Müzəffər Ali Baş Komandan - Ramiz Göyüşov yazır

Müzəffər Ali Baş Komandan - Ramiz Göyüşov yazır
 
                44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbəmizdən bir ildən bir qədər çox vaxt keçir. Müharibədə bütün məsuliyyəti və vəzifələri öz üzərinə götürərək gecə-gündüz, istər döyüş meydanında, istər danışıqlar masası arxasında, istərsə də informasiya cəbhəsində misilsiz qəhrəmanlıq göstərən Ali Baş Komandan cənab İlham Əliyevin hər sözünü, hər kəlməsini, hər hərəkətini dövlətimizin və xalqımızın milli birliyinin, təhlükəsizliyinin, milli maraqlarının təmin edilməsi istiqamətindəki rolunu, qələbənin necə, nəyin bahasın əldə edildiyini və miqyasını indi daha dərindən dərk edirik. Cənab Prezidentimiz İlham Əliyevin istər müharibə dövründə, istərsə də müharibədən sonra müxtəlif tədbirlərdə, Qarabağa səfərləri zamanı verdiyi müjdələrini, bəyanatlarını, çıxışlarını, çağırışlarını yenidən dinlədikcə, təhlil etdikcə, onun həmin anlarda hansı hisslər keçirdiyini duyduqca bu möhtəşəm şəxsiyyətin nə qədər uca, nə qədər böyük şəxsiyyət olduğunu dönə-dönə təsdiq etməli olursan.                                            
           Təkcə özünün Prezidentlik fəaliyyəti dövründə cənab İlham Əliyev Azərbaycanımız üçün, onun tərəqqisi, inkişafı, beynəlxalq nüfuzu, xalqımızın həyat səviyyəsinin yaxşılaşması üçün çox işlər görüb. Lakin bu işlərin içində ən möhtəşəmi Ərazi bütövlüyümüzün bərpası, İşğal olunmuş torpaqlarımızın qaytarılmasıdır. Zaman keçəcək, illər ötəcək, İlham Əliyevin adı və əməlləri yüz illər, min illər, əbədiyyətəcən Qarabağla qoşa çəkiləcək, hallanacaq, bu müqəddəs işlə birbaşa bağlı olacaqdır.                          
          İndi, düşmən tərəfi ilə, vasitəçilərlə, böyük dövlətlərin rəhbərləri ilə aparılan danışıqların sirləri, detalları açıldıqca, aydınlaşdıqca, müxtəlif informasiya mənbələrinin Qarabağ problemi ilə bağlı məlumatları ilə tanış olduqca İlham Əliyevin bir vətəndaş kimi, bir azərbaycanlı kimi, Ümummilli liderimiz Heydər Əliyevin bir silahdaşı kimi, bir sərkərdə, bir siyasətçi və bir dövlət başçısı kimi müdrikliyi, üzaqgörənliyi, səbri, dönməzliyi, əzmkarlığı, yenilməzliyi, qətiyyəti qarşısında heyrətə gəlirsən. Onun xarakterinin bu çalarları qarşısında baş əyməli olursan.                                                                  
         Danışıqlar prosesinin İlham Əliyev dönəmində o, bu danışıqları tək aparırdı. Danışıqların vaxtını, gündəliyini, formatını təkbaşına müəyyənləşdirirdi. Ötən 17 il ərzində Amerika, Rusiya və Fransa kimi dövlətlərin həmsədr olduğu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda nə qədər təkliflər, həll variantları hazırlandı. Düşmən ölkədə 3 dəfə ölkənin rəhbəri dəyişdi, həmsədr ölkələri təmsil edən dövlətlərin prezidentləri, onların nümayəndələri bir neçə dəfə dəyişdi.            Dəyişməyən bir şey vardı. Azərbaycan Prezidenti İlham Əliyev və onun dəyişməz mövqeyi, dönməz iradəsi, yenilməz qətiyyəti.           Düşmən tərəfi nə qədər danışıqları pozsa da, status-kvonu uzatmağa çalışsa da, Azərbaycana qarşı yeni ərazi iddiaları niyyəti ilə təxribatlar törətsə də cənab İlham Əliyev dözmək həddinə, dözüm sərhədinə qədər dözdü və düşməni, onlara dəstək verən, havadarlıq edən qüvvələri dəfələrlə xəbərdar etdi. "Dayanın, durun” - dedi. Bu təxribatçıları, yaramazları "dayandırın” dedi. Lakin düşmən tərəfi nəticə çıxarmadı. Nəhayət onların növbəti təxribatının qarşısı qətiyyətlə alındı. Əsrə bərabər 44 günlük müharibədə Azərbaycanın Böyük və Müqəddəs qələbəsi təmin edildi. Bu qələbə nəticəsində müstəqilliyimiz də, ərazi bütövlüyümüz də təmin edildi. Qarabağın incisi Şuşa düşmən işğalından azad edildi. Status-kvo da, Dağlıq Qarabağın statusu da "gorbagor oldu» 
          Müharibədən sonra regionda yeni bir situasiya yaranıb. Bu situasiyada diqtə edən Azərbaycandır və Azərbaycan Prezidentidir.                       
          İndi Qarabağda böyük tikinti, bərpa və abadlıq işlərinə başlanıb. Bir müddət keçəcək Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. Bu işləri müəyyənləşdirən və onlara birbaşa nəzarət edən də cənab Ali Baş Komandan İlham Əliyevdir.                                                                                  
          Zaman keçəcək, 30 illik mübarizəni, danışıqlar prosesini, müharibə dəhşətlərini özündə əks etdirən çox seriyalı sənədli və  bədii filmlər bu qəhrəmanlıqdan danışacaq. Yazıçılarımız, şairlərimiz ən gözəl əsərlərini bu qələbəyə həsr edəcək, Ağdamda,  Füzulidə, Xocavəndə, Suqovuşanda, Murovda, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəkbəcərdə, Laçında və nəhayət Şuşada müharibə səhnələrini özündə canlı əks etdirən, təbiət qoynunda monumental abidələr ucalalacaqdır. Bəstəkarlarımız bu qələbəyə həsr olunmuş və əsrlərlə səslənəcək möhtəşəm qələbə mahnısını, ən gözəl əsərlərini bu qələbəyə həsr edəcəklər.  Və bütün bu əsərlərin baş qəhrəmanı Azərbaycan əsgəri ilə yanaşı, bu qələbənin əldə edilməsində 17 il çarpışmış Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaqdır.

Ramiz Göyüşov

Xəbər lenti