Şuşanı məişət tullantılarından təmizləyəcək qurum müəyyənləşdi - SƏRƏNCAM

Şuşanı məişət tullantılarından təmizləyəcək qurum müəyyənləşdi - SƏRƏNCAM
Məişət tullantıları ilə bağlı idarəetmə sahəsində bəzi məsələlərin tənzimlənməsi və "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli sərəncamında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılmasını, daşınmasını, yerləşdirilməsini və zərərsizləşdirilməsini "Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək. 

Qeyd edək ki, Azərbaycan Respublikasında yaşayış məntəqələrinin abadlaşdırılması və ətraf mühitin qorunması dayanıqlı inkişaf prinsiplərinə əsaslanan müasir üsullarla təmin edilir. Bu çərçivədə tətbiq edilən tullantıların idarə edilməsi sistemi ətraf mühitin mühafizəsi standartlarına uyğun olmaqla, şəhərlərin ekologiyasının yaxşılaşmasına əhəmiyyətli təsir göstərir.

Ölkədə ekoloji tarazlığın mühafizəsi məqsədilə tullantıların idarə edilməsi sahəsində formalaşmış təcrübənin digər ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində reallaşdırılması atmosferə və ətraf mühitə mənfi təsirlərin azaldılması, resurslardan davamlı istifadə, habelə müasir ekoloji idarəetmə sisteminin inkişafı üçün geniş imkanlar yaradar.

Xəbər lenti