Paşinyan indi də Ribbentrop rolunda

Paşinyan indi də Ribbentrop rolunda
Azərbaycana qarşılıqlı hücum etməmək haqda pakt imzalamağı təklif edən erməni baş nazir unudur ki, Almaniyanın xarici işlər naziri bu kimi oyunlara görə ölümə məhkum edilib 

Ermənistan yanvarın əvvəlində Azərbaycana sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərib. Ermənistanın baş naziri Nikol Paşinyan təkliflərin təfərrüatı ilə bağlı açıqlamasında bildirib ki, rəsmi İrəvan silahlara qarşılıqlı nəzarət mexanizminin qurulmasını və sülh müqaviləsinin imzalanması gecikəcəyi təqdirdə, Bakıya hücum etməmək haqqında pakt imzalamağı təklif edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Ermənistanın göndərdiyi təkliflər paketini əldə etdiklərini və növbəti həftələrdə cavab təqdim olunacağını açıqlayıb.

Ekspertlər təkliflərin qəbuledilməz olduğunu bildirir.

Bildirilir ki, işğalçı ölkənin 30 il ərzində işğala məruz qalmış bir ölkəyə - Azərbaycana tərk-silah haqqında təklif göndərməsi absurddur. Ermənistan sülh müqaviləsinin imzalanması prosesi yubanacağı təqdirdə Azərbaycanı hücum etməmək haqqında qarşılıqlı pakt imzalamağa dəvət edib ki, bu da diqqət çəkir. 

Bu o deməkdir ki, İrəvan sülh müqaviləsinin imzalanmasını bir neçə il yubatmaq istəyir. O səbəbdən də bu kimi təkliflərlə çıxış edir. 

Molotov-Ribbentrop paktı (rəsmi adı ilə Almaniya və Sovet Sosialist Respublikaları İttifaqı arasında hücum etməmə müqaviləsi) 23 avqust 1939-cu ildə xarici işlər nazirləri İohim fon Ribbertrop və Vyaçeslav Molotov arasında Moskvada imzalanıb. Paktın maddələrinə əsasən, tərəflərə sülh zəmanəti verilirdi və heç bir hökumətin öz müttəfiqi olsa belə, digər hökumətin düşməninə yardım etməyəcəyini elan edirdi. Pakt 1941-ci ilin 22 iyununda, Almaniyanın Barbarossa əməliyyatı ilə Sovet İttifaqına hücum etməsi ilə qüvvədən düşdü. 

Ribbentrop 1945-ci il 16 iyunda Hamburq yaxınlığında həbs edilib. Nürnberq Məhkəməsində qəsdən müharibə törətmək, müharibə və insanlığa qarşı suçlara görə məhkum edildi. 16 oktyabr 1946-cı ildə asılaraq edam edilən ilk alman siyasətçi oldu. "Hücum etməmək paktı" təklifinin pərdəarxasında Ermənistanın hansı niyyəti dayanır?
 
Elşən Musayev: Azərbaycan gəncliyi Vətən müharibəsində öz vəzifəsini şərəflə yerinə yetirib
 Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev hesab edir ki, bu ideya erməni baş nazirin beyninin məhsulu deyil: "Paşinyanın növbəti dəfə qeyri-ciddi təkliflə çıxış etməsi və ortalığa "pakt" mövzusunu atması onun təsdiqidir ki, bu adam sözün gerçək anlamında hərdəmxəyaldır, tapşırıq icra edir, kiminsə ağzı ilə danışır. Çox güman ki, ideya Avropadan gəlib. Məqsəd də budur ki, guya Ermənistanın heç bir hərbi münaqişə fikrində olmaması barədə görüntü yaradılsın. 

Necə yəni silahlı hücum etməmək barədə razılığa gələk? Və ya, görəsən, bunu Paşinyan hansı məntiqə, indiyə qədər yaratdığı hansı etimada söykənərək söyləyir? Bu adam ikitərəfli, üçtərəfli razılaşmalara əməl etdimi ki, hələ bunun ardınca bir də pakt imzalayaq? Zəngəzur dəhlizi ilə bağlı dilindən çıxan sözü tutdumu ki, onun ciddiliyinə inanaq?

Paşinyan bir məqamı heç cür dərk edə bilmir ki, qarşısındakı kimdir və onunla belə bəsit fəndlər keçməz. Xankəndidə üçrəngli bayrağımızın ucaldılması belə bu adamı ayıltmadı. Beynəlxalq müqavilələrin, (paktların) tərəfi dövlətlər və beynəlxalq təşkilatlar ola bilərlər. Hüquqi prosedurlar isə bütün hallarda 1969 və 1989-cu il Vyana konvensiyalarının tələblərinə uyğunlaşdırılır. Fəqət, burada çox ciddi bir məqam var: Pakt anlayışı fundamental mexanizm kimi meydana çıxdığı dövrdən və onu imzalamaq dövlətlərin universal hüquq qabiliyyətinə aid edildiyi andan bu günə qədər hələ ortalıqda bir tutarlı, bir sanballı nümunə olmayıb ki, onu presedent kimi göstərəsən, təqdim edəsən. Varsa da mülki məsələlərlə, əqd səviyyəsində olan razılaşmalarla bağlıdır.

Qarabağ mövzusu isə ciddi və geniş miqyaslı mövzudur. Burada söhbət yalnız və yalnız təməlli, detallı sülh müqaviləsindən gedə bilər. Vəssalam.

Ona görə də Paşinyan manipulyasiya məqsədli təkliflər verməkdən çəkinməli, mövzu barəsində daha ciddi düşünməlidir. Düşünməli və gecindən də olsa anlamalıdır ki, zaman uzatmaqla, onun-bunun ağzı ilə danışmaqla, günbəgün makronlaşmaqla nəyəsə nail olmaq mümkün deyil".  
 
Əli Orucov:
 
Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Paşinyanın sülhdən yayınmaq üçün ən müxtəlif yollara əl atdığını söylədi: "Ermənistanın baş naziri Nikol Paşinyan üzərinə götürdüyü öhdəliklərdən, o cümlədən beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlarda olan öhdəliklər də daxil olmaqla, həmçinin sülh sazişini imzalamaqdan yayınmaq üçün hər dəfə müxtəlif təkliflər irəli sürür. Məqsəd necə olursa-olsun Bakını sülh prosesini pozmaqda ittiham etmək, dünya ictimaiyyətinin qınağına çəkmək və qisas almaq üçün münasib vaxtın yetişməsini gözləməkdir. Təəssüflər olsun ki, Qərb Paşinyanın ikili oyunlarına, onun məsum və sülhpərvər roluna bəzən aldanır. Paşinyan öz ölkəsində silahlara nəzarət edə bilsəydi, 17 min "Kalaşnikov" avtomatı "it-bata” düşməzdi. Bu silahların harada olmasına və necə "it-bata” düşməsinə aydınlıq gətirilməsə, təhlükələrin sovuşmasından danışmaq sadəlövhlük olardı. Paşinyanın Bakıya göndərdiyi son təkliflərini qəbuledilməz hesab edirəm. Azərbaycan Ermənistan kimi məkrli və təcavüzkar, həmçinin da yaradıldığı gündən xəyanət yolu tutan, böyük güclərin istifadə alətinə çevrilən bir dövlətlə qonşudur. Ona görə də məcburdur ki, ayıq-sayıq və güclü olsun. Bu gün Ermənistan zəif durumda Azərbaycanın regional gücə çevrildiyinin, dünyanın ən müasir döyüş taktikasına və silahlarına sahib bir modern orduya malik olduğunun fərqindədir. Bakı ilə belə üstün pozisiyada masa arxasında oturmağı təbii ki, Paşinyan istəmir. Onun Fransa daxil bəzi Qərb havadarları da Azərbaycanın üstün balansını bərabərləşdirməyə gücü yetmədi. Mən isə düşünürəm ki, Azərbaycan üstün və qalib mövqeyindən heç nəyə məhəl qoymadan Ermənistanı danışıqlara məcbur etməli və şərtlərini diktə etməlidir. Heç kəsə sirr deyil ki, Ermənistan indiki reallıqlarda Bakı ilə sülh sazişi imzalamayacaq. Paşinyanın da Ribbentrop rolunda çıxış etməsi mümkün deyil. Əvvəla qeyd edim ki, Ribbentrop - Molotov paktı faşist Almaniyası ilə SSRİ arasında Şərqi Avropanın öz aralarında bölünməsinı nəzərdə tuturdu. Həmin pakta əsasən, SSRİ Pribaltika, Finlandiya, Polşa, Ruminiya ərazilərinin bir hissəsini özünə ilhaq etdi. Faşist Almaniyası da eyni addımlar atdı. Bu akt imperialist güclərin dünyanın yenidən nüfuz dairələrinə bölüşdürülməsi və işğal siyasətini razlaşdıran cinayətkar bir akt idi. Azərbaycan SSRİ deyil və təcavüzkar siyasət yürütməyir. Xarici siyasətinin də ana xəttini sülh və təhlükəsizlik tutur. Azərbaycan heç yerə hücum etməyə hazırlaşmır. Baxmayaraq Qərbdə də ermənilərin bu yalanına inananlar var. Əksinə, Azərbaycan özünün Ermənistanın revanşist qüvvələrindən etibarlı müdafiəsini qurmalıdır.  Lakin bu heç də o anlam kəsb etməməlidir ki, sonsuza qədər Ermənistanla sülh barədə danışmalıdır, işğal altında qalan ərazilərini qaytarmamalıdır, milli maraqlarından imtina etməlidir. Azərbaycan Böyük Öndər Atatürkün "Yurdda sülh, cahanda sülh”  prinsipinə əsaslanmalıdır".

Xəbər lenti