Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH

Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
Aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, bir güllə atılmadan, qan tökülmədən Qazax rayonunun işğal altında olan dörd kəndi geri qaytarıldı.

"Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqına növbəti hədiyyəsidir. Təbii ki, bu onu göstərir ki, delimitasiya prosesinin ilk addımı atıldı və məhz Qazax istiqamətindən bu məsələ başlayıb. Azərbaycan delimitasiya prosesinin bu istiqamətdə başlamasına israr edirdi. Prezident İlham Əliyev hələ 2020-ci ildə sərhədyanı kəndlərimizin geri qaytarılması məsələsini qaldırmışdı. Bu istiqamətdə daim intensiv iş aparılırdı və bu gün bu prosesin məntiqi sonluğunun şahidi olduq.

Ölkə Prezidenti hələ 2020-ci ildə Vətən müharibəsində əldə olunan zəfərdən sonra üç rayonun bir güllə atılmadan Azərbaycana qaytarılmasını təmin etmişdi. Bu, onu göstərir ki, Prezident İlham Əliyev məsələnin sülh yolu ilə həll edilməsinə üstünlük verir. 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağda suverenliyinin yekun bərpası, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməsi və indi də 4 kəndin qan tökülmədən geri qaytarılması qeyd edəcəyimiz qələbələr silsiləsindən növbəti qələbədir. Bu gözəl xəbər prezidentimizin Azərbayca xalqına növbəti hədiyyəsidir”, - deyə deputat bildirib.

O qeyd edib ki, Fransa və bir sıra digər Qərb ölkələrindən Azərbaycanın guya Ermənistana hücum planlaşdırdığı, Ermənistan ərazisində hərbi məqsədlərin olduğu və s. əsassız iddiaları havaya uçdu.

"İndi hamıya aydındır ki, bu, ölkəmizə qarşı növbəti çirkin oyun və saxta təbliğat kampaniyası idi. Bu gün belə bir razılaşmanın əldə edilməsi, həmçinin, onu göstərir ki, Aİ və ABŞ, eləcə də, bir sıra Qərb dövlətləri bu prosesə müdaxilə etməyə çalışsalar da, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan buna mane oldu.

Azərbaycan və Ermənistan ortaq dil tapa bildilər. Bu, onu göstərir ki, onlar bundan sonra da bu məsələləri özləri həll edə bilərlər. Ona görə də Aİ və ABŞ, eləcə də, bir sıra Qərb dövlətlərinin bu proseslərdən uzaq durmaları Cənubi Qafqazda daha tez sülhün və firavanlığın təmin edilməsinə imkan yarada bilər”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə açıqlamasında bildirib ki, 19 aprel də Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

"Qazax rayonunun anklav olmayan 4 kəndi Azərbaycana qaytarıldı. Üstəlik, bir güllə belə atılmadan. Bu isə ona dəlalət edir ki, artıq sülh prosesi ilə bağlı gedişat real fazaya keçdi, delimitasiya istiqamətində ciddi addımlar atıldı, iki ölkə arasındakı münasibətlərin normallaşması, bölgədəki sabitliyin təminatı üçün yeni, münbit zəmin yarandı.

Təbii ki, bütün bu hadisələr cənab Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsidir. Məhz onun sayəsində biz hazırkı günlərə gəlib çıxdıq, Azərbaycanın çox böyük masştablı qələbələrini gördük və görməyə də davam edirik”, - deyə deputat bildirib.

O qeyd edib ki, proseslər, heç şübhəsiz, bundan sonra da Azərbaycan dövlətinin maraqlarının təmin olunması istiqamətində davam edəcək.

"Eyni zamanda, baş verən hadisələr həm də onun göstəricisidir ki, kənar qüvvələrin, əsasən də Qərb qüvvələrinin, Fransa kimi təxribatçı dövlətlərin müdaxiləsi olmayan yerdə işlər daha rahat, daha sürətli gedir. Çünki onlar uzun müddət yanlış təbliğat aparmaqla, suyu bulandırmaqla, aranı qızışdırmaqla sülhün bərqərar olmasını çətinləşdiriblər.

Qazax rayonunun 4 qeyri-anklav kəndinin geri qaytarılması isə onu sübut etdi ki, Azərbaycan və Ermənistan öz arasında kimsənin müdaxiləsi və vasitəçiliyi olmadan bir çox məsələləri həll edə, sülhə doğru bərabər addımlar ata bilər”, - deyə deputat əlavə edib.

Xəbər lenti