Qənirə Paşayeva: "Paşinyan “axırıncı yol”a əl atıb"

Qənirə Paşayeva:

"Dövlət başçısının qlobal pandemiya dönəmində ölkə həyatının canlı tutulması, bölgələrin inkişafı, ümumilikdə, respublika miqyasında əhalinin qayğılarının öyrənilməsi və problemlərin həlli istiqamətində atılan addımlar öz unikallığı ilə seçilir”.

 

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.


O bildirib ki, ötən aylar ərzində ölkə Prezidentinin səfər etdiyi rayonlar, açılış olan mülki və hərbi obyektlər, yeni müəssisələr və Prezidentin çıxışlarında verilən ismarışlar bunu deməyə əsas verir:
 

"Bölgələrin inkişafı, eyni zamanda qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Bunun üçün Prezident İlham Əliyev həm müvafiq göstərişlər verir, həm də Sərəncamlar imzalayır. Şimal-qərb rayonlarına səfərsonrası da yeni Sərəncamlar verildi. Bu Sərəncamlar çərçivəsində görüləcək işlər bölgələrimizə yeni nəfəs verəcək, yeni imkanlar qazandıracaq, yeni üfüqlər cızacaq.
 

Artıq rayonlarda sosial-iqtisadi sahədə yaxşı inkişaf var. Bir çox sosial obyektlər inşa edilib. Layihələrin bir çoxu, o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı xətti ilə icra olunur və hər il bu proqrama əlavələr edilir. Məhz məhz Dövlət Proqramlı icraatlar bir başqa məsuliyyət, bəlli vaxt və interval tanıyır. Ona görə də, görülmüş və görüləcək işlərin xarakteri, onların dövləti, xəlqi mahiyyət daşıdığını göstərməkdədir”.
 

Komitə sədri nəzərə çatdırıb ki, son vaxtlar ölkə gündəmində su təsərrüfatının problemləri özünəməxsus yerə sahibdir:
 

"Problemlər arasında içməli su məsələsi özəlliklə ciddi problemdən xəbər verməkdədir. Bu məsələ ilə bağlı artıq təkliflər hazırlanıb, müvafiq göstərişlər verilib. Prezident mövzunu sahəyə məsul dövlət qurumlarının qatıldığı video-müşavirədə geniş müzakirə etdi, konkret tapşırıqlar verdi, ardınca müvafiq Sərəncamlar imzaladı. Ölkənin su balansı, su təsərrüfatı, ümumən su problemləri və imkanları yenidən dizayn olunur, yeni tələblərə uyğun şəkillənir. 


Prezidentin yeni səfər etdiyi şimal-qərb bölgəsində ənənəsi olan fındıqçılığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə konkret addımlar atılır. Əsas məsələ vətəndaşın daha da firavan yaşaması, öz maddi durumunu yaxşılaşdırmasıdır. Öz maddi durumunu tam təmin edə bilməyən vətəndaşın köməyinə dövlət gəlir. 

Respublikada bu gün 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir. İlk ABAD-çılar da məhz Balakən rayonunun sakinləridir”.
 

Deputat vurğulayıb ki, Prezidentin Balakən səfəri zamanı verdiyi ismarışlar çoxşaxəli plana malikdir və qarşılıqlı güvəni, etibarı ifadə edir:
 

"Prezident nitqinin önəmli hissəsini məhz Ermənistana, Ermənistanın xəstə başbilənlərinin yanlış siyasətinə, torpaqlarımıza yeni hücum cəhdi və ordumuzun şücaətlərinə həsr etdi. Tovuzda aldığı zərbədən sonra Paşinyanın sanki siyasi sayıqlama "janrı”nda irəli sürdüyü "yeddi şərt”ə veriləcək cavab hamımız üçün maraqlıydı. Ölkə Prezidentinin buna cavabı hamı üçün qürur yeridir. 


Ermənistanın demokrat libaslı, amma terrorçu zehniyyətli baş nazirinin Azərbaycana qarşı irəli sürdüyü həyasız və səbatsız "şərt”lərdən biri odur ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Ermənistan özü belə bu qondarma "respublika”nı tanımır, tanıya bilmir, amma özü tanımağa cəsarət etmədiyi qondarma "respublika” ilə bizim tərəfmüqabil olmağımızı istəyir. Bu, onu göstərir ki, Paşinyan daxili auditoriyanın Tovuzsonrası qəzəb və qorxusunu yatışdırmaqçün "axırıncı yol”a əl atmağa məcbur olub. "7 şərt” bu qənaətə gəlməkçün əsaslar verir.  


"Belə bir "respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, "Dağlıq Qarabağ respublikası”nı özü tanısın. Erməni ictimaiyyəti, əsgər anaları, övladlarını haqsız savaşda, onlara aid olmayan torpaqlar uğrunda nəticəsiz döyüşlərdə itirmiş erməni valideynləri idrak etməlidir ki, yol birdir: Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır! Bu, beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələbidir”.(APA)

Xəbər lenti