Qızıl Aypara Cəmiyyəti humanitar yükləri erməni sakinlərə daha səmərəli çatdıra bilər - Deputat

Qızıl Aypara Cəmiyyəti humanitar yükləri erməni sakinlərə daha səmərəli çatdıra bilər - Deputat
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bəyanatı, təşəbbüsü olduqca təqdirəlayiqdir və heç şübhə etmirəm ki, onların görə biləcəyi işlərin miqyası da yetərincə böyük ola bilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

O bildirib ki, zatən bu təşkilat post-müharibə dövründə və ondan əvvəlki dönəmdə faydalı fəaliyyəti ilə yadda qalıb.

"Humanitar məsələlərlə məşğul olmaq isə birbaşa təyinatlarıdır. Bu səbəbdən sadə məntiq dövriyyəyə girir: Niyə kimsə kənardan gəlib həmin işi icra etsin ki? Elə özümüzünkü var.

Beynəlxalq səviyyədə bu işlərə müdaxilə onsuz da həmişə əks-effekt yaradıb. Özü də təkcə əks-effekt yox, həm də ciddi narazılıq. Çünki zaman-zaman cızıqdan, xətdən, məlum təyinatdan çıxıblar. Biz öz missiyasını dərk etməyənlərin, humanitar yardım adı altında erməniyə silah daşıyanların, beynəlxalq emblemlə möhürlənmiş maşınlarda müharibə ləvazimatları aparanların kimliyinə yaxşı bələdik. Ona görə davamlı şəkildə deyirik ki, ikibaşlı oyun oynayan bəzi beynəlxalq qurumlar belə həssas mövzulardan kənarda saxlanılmalıdır”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bəyanatı həm də ona görə əhəmiyyətlidir ki, bu bəyanatdan sonra ermənilərin danışmaq üçün sözü qalmayacaq.

"Arqumentləri onsuz da yox idi, bundan sonra heç olmayacaq. Yəni dərdin humanitar dərddirsə, yardım etməyə hazırıq. Bir daha təkrar edirəm. Gözəl təşəbbüsdür və erməniləri fakt qarşısında qoyan bir addımdır”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar yüklərin erməni sakinlərə çatdırılmasına dəstək olmağa hazır olduğunu bəyan edib.

Xəbər lenti