Demokratiya adı ilə hakimiyyətə gələn diktator Paşinyan- VİDEO

Demokratiya adı ilə hakimiyyətə gələn diktator Paşinyan- VİDEO
Ermənistan baş naziri Nikol Paşinyan 2018-ci ildə küçə nümayişləri nəticəsində demokratiya yaratmaq adı ilə ölkə rəhbərliyinə gəldi. Ancaq maraqlısı budur ki, elə Ermənistan tarixində diktator üsulu ilə həbslər və təzyiqlərin ən çoxu da məhz Paşinyanın hakimiyyəti dövrünə təsadüf edir. 

2018-ci ildə küçə nümayişləri ilə hakimiyyətə gələn Nikol Paşinyan həm aksiyalarda, həm də baş nazir seçiləndən sonra verdiyi açıqlamalarda Ermənistanda demokratik sistem qurmaq üçün çalışacağını bəyan edirdi. Ancaq hakimiyyətdə öz kreslosunu bərkitdikdən sonra bütün bu vədlərinin boş olduğu üzə çıxdı.

Paşinyan ilk olaraq siyasi rəqibləri olan Sarkisyan və Köçəryana qarşı ciddi mübarizəyə başladı. Onların öz hakimiyyətinə təhlükə törətməmələri üçün Paşinyan eks-prezident Robert Köçəryanın 2008-ci ildə nümayişçilərə qarşı baş verən aksiyada həddən artıq güc tətbiq etməkdə günahlandıraraq 2018-ci ilin iyulun 27-də həbsinə nail oldu. Ermənistan tarixində ilk dəfə idi ki, Paşinyanın vaxtında ölkənin sabiq prezidenti həbs olunurdu. Millət vəkili Arzu Nağıyev deyir ki, Paşinyan diktator idarə üsulu baxımından mahiyyət etibarilə öncəkilərdən heç nə ilə fərqlənmədi.

Köçəryandan sonra isə növbə Ermənistanda köhnə hakimiyyətin əsas dəstəkçilərindən olan Konstitusiya Məhkəməsinin tərkibini yeniləmək idi. Bir müddət davam edən Ermənistan baş naziri ilə konstitusiya məhkəməsi arasındakı konflikt də Paşinyanın qələbəsi ilə nəticələndi. 2020-ci il iyunun 26-da Ermənistan parlamenti konstitusiya məhkəməsinin hakimlərinin səlahiyyətlərini ləğv etdi. Bununla da parlament məhkəmə hakimiyyətinə müdaxilə etməklə əslində qanunun yox, Paşinyanın diktator istəklərinin icraçısına çevrildi. 

Nikol Paşinyanın diktator mahiyyəti Qazaxıstan hadisələrində də özünü göstərdi. Arzu Nağıyev deyir ki, Paşinyanın Qazaxıstan hadisələrində xüsusi canfəşanlıq göstərməsi onun əsl xarakterini ortaya qoydu.

Bundan başqa, hökumətin yarıtmaz siyasətini sosial şəbəkələrdə tənqid edənlərin həbs edilməsi də Paşinyanın demokratiya bəyanatlarının yalan vədlərdən başqa bir şey olmadığının göstəricisi idi. Təsadüfi deyil ki, "freedom house" beynəlxalq təşkilatı Paşinyan hakimiyyətini insan hüquqlarını pozmaqda ittiham edən bəyanat yaydı. Bir vaxtlar Paşinyanın özünün açıqlamalarına istinad etdiyi təşkilatlar belə indi Ermənistanda acınacaqlı insan hüquqları ilə bağlı həyəcan təbili çalırlar. Bu isə Paşinyanın ölkəni demokratiya yox, populizmlə, diktatorluq alətləri ilə idarə etdiyinin təkcə öz ölkəsində deyil, eyni zamanda beynəlxalq aləmdə də geniş yayılmış bir gerçək olduğunun sübutudur./xezerxeber.az


 


Xəbər lenti