Muxtar Babayevin “Gədəbəy sərgüzəştləri” və yaxud inkar edilən xəyanət – Səbuhi Abbasov yazır

Muxtar Babayevin “Gədəbəy sərgüzəştləri” və yaxud inkar edilən xəyanət – Səbuhi Abbasov yazır

Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrdə əsil günahkarın kim olması ilə bağlı axtarışlar və iddiaların səngimədiyi bir vaxtda, hadisənin dövlətə və cəmiyyətə müxtəlif aspektlərdən vurduğu və vuracağı zərərin miqyasını nəzərə alaraq biz də günahkar axtarışına çıxdıq. Öz təxəyyül, emosiyavə analitik şüurlarına söykənərək anoloji axtarışıa çıxan ayrı-ayrı fəallardan fərqli olaraq biz ilk növbədə qanunvericiliyə istinad etməyi üstün tutduq. Əslində qanunvericiliyin təhlili hər bir qurumun məsuliyyətini açıq ortaya qoyur və burada konstitusiyanın hansısa maddəsini irəli sürüb polisin hüquqlarımızı pozmasından söhbət getmir.

Söhbət günahkardan gedirsə polis bu həlqədə sonuncu yerdədir və hətta dövlətin maraqları nöqteyi nəzərdən yanaşılarsa Daxili İşlər Nazirliyi burada xilasedici rolunda çıxış edib. İşində müəyyən köntöklüklərə yol versə belə. Biz heç də, polis nəfərinin yaşlı qadının üzünə qaz püskürtməsinə haq qazandırmaq fikrində deyilik, sadəcə məsələyə daha geniş rakursdan yanaşılması olayların daha soyyuqqanlı qiymətləndirilməsini ehtiva edir. Beləliklə polis dövlət üçün vəziyyətin nəzarətdən çıxmasının qarşısının alınmasında son vasitə kimi çıxış edib, ancaqvəziyyətin nəyə görə bu həddə çatdığı sualının cavabını tapmaq üçün biraz araşdırma aparmalı olacağıq.

Vəziyyəti bu həddə çatdıranları müəyyən etmək üçün dərin konspirativ təhlillərə ehtiyac duyulmur, əlahəzrət qanunvericiliyimiz çox açıq şəkildə bunu ortaya qoyur. Söhbət tullantılardan gedirsə, istehsalat və məişət tullantılarının insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, habelə belə tullantıların təkrar xammal mənbələri kimi təsərrüfat dövriyyəsinə cəlb olunması məqsədilə tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının dövlət siyasəti və hüquqi münasibətləri 30 iyun 1998-ci il tarixli İstehsalat və məişət tullantıları haqqında Qanunla tənzimlənir.

Bu qanunun 15-ci maddəsində açıq şəkildə qeyd olunur ki, tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Nazirliyin əsasnaməsinin 3.0.45-ci bəndində də "İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətini həyata keçirmək Nazirliyin əsas vəzifəsi kimi qeyd olunub.

Tullantılarla bağlı fəaliyyətin qurulması ayrı-ayrı qanunvericilik aktları ilə tənzimlənir və bunu qısa olaraq icmalını çıxarsaq deyə bilərik ki, qanunvericiliyə əsasən istehsalat müəssisəsi tullantılarının idarə olunması ilə bağlı Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini hazırlamalı və bu sənədlə Ekologiya və Təbii sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza Agentliyinin xüsusi rəyini almalıdır. Tullantıların yerləşdirilməsi, zərərsizləşdirilməsi və bununla bağlı bütün fəaliyyət həmin sənədə uyğun nazirliyin yerli qurumunun nəzarəti ilə aparılmalıdır. Eyni zamanda aparılan tədbirlər barədə ictimaiyyətə mütəmadi məlumat verilməlidir. Hətta, qanunda əhalinin mənafeyi ilə bağlı qərarlar qəbul edilərkən ictimai rəyin nəzərə alınması dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qeyd olunur.

ETSN-in konkret Gədəbəyin Söyüdlü kəndi ilə bağlı fəaliyyətinin nə dərəcədə düzgün apardığını deyə bilmərik ancaq onu əminliklə demək olar ki, "Anqlo asian mining” şirkətinin tullantılarla fəaliyyətinə dair ekoloji rəy barədə ictimaiyyətə heç bir məlumat verilmir. Əgər ekoloji ekspertiza rəyi mövcuddursa hadisə ilə bağlı açıqlama verən nazir və icra başçısı ilk növbədə bu sənədə istinad etməmələri təəcüb doğurur. Demək ki, ya belə bir sənəd veriməyib, yaxud müəssisənin fəaliyyətinə nəzarət həyata keçirilməyib.

İcra hakimiyyətinin başçısı Orxan Mürsəlovun güman ki,bu prosedurlardan ümumiyyətlə xəbəri yoxdur və onun sionidin olub olmadığını müəyyən etmək üçün mütəxəssis dəvət edilməsinin vacibliyini vurğulaması bildirməsi bunu açıq şəkildə sübut edir.

Başçıdam fərqli olaraq nazir Muxtar Babayev məsələnin araşdıracağını söyləməklə əlavə məlumat verməkdən boyun qaçırması əslində məsuliyyətdən yayınnmaq cəhdinin təzahürüdür.Çünki ETSN-in rəsmi feysbuk səhifəsində hələ iyunun 9-da yayımlanmış məlumatda bildirilir ki, Gədəbəy rayonu ərazisində yerləşən qızıl mədənində istismar prosesində ətraf mühitin çirkləndirilməsi ilə bağlı yayılan məlumatlar yerində araşdırılıb. "Baxış zamanı qızıl mədənindən çıxan çirkab suların membranlanmış borular vasitəsilə xüsusi örtüklə izolyasiya olunmuş anbara ötürüldüyü, orada çökdürüldükdən sonra təkrar istifadəyə qaytarıldığı müəyyənləşdirilib. Vizual müşahidələr, monitorinqlər və araşdırmalar göstərib ki, anbardan ətraf ərazilərə və yaxınlıqdakı çaya sianid tərkibli çirkab su axıdılmır. Atmosfer havasında da hər hansı iy və qoxu müşahidə olunmayıb”.

Demək ki, ya nazir rəhbərlik etdiyi qurumun fəaliyyətini izləmir, ya da belə bir monitorinq aparıldığını gizlətməyi üstün tutur. Çünki əgər monitorinq aparılıbsa və şirkətin ekoloji tələbləri pozmadığı doğurdan da müəyyən edilibsə niyə əhali narazıdır

Burada açar məqam məhz ikinci gölün yaradılması ilə bağlıdır və narazılığın səbəbi budur. Muxtar Babayevin komissiya sədri kimi Söyüdlüdə ikinci gölün yaradılmasına icazə verilmədiyi əminliklə deməsi nazirin məhz bu məqamdan ehtiyatlandığının göstəricisidir. Lakin nazirin söylədikləri inanandırıcı deyil çünki "Anqlo Asian mining” şirkətinin məsələyə dair mövqeyi ilə üst-üstə düşmür. Belə ki, şirkətin internet səhifəsində Gədəbəydəki qızıl yatağındakı tullantılarla bağlı hissədə ingiliscə qeyd olunur ki, hökumətin razılığı alınmadığı üçün yeni tullantı anbarının tikintisi yubansa da, artıq müvafiq razılıq alınıb və yeni bəndin tikintisi ətraflı planlaşdırma, sahənin geotexniki tədqiqi həyata keçirilməklə aparılır. Şirkətin bu ingiliscə açıqlaması ilə, Söyüdlünün sadə vətəndaşlarının iddiaları ilə üst-üstə düşür, sadəcə ekologiya və təbii sərvətlər naziri nədənsə bunu inkar etmək qərarına gəldi.

Beləliklə, Gədəbəydəki hadisələr və bu hadisələrdən doğan fəsadlara görə ilk növbədə məsuliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi daşıdığını əminliklə söyləmək olar.

Digər tərəfdən, yerli icra hakimiyyətini məsuliyyəti də danılmamalıdır. İcra Hakimiyyətinin başçısı rəhbərlik etdiyi qurumun əsasnaməsində göstərildiyi kimi, asayişin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyır. Ancaq başçı Mürsəlov asayişin təmin olunması üzrə üzərinə düşən vəzifənin etiraz edən vətəndaşlarla mübahisə etməkdə görür. Əslində isə, icra hakimiyyətlərində ictimai-siyasi məsələlərlə məşğul olan xüsusi şöbələr var və bu şöbələrdəki mütəxəssislər vaxtında mövcud vəziyyəti təhlil edərək başçıya hesabat hazırlamalı və mümkün riskləri bildirməli idilər. İcra başçısı bu təhlillər əsasında yuxarı orqanları əvvəlcədən məlumatlandırmalı və ictimai-siyasi vəziyyəti nəzarətdə saxlamalı idi.

 

Səbuhi ABBASOV

7NEWS.az saytının baş redaktoru

Xəbər lenti