Şuşasız 28 il: Xəyanət, qeyri-bərabər döyüş və hiylə

Şuşasız 28 il: Xəyanət, qeyri-bərabər döyüş və hiylə

8 may planetin hansı hissəsində yaşamasından asılı olmayaraq, azərbaycanlılar üçün milli faciə - işğal günüdür. Bu gün bu faciəli hadisənin 28-ci ili tamam olur. Əslində, ötən müddətdə Dağlıq Qarabağın mərkəzində yerləşən, tarixi Qarabağ xanlığının siyasi, Azərbaycanın isə musiqi, mədəniyyət paytaxtı, yer üzünün cənnəti olan bu kiçik şəhərin necə, kimin günahı, cinayəti ucbatından itirildiyi dəfələrlə müzakirə olunub, yazılıb, canlı debatlar, məhkəmə proseslərinin mövzusu olub. Deyiləcək yeni bir söz yoxdur.

Əlimizdə qalan işğalın acı statistikasıdır. Şuşada dağıdılıb talan edilən 279 dini, tarixi-mədəniyyət abidəsi, o cümlədən Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, eləcə də 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, səkkiz mədəniyyət evi, dörd texnikum, iki institut filialı, yeddi uşaq bağçası, dörd kinoteatr, beş mədəniyyət və istirahət parkı, iki sanatoriya, turist bazası, iki mehmanxana, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi olub. 

Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və sair abidələr Şuşada itirdiyimiz maddi-mədəniyyət xəzinələridir.