Azərbaycanın ərazi bütövlüyünü təsbit edən sənəd

Azərbaycanın ərazi bütövlüyünü təsbit edən sənəd
Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycanla bu ölkə arasında qarşı­lıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin imza­lanması mühüm tarixi hadisə kimi diqqət çəkir. Çünki bu sənəd Azərbaycanla Rusiyanın müttəfiqlik münasibətlərini tənzimləyir, başqa sözlə, hər iki dövlətin üzərinə bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunul­mazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışma­maq, güc tətbiq etməmək və güclə hədələməmək prinsiplərinə əsaslanan öhdəlik qoyur.

Yeri gəlmişkən, Moskva Bəyannaməsinə kimi, Azərbaycanla Rusiya arasında siyasi, sosial-iq­tisadi sahələrdə əlaqələr davamlı inkişaf edib. Hər iki ölkə rəhbərinin müntəzəm görüşləri çərçivəsində imzalanan sənədlər dövlətlərarası münasibətlərə yüksək dinamizm verib, əməkdaşlığın daha da möhkəmlənməsnə əlverişli zəmin yaradıb, müqavilə-hüquq bazasının genişlənməsini şərtləndirib.

Onu da xatırladım ki, indiyədək iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsi məqsədilə müxtəlif istiqamətləri əhatə edən 245 sənəd sırasında dövlətimizin başçısının Rusiyaya sonuncu rəsmi səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasi­yası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” xüsusi önəm daşıyır. Tərəflər ara­sında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən bu Bəyannamə Azərbaycanla Rusiya üzərinə tarixi öhdəliklər qoyur. Belə ki, 43 bənddən ibarət olan həmin sənəd iki ölkənin bugünə qədər keçdiyi yolda əldə edilən uğurları daha da möhkəmləndirmək məqsədi daşıyır. Burada ən əhəmiyyətli, ən diqqətçəkən məqam isə 44 gün­lük İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi zəfərindən sonra yaranan yeni reallıqların icrası istiqamətində müəyyən tədbirlərin gerçəkləşdirilməsinin nəzərdə tutul­masıdır.

Bəyannamədə Qarabağla bağ­lı öz ifadəsini tapan ən mühüm məqamlardan biri də məhz keçmiş münaqişəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin diqqətə çatdırılmasıdır.

Yeri gəlmişkən, Vətən mühari-bəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda yeni reallıq yaranıb, bölgədə sülh və əməkdaşlıq dövrü başlanıb. Regionda dayanıqlı sül­hün və təhlükəsizliyin təmin olun­masında maraqlı olan Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanması təklifini irəli sürüb. Təbii ki, ölkəmiz bu məsələdə ədalətə və beynəlxalq hüquqa əsaslanıb, bölgədə davamlı sülhün bərqərar olması üçün inkişaf perspektivlərini nəzərə alıb.

Bu baxımdan Moskva Bəyannaməsində BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunan norma və prinsiplərinə riayət olunması mühüm önəm daşıyır, Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır.

Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi də bildirilib və bu yöndə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulan bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilib. Sənəddə, eyni zamanda, beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi də qeyd olunub.

Bəyannamədə ən əhəmiyyətli cəhətlərdən biri də iki ölkə arasın­da qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və bu sahələrin keyfiyyətcə yeni səviyyəyə qaldırılma­sı öhdəliyidir. Bu xüsusda, hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürür.

Göründüyü kimi, Moskva Bəyannaməsi tərəflər arasında bərabərhüquqlu münasibətləri ən yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən, də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir-birinin daxi­li işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.

Xatırladım ki, Azərbaycan Qo­şulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədridir. Azərbaycan çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçün­cü tərəfə qarşı yönəlməyib.

Türkiyə ilə imzalanan Şuşa Bəyannamasi kimi, Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qaza­nır. Bir sözlə, Moskva Bəyannaməsi Azərbaycanı daha da gücləndirir, Ermənistana isə böyük zərbə vurur. Çünki Bəyannamə artıq Ermənistanın üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcəyini şərtləndirir.

Azər VERDİZADƏ,

 Vətən müharibəsi iştirakçısı, politoloq

Xəbər lenti