Natiq Məmmədlinin “Sev” romanının imza günü olacaq

Natiq Məmmədlinin “Sev” romanının imza günü olacaq
 
7NEWS.az xəbər verir ki, oktyabrın 9-da saat 11:00-da Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Kitab Sərgisində yazıçı Natiq Məmmədlinin "Sev” romanın imza günü olacaq. İmza günü kitabın işıq üzü gördüyü "Mücrü” nəşriyyatının stendində keçiriləcəkdir. 
 
"Körpüdə ümid” romanından sonra "Sev” Natiq Məmmədlinin böyük janrda oxucularla növbəti görüşüdür. Müəllifin ayrı-ayrı vaxtlarda "Ləyaqət düsturu”, "Bekketə salam”, "Qəhrəmanım sənsən” kitabları işıq üzü görüb.  
 
"Sev” – məhəbbət romanıdır. Əsər günahları yalnız bir-birini sevmək olan, iki fərqli dinə məxsus gəncin məhəbbətləri yolunda mübarizəsindən, hiss və həyəcanlarından bəhs edir. Bu həm də əfsanəvi məhəbbət aşiqi Sarı Aşığın kitabıdır. Aşığın bərpa olunan gerçək dastanı əsərin ruhuna hopur. 
 
"Sev” özünün siyasi, fəlsəfi mesajları ilə ənənəvi sevgi romanı çərçivələrindən kənara çıxır. Hadisələr dünyanın müxtəlif yerlərində, fərqli zamanlarda cərəyan etsə də, sevənlər Odlar Yurduna doğru can atır. Müəllif əsərin epiqrafında onu başa düşməyin asan yolunu da göstərir – "Yalnız sevənlər anlar”... 
 
Qeyd edək ki, sərgiyə "Koroğlu” metro stansiyasından hər yarım saatdan bir, "Elmlər Akademiyası” stansiyasının yanından isə hər saatdan bir avtobuslar hərəkət edəcəklər. 
 
Oktyabrın 6-dan 10-dək Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Sərgi-yarmarkanın məqsədi kitab və mütaliəni təbliğ edərək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.
 
Kitab sərgi-yarmarkası Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Xəbər lenti