Xainlərin məkrli planları qarşısında dayanan “gözəgörünməzlər” — Anar Yusifoğlu yazır…

Xainlərin məkrli planları qarşısında dayanan “gözəgörünməzlər” — Anar Yusifoğlu yazır…
İran və Ermənistanın casus şəbəkəsini ifşa edərək zərərsizləşdirmək qalib ölkə üçün, onun təhlükəsizlik orqanları üçün təkcə missiya deyil... 

Xüsusi xidmət orqanlarının ölkəmizin milli maraqlarını təhdid edən, konstitusion dövlət quruluşumuza, milli dövlətçilik ənənələrimizə, strateji hədəflərimizə qarşı savaş açan qüvvələr və onların casus şəbəkələri ilə mübarizədə nümayiş etdirdiyi yüksək peşəkarlıq istiqlal məfkurəmizə bağlı olan hər kəsi qürurlandırır. 

Bu gün dünyada və regionda baş verən prosesləri diqqətlə izləyən, üzərimizə yönəlmiş xain hücumların mahiyyətini anlayan, bəzən hətta mübaliğəli, gəlişigözəl ifadələrin arxasındakı məkr və hiyləni sezə bilənlər tarix boyu mövcud olduğumuz böyük bir coğrafiyada dik ayaq üstə qalmanın nə qədər çətin olduğunu, qənaətimə görə, yaxşı başa düşürlər. 

Azərbaycan təkcə maraqların deyil, həmçinin milli varlığımıza, inkişafımıza qənim kəsilən, yüksək bəşəri dəyərləri belə öz miskin siyasətlərinə asanlıqla alət etməyi bacaran ikiüzlü, riyakar iştahların meydan suladığı bir bölgədə usanmadan öz böyük hədəflərinə doğru inamla addımlayır. Yürüməkdə olduğumuz bu yolda milli iradəmizi ifadə edənlərin qətiyyəti maneə tanımadığı kimi, xainlərin hiylələri, məkrli planları da sərhəd tanımır. Belə bir həssas, bölgənin və bütövlükdə Türk Dünyasının gələcəyi üçün tarixi əhəmiyyət daşıyan zaman kəsiyində bitib-tükənməyən hiylə və xəyanətləriylə marığda duranlara qarşı tətikdə dayananlarımız – görünməyən, gizli qəhrəmanlarımız var. Və nə yaxşı ki, var! 

Dünya gözümüzün önündəcə ildırım sürətiylə dəyişir. Yaşadığımız həssas bölgədəki ənənəvi, klassik gerçəkliklərə dəyişməkdə olan geosiyasi reallıqların çeşidli motivləri və cizgiləri də əlavə olunur. Çağırışlar və təhdidlər artır, daha mürəkkəb, daha ziddiyyətli xarakter alır. Xeyri şərdən, doğrunu yalandan, dostu düşməndən seçmək çətinləşir və bütün bu, az qala an etibarilə dəyişən, görünən və görünməyən reallıqların fonunda işıqla qaranlıq arasında seçim etmək üçün daha yüksək peşəkarlıq, daha böyük bacarıq, haqqı nahaqdan ayırmaq məharəti tələb olunur. Dostla düşmən, haqla nahaq arasındakı iynə ucu məsafənin görünməz olduğu bu zaman kəsiyində haradan gələcəyi bəlli olmayan təhdidlərin qarşısına sədd çəkməyin isə zamanı, vaxtı olmur – gecə-gündüz, səhər-axşam işininin başında olmalısan...

İndi müxtəlif maraqların gölgəsində daldalananlarla, fitrətdən kölgə olanlarla üzərinə kölgə salınanların arasındakı fərqi sezmək üçün bəsirət gözünün işığına sığınmalısan. Bu qədər çətindir yəni milli maraqların keşiyində dayanıb təhdidlərin qarşısında olmaq. Bu missiyanın şərəfini üzərinə götürənlər Vətən çəkisində müqəddəs borc daşıyır. 
 
Anar Yusifoğlu

Xəbər lenti