Təhlükəsizlik Şurası katibinin müavinindən sensasion Qarabağ bəyanatı

Təhlükəsizlik Şurası katibinin müavinindən sensasion Qarabağ bəyanatı
Rusiya münaqişənin alovlanmasında və müharibəyə keçməsində ciddi rolu olduğunu üzərindən atmağa çalışır?

"Qarabağ münaqişəsi Vaşinqtona sərfəli idi”. Bunu "Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev deyib. Onun sözlərinə görə, bu münaqişə çoxdan, sovet dövründən formalaşıb.

"Və bu, qonşu ölkələrin davamlı həyatına xələl gətirən münaqişələrin qızışdırılmasında maraqlı olan Vaşinqton üçün çox faydalı idi. Bu məsələnin həllində Rusiyadan başqa heç kim maraqlı deyildi. Moskva vasitəsilə Azərbaycan və Ermənistan atəşi tamamilə dayandırmaq, əsirləri və ölənlərin cəsədlərini dəyişdirmək barədə razılığa gəliblər. Bundan əlavə, təmas xətti boyunca Rusiya sülhməramlıları da yerləşdirilib. Beləliklə, Ermənistan və Azərbaycan arasında atəşkəs əldə olunmasında uğurlu vasitəçilikdən sonra Moskva Cənubi Qafqazda sülhməramlı mövcudluğunu gücləndirdi. Bu gün Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına şərait yaratmaq üçün fəal işləyir”, - deyə Nurqaliyev qeyd edib.

Rusiya Təhlükəsizlik Şurası katibi müavininin bəyanatında həqiqət yükü nə qədərdir? SSRİ-nın dağılmasında əsas faktorlardan biri olan Qarabağ münaqişəsinin alovlanmasında ABŞ-ın doğrudan heç bir rolu yox idimi? Qarabağ hadisələrinin arxasında əvvəldən də Qərbdəki erməni lobbisinin dəstəyi böyük idi, Nurqaliyev bunlarımı nəzərdə tutur?  Yoxsa Rusiya münaqişənin alovlanmasında və müharibəyə keçməsində ciddi rolu olduğunu üzərindən atmağa çalışır?
 
Elşən Musayev: Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist qərarını alqışlayır -
Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Azərbaycanın öz gücünə nəticələr əldə etməsinə daha çox işarə vurdu: "Bilirsiniz, Qarabağ mövzusu ilə bağlı və xüsusən də sülh danışıqlarına yönəlik həlledici mərhələdə kənar dövlətlərin bir-birini ittiham etməsi, ya da birinin digərinə irad formasında fikir bildirməsi bəlkə də kənardan qeyri-adi, əlahiddə hal kimi görünməyə bilər. Ələlxüsus da geosiyasi,  regional maraqlar kontekstində. Üstəlik, Nurqaliyevin ifadələrində həqiqət payının olub-olmaması ilə də bağlı geniş müzakirə açmaq mümkündür. Amma məsələ burasındadır ki, 30 il boyunca hər iki dövlət münaqişənin son etapa - müharibə fazasına girməməsi üçün imkan və rıçaqlara sahib idilər. Ən azından BMT qətnamələri orada idi, ATƏT-in Minsk Qrupunda ümumi təmsilçilik var idi və sair. Nəsə edildimi? Daha dəqiqi, nəsə təsirli bir addım atıldımı? Atılmadı. Nə beynəlxalq hüququn səsi eşidildi, nə də diplomatiyanın əsas məramı nəzərə alındı. Əksinə, hər şey görməzdən keçildi və nəhayətində Azərbaycan dövləti BMT-nin qətnamələrini də, Minsk Qrupunun funksiyalarını da özü təkbaşına icra etməyə məcbur qaldı. Bu söylədiklərim və ümumi gedişat isə onun göstəricisidir ki, Qarabağ münaqişəsinin həllində və torpaqların işğaldan azad edilməsində Azərbaycanın özündən savayı eynən bizim kimi, sadəcə, Türkiyə maraqlı olub. Bəli, bəlkə də hansısa məqamda kənar dövlətlərin epizodik rolunu qeyd etmək olar. Amma bir daha altını çizərək qeyd etmək istəyirəm: Qlobal sferada və anlamda bütün yük öz üzərimizə düşdü, nəticəni özümüz öz gücümüzə əldə etdik və uğura doğru getdiyimiz yolda əsasən Türkiyə dövlətinin, eyni zamanda pakistanlı qardaşlarımızın verdiyi siyasi və mənəvi dəstək bizlər üçün olduqca əhəmiyyətli və dəyərli idi.

İndiki mərhələdə isə düşünürəm ki, kənar dövlətlərin əsas funksiyası bir-birini ittiham etmək yox, daha çox ümumi işə, sülh müqaviləsinin tezləşməsinə, regionda sülhün tamamən və sabit formada təşəkkül tapmasına yardım etmək olmalıdır. Yəni həqiqətən sülh və sabitliyə töhfə vermək istəyirsənsə, buyur, hələ gec deyil. Fürsət və imkan hər zaman var".
Əziz Əlibəyli: Bu qarşıdurmanın davam etməsində Rusiya ona görə maraqlı idi ki...
Əziz Əlibəyli 

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hər iki tərəfin maraqlarını təmin etmək istəyinin davam etdiyini qeyd etdi: "Qarabağ münaqişəsinin başlamasına erməni tərəfi 80-ci illərin əvvəllərindən hazırlıq işləri görmüşdü. Yəni yalnız SSRİ rəhbərliyində təmsil olunan ermənilərlə bağlı  deyildi. Çünki bütövlükdə silahlanma və maliyyə bazasını, o cümlədən ideoloji bazanı Qərb dairələri hazırlamışdı. Hazırkı ABŞ prezidenti Co Baydenin də yer aldığı siyasi düşərgənin iştirakı ilə SSRİ-də milli və etnik münaqişə ocaqlarının, o cümlədən Qarabağda münaqişənin yaradılması üçün ciddi hazırlıqlar həyata keçirmişdilər. Bundan sonrakı dönəmdə həm ABŞ, həm də Rusiya Qarabağ məsələsində 30 il ərzində öz maraqlarını güdərək siyasət həyata keçirdilər. Onların maraqlarını Azərbaycan uzlaşdırmaq məcburiyyətində qalmışdı, yəni ATƏT Minsk Qrupunun yaradılmasına öz növbəsində icazə verməyə məcbur olmuşdu. Baxın, bu məsələ göstərir ki, Qafqazla bağlı həm Rusiya, həm də ABŞ-ın münaqişədən istifadə edərək öz maraqlarını təmin etmək məqsədləri olub. Sadəcə, bu münaqişənin üzərində monopoliya məsələsi meydana çıxdı, xüsusilə 2001-ci il hadisələrindən, yəni Rusiyanın burada güclənməsindən və artıq münaqişələrdən onun əleyhinə istifadə edilməsi layihəsi ilə tanış olandan sonra dövlətlərlə birbaşa təmasa girmək siyasətinə üstünlük verdi. Əlbəttə, İkinci  Qarabağ savaşında münaqişənin həlli üçün Rusiya müəyyən qədər rol oynadı. Bu, danışıqlar prosesində, formatın müəyyən edilməsində, sülhməramlıların yerləşdirilməsində özünü göstərdi. Bir mənada münaqişədən digər dövlətlərin istifadə etməsinin qarşısını aldı. Müharibədən tərəflərin istifadə etməsi  həqiqətdir. 30 il ərzində münaqişənin həllində maraqlı olmadıqlarını açıq şəkildə gördük. Müharibədən sonra proseslərə nəzarət etmək üçün tərəflər yenə də diplomatik savaş aparır”.
Rusiya açıq şəkildə Qarabağda anti-Azərbaycan siyasətini davam etdirir
Məhəmməd Əsədullazadə 

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bu fikirlərin yalan olduğunu söylədi: "Rusiya rəsmisi bu qeydləri əsasən ABŞ və Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında normallaşma prosesində fəallığının artmasi fonunda qeyd edir. İlk növbədə, Nurqaliyev tarixi təhrif edir və Rusiyanın heç bir rolunun olmadığını vurğulayır. ABŞ prosesdə rol oynamayıb və konkret olaraq prosesi Rusiya körükləyib. Sadəcə, ABŞ-da erməni lobbisi rol oynayıb və keçmiş SSRİ rəhbəri M. Qorbaçova maliyyə dəstəyi veriblər. Qeyd edim ki, 30 il ərzində Rusiya konfliktin davam etməsində maraqlı olub. Məhz 2020-ci il müharibəsində, sadəcə, geosiyasi şərtlərlə barışmaq məcburiyyətində qaldı. Hazırda da Rusiya Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mane olur. Əldə olunan razılaşmaların yerinə yetirilməməsi üçün Ermənistana təzyiq edir. Bu gün Kreml Brüsselin vasitəçiliyinə qarşıdır və bu müsahibədə guya Avropa İttifaqı münaqişənin davam etməsində rol oynayır kimi görüntü yaratma cəhdləri var. Əvəzində Rusiya sülhə dəstək verir kimi cəfəng fikirlər irəli sürür. Biz fikir versək görürük ki, Brüsseldə əldə edilən razılaşmalar Paşinyan Moskvaya çağırılanda pozulur. Ona görə də Rəşid Nurqaliyevin bu açıqlaması Rusiyanı sülh göyərçini kimi göstərmək, və Qərbi isə münaqişə yaradan tərəf kimi təqdim etmək məqsədi daşıyır. Azərbaycan xalqı bütün reallıqları yaxşı bilir və onun dedikləri yalan maşınıdır”./"Yeni Müsavat”

Xəbər lenti