“Vətən cəfakeşi”, yoxsa anti-azərbaycançı mərkəzlərin xidmətçisi?

“Vətən cəfakeşi”, yoxsa  anti-azərbaycançı mərkəzlərin xidmətçisi?


Azərbaycanda radikal müxalifətin dünyadakı anti-azərbaycançı mərkəzlərə xidmət etməsi, ermənipərəst dairələrin əində alət olması yeni məsələ deyil. Zaman-zaman bu haqda məlumatlar yayılıb, faktlar ortaya çıxıb. Məsələ burasındadır ki, onlar "vətən cəfakeşi” və "millət təəssübkeşi” libasına bürünərək, xaricdəki ağalarının tapşırıqlarını yerinə yetirirlər.
Belələrindən biri də Qubad İbadoğludur. Məlumdur ki, Qubad İbadoğlu bu yaxınlarda həbs olunub. Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanılıb. Daha sonra Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qubad İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.
Qubad İbadoğlu ilə bağlı səsləndirilən bu ittihamlar heç kimə təəccüblü görünməməlidir. Bu adamın yaxın keçmişdə fəaliyyəti, xaricdəki anti-azərbaycançı mərkəzlərlə əlaqəsi ittihamların tamamilə doğru olduğunu təsdiqləyir. İlk növbədə, Q.İbadoğlu Azərbaycan cəmiyyətində tez-tez siyasi əqidəsini dəyişən şəxs kimi tanınır. Belə ki, Qubad İbadoğlu vaxtilə AMİP-də təmsil olunub. Daha sonra o, uzun müddət ərzində Müsavat Partiyasının Divan üzvü olub. Həmin partiyada liderlik ambisiyalarını təmin edə bilmədiyi üçün partiyadan uzaqlaşıb və "Azərbaycan Demokratiya və Rifah” partiyası adlanan qeyri-legitim bir "siyasi köşk” yaradıb. Şəxsi maraqlar naminə partiyanı, silahdaşlarını və ideologiyanı rahat dəyişdirən siyasətçiyə etibar etmək olmaz. Bu cür siyasətçilər üçün sadiqlik ən sonuncu əxlaq meyarıdır.
İbadoğlu özünə partiya yaratsa da, öz yolunu müəyyən edə bilmədi. Vaxtilə hərəkat kimi yaradılmış ADR daha sonra partiyaya çevrilmiş, lakin dövlət qeydiyyatına alınmamışdı. 2023-cü ilin yanvar ayında ADR partiyanın icra orqanlarının və təyinatlı rəhbər şəxslərinin fəaliyyətinə xitam vermiş, "hərəkat” olaraq fəaliyyətini davam etdirəcəyini bildirmişdi.  Lakin cari ilin 7 may tarixində "ADR” tərəfindən iclas keçirilərək qurumun yenidən partiya olaraq fəaliyyət göstərməsi üçün zəruri tədbirlərin görülməsi qərara alınmışdı. Diqqət yetirək: nə qədər dəyişkənlik görürük? Siyasi dəyişkənlik isə heç kimə uğur gətirə bilməz.
Ona görə də, Q.İbadoğlunun təşkilatında qısa zamanda kütləvi istefalar baş verdi. Bu istefalar onun təşkilat rəhbəri kimi səvatsız olması ilə yanaşı, yalnız şəxsi maraqları üçün çalışdığını isbatladı.
Bu səbəbdən Azərbaycan cəmiyyətində özünü "ciddi siyasi fiqur” kimi təqdim etməyə çalışan İbadoğlu, əksinə hər addımında qeyri-ciddiliyi ilə diqqəti cəlb etdi. Qubad İbadoğlunun "ciddi siyasi” fiqur obrazının cəmiyyət tərəfindən qəbul olunmaması, partiya ilə bağlı ifşaedici faktların yayılması və ADRP-dən qalmaqallı istefaların baş verməsi nəticəsində onun ciddi "siyasi fiqur” obrazı puç oldu. Bu səbəbdən də o, təxribat və təhrik xarakterli addımlar atmağa başladı.
Bu addımlar isə nə qədər acı olsa da, Azərbaycanın düşmənləri ilə onun dostluğunu özündə ehtiva edir. Anti-azərbaycançı mərkəzlərə xidmət etməyə başlamasından sonra İbadoğlunun "ulduzu” parlamağa başladı. Belə ki, o, xarici təşkilatlar tərəfindən ayrılan qrant müsabiqələrinin hər zaman "növbətçi” qalibi oldu. Onun xaricdə təhsil alması da məhz bu əlaqələrin sayəsində baş tutmuşdu. Əlbəttə ki, bu "qalibiyyətlərə” minnətdar olan Qubad İbadoğlu hər zaman həmin təşkilatlara olan sadiqliyi nümayiş etdirdi.
Qrant pullarının birgə bölüşməsində iştirak edən qurumların bu gün Qubad İbadoğlunun həbsi səbəbindən narahatçılığı da təbii və aydındır. Daim Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və ermənipərəst olan Human Rights Watch təşkilatının bəyanatı sadəcə siyasi spekulyasiya və manipulyasiya cəhdidir. Amma bütün bunların hamısı əbəsdir. Bu gün Azərbaycan dövləti 1990-cı illərin səviyyəsində deyil ki, kimlərsə onunla diqtə dilində danışsın. Azərbaycan güclü dövlətdir və dövlətimizin gücü də qanunun aliliyindədir. Q.İbadoğlu da qanun qarşısında cavab verəcək!

Ramil Həsən
Milli Məclisin deputatı

Xəbər lenti