Şuşa Bəyannaməsi iki qardaş ölkənin maraqlarının qorunması üçün çox ciddi bir addımdır - Deputat

Şuşa Bəyannaməsi iki qardaş ölkənin maraqlarının qorunması üçün çox ciddi bir addımdır - Deputat
Qars müqaviləsindən düz 100 il sonra iki qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi həm siyasi, həm də tarixi baxımdan olduqca böyük əhəmiyyət, məna kəsb edir. Eyni zamanda məlum Bəyannamə hər iki ölkənin maraqlarının qorunması və imkanların birləşdirilməsi istiqamətində atılan çox ciddi bir addım kimi səciyyələndirilməlidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin söylədiyi: "Bir millət, iki dövlət”- şüarı, Böyük Atatürkün dilindən səslənən "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”- kəlməsi bir daha öz təsdiqini tapdı və bu böyük hadisə, tarixi məqam iki qardaş dövlətin münasibətlərinin gələcək inkişafında da çox mühüm rol oynayacaq:

"Şuşa Bəyannaməsi həm də müştərək maraq kəsb edən regional və beynəlxalq fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi baxımından da çox əhəmiyyətlidir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə tarixinin qızıl səhifəsidir. Şuşa Bəyannaməsi böyük qələbələrin davamıdır. Şuşa Bəyannaməsi strateji bir yoldur, bölgədə sabitliyin təminatına yönəlik bir addımdır, Azərbaycan-Türkiyə qardaşlığının növbəti rəmzidir.

2-ci Qarabağ müharibəsində qardaş Türkiyə bizi tək qoymadı. Həm siyasi, həm də mənəvi baxımdan Azərbaycana maksimum dəstək verdi. Həmin anlarda Türk qardaşlarımızın qəlbi bizimlə eyni döyündü, onlar bizimlə eyni sevindi, Qarabağın işğaldan azad olunmasını eyni həyəcan və xoşbəxtliklə qarşıladı. Biz bu gün də bərabərik. Çox şükür və nə xoş ki, bərabərik".

E.Musayev qeyd edib ki, bugünkü tarixi hadisə dostların sevindiyi, düşmənlərin isə məhv olduğu gündür: "Azərbaycan-Türkiyə müttəfiqliyi, dostluğu, qardaşlığı həqiqətən möhtəşəmdir. İki dövlət rəhbərinin, iki nəhəng dövlət xadiminin Şuşadan verdikləri bəyanatlar, mesajlar, söylədikləri fikirlər hazırda bütün dünyanın diqqət mərkəzindədir. Həmin bəyənatların, fikirlərin əsas məğzi və qayəsi isə budur: Azərbaycan-Türkiyə qardaşlığı daimi olacaq. Bizim bərabərliyimiz əbədidir. "Bir millət, iki dövlət” - şüarı tarix və dünya var olduqca öz aktuallığını qoruyub saxlayacaq".
Şuşa Bəyannaməsi iki qardaş ölkənin maraqlarının qorunması üçün çox ciddi bir addımdır - Deputat - Gallery Image

Xəbər lenti