planda dayanır. Həqiqətən də Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun, gənclərimizin qəhrəmanlığı, fədakarlığı dünya hərb tarixində nadir rast gəlinən nümunələrdəndir. Bunu həm beynəlxalq ekspertlər, həm də düşmənlərimiz dəfələrlə etiraf ediblər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. O bildirib ki, Azərbaycanda qismən səfərbərlik elan edilən andan çağırış məntəqələri qarşısında böyük izdiham müşahidə olunub: "Baxmayaraq ki, qismən səfərbərlik elan edilmişdi, hər kəs Vətənin azadlığı uğrunda mübarizəyə qoşulmaq üçün könüllü müraciət etməyə başladı. Nəinki Azərbaycanda yaşayan vətəndaşlarımız, xarici ölkələrdə yaşayan gənclərimiz diplomatik təmsilçiliklərimizə müraciət edərək bu tarixi prosesdə iştirak etmək üçün təkid edirdilər. Hətta ehtiyac olmadığı üçün səfərbərliyə dəvət edilməyən gənclərimiz haqq savaşına qoşulmaq üçün təkidli müraciətlər edirdilər. Bir sözlə, Azərbaycanda gənclərin orduya qoşulması prosesində əsl bayram ab-havası müşahidə olunurdu. Bu, Azərbaycan gəncliyinin Vətənə məhəbbət, sədaqət nümunəsi idi".

F.Şahbazlı vurğulayıb ki, müharibədən üç il keçdikdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın müharibə dövründə Ermənistan ordusunda 11 min nəfər fərarinin olması barədə etirafı düşmən ölkənin acizliyinin növbəti təzahürüdür: "Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsi dövründə xalqa müraciətlərində Ermənistan ordusunda kütləvi fərariliyin olması haqqında dəfələrlə dəqiq məlumatlar verirdi. Düşmən ölkə o zaman bu məlumatları qəbul etmək istəmirdi. Lakin indi Anna Akopyan kütləvi fərarilik, erməni kişilərin döyüşdən qorxması barədə açıqlamalar verir. Döyüşlər zamanı biz sosial şəbəkələrdə yayılan videolardan aydın görürdük ki, əsir düşən erməni əsgər və zabitləri dərhal öz ölkələrinin əleyhinə bəyanatlar verirdi. Azərbaycan Ordusu, əsgərləri ilə bağlı bir dənə də olsun belə fakta rast gəlmək mümkün deyil. Əksinə, erməni əsirliyinə düşən Azərbaycan əsgərləri onların üzlərinə layiq olduqları sözləri deyirdilər. Bu, Azərbaycan əsgərinin, gəncinin döyüş ruhunun, Vətənə məhəbbət hissinin hansı səviyyədə olduğunu nümayiş etdirir”.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan gəncliyi Ali Baş Komandanın çağırışına dərhal qoşularaq, illərdən bəri həsrətlə gözlədikləri müqəddəs savaşa qoşulublar. Vətən müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələrində ordudan yayınma ilə bağlı bir fakt belə olsun qeydə alınmayıb. Düşmən bunu yaxşı başa düşməlidir. Çünki indi də minlərlə qəhrəman Azərbaycan gənci düşmənin təxribatlarına cavab vermək üçün əmr gözləyir./AZƏRTAC

Xəbər lenti