Mingəçevir ziyalıları, ağsaqqalları müraciət qəbul etdilər: ŞƏHƏRİMİZ İNKİŞAF EDİR, ÇİÇƏKLƏNİR (TAM MƏTN)

Mingəçevir ziyalıları, ağsaqqalları müraciət qəbul etdilər: ŞƏHƏRİMİZ İNKİŞAF EDİR, ÇİÇƏKLƏNİR (TAM MƏTN)
7NEWS.az sözügedən müraciəti təqdim edir:

Mingəçevir şəhərinin bir qrup ziyalılarının, ağsaqqallarının, ictimaiyyət nümayəndələrinin
MÜRACİƏTİ
Son vaxtlar müəyyən qruplar tərəfindən dəstəklənən blogerlərin fəallığı bir qədər artıb. Heç bir əsası olmayan, yalnız iftira və böhtana söykənən yazılar biz ziyalıları, ağzaqqalları, ictimaiyyət nümayəndələrini hədsiz hiddətləndirir, bunu şəhərimizin inkişafına zərbə kimi dəyərləndirir, düz əyrini kəsir, doğru söz hər şeydən üstündür, deyirik. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində doğma Mingəçevirimiz gündən-günə gözəlləşir, inkişaf edərək genişlənir. Cənab Prezidentin 2003-cü ildə  xalqın etimadını qazandıqdan  sonra  fəaliyyətinin ilk istiqamətlərindən biri Regionların sosial-iqtisadi inkişafını yüksəltmək olmuşdur. Bu proqramlar çərçivəsində ölkəmizin hər yerində olduğu kimi Mingəçevir şəhərində də geniş quruculuq işləri davamlı olaraq aparılır. Xüsusilə son 5 ildə şəhərin ab-havası dəyişərək  hüsnünə əlavələr edilir, insanların səmərəli istirahəti və asudə vaxtlarının təşkili üçün yeni-yeni park və xiyabanlar salınır, nümunəvi məhəllələr yaradılır. Ən əsası bu gözəlliklər sakinlərin böyük razılıq hissi ilə qarşılanır. Təəssüf ki, bu gözəllikləri gözü götürməyən, görülmüş işlərə qara yaxan, böhtan xarakterli yazıları ilə bu və ya digər sosial şəbəkələrdə çıxışlar edərək narahatlıq yaradan blogerlər meydana gəlmişdir. Bunu əsas tutaraq biz, şəhərin bir qrup ziyalıları, ağsaqqalları, ictimaiyyət nümayəndələri yekdil müraciət qəbul etmişik.
Son 5 ildə  Mingəçevirdə uzun illər bərbad hala düşmüş 164 yaşayış binasının əsaslı və cari təmir işləri həyata keçirilib, binaların dam örtükləri tamamilə dəyişdirilib, ümumi istifadə sahələri olan giriş dəhlizləri əsaslı təmir olunub, pəncərə çərçivələri və seyf qapıları qoyulub, binaların fasad hissələri suvanaraq rənglənib. 43 binanın dam örtüyündə əsaslı təmir işləri aparılıb. Çoxmərtəbəli yaşayış binalarında mövcud olan 48 ədəd liftdən 16 binanın lifti yenilənib. Şəhərdə 15 nümunəvi məhəllə yaradılıb, bu məhəllələrdə uşaq və gənclərin istirahəti üçün idman qurğuları qoyulmaqla meydançalar hazırlanıb. Sakinlərin  mənalı istirahəti üçün oturacaqlar qoyulub, söhbətgahlar  yaradılıb. Yaşıllıq zolaqları salınıb, müxtəlif növ ağac tingləri və gül kolları əkilib. Binaların qarşısı asfaltlanıb, bordürlər və plitələr döşənib, müasir dirəklər qoyulmaqla işıqlanma sistemi yenilənib. Bu cür işlər şəhərimizin sağ və sol sahillərində də həyata keçirilib. Mingəçevir kəndi,  Bağlar, Tərəvəzçilik sovxozu,  Tingçilik yaşayış massivlərində də küçələr tamamilə asfaltlanmış, işıqlanma sistemi çəkilmiş, insanların gediş-gəlişi üçün piyada keçid yolları salınaraq bordürlər döşənmişdir. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə mərkəzi qurumların şirkətləri tərəfindən 240 küçəyə işıqlanma xətti çəkilmiş, Bağlar massivində 16 küçəyə işıqlanma nöqtəsi, şəhər ərazisində 1100 işıq nöqtəsi, "Azərbaycan İES” qəsəbəsində 250 ədəd işıqlanma nöqtəsi qoyulmuş, məhəllələrə işıq xətləri çəkilmişdir. Sahil parkında, Dostluq parkı ərazisində xeyli yenidənqurma işləri görülmüşdür. Belə ki, bu istirahət məkanları vətəndaşların arzu və istəyinə uyğun olaraq müasir bir formaya salınmışdır. Hər iki parkda yaşıllıq zolaqları genişlənib, cürbəcür ağac tingləri və dekorativ gül kolları əkilib, plitələr döşənib, oturacaqlar qoyulub, söhbətgahlar yaradılıb, uşaqların, gənclərin fiziki sağlamlığı və əylənməsi üçün idman qurğuları quraşdırılıb, gənclər üçün futbol, voleybol  və basketbol meydanları hazırlanıb,  işıqlanma sistemi yenilənib. "Azərbaycan Bayrağı” ordenli  şəhid M.Mirzəyev adına Dostluq parkında Dövlət Rəmzləri muzeyi, 200 nəfərlik açıq səhnə inşa olunaraq vətəndaşların istifadəsinə verilmişdir. Sahil parkında fiziki cəhətdən ömrünü başa  vurmuş ağacların yerində yeniləri əkilərək şəhərimizin hüsnünə yeni əlavələr edilmişdir. Şəhərin giriş hissəsində Heydər Əliyev küçəsinin sağ və sol tərəflərində Zəfər  Günü Şərəfinə, Xaldan şossesi istiqamətində isə  yeni Nəsimi parkı salınmışdır. Eyni zamanda Fizuli parkında, Güllü Bağda, Heydər Əliyev Meydanında, Dram Teatr Meydanında, Xətai,  M.Maqomayev, Naxçıvan, Fazil Əzimov, Nizami,  Təbriz, Koroğlu, Babək, A.Şaiq, Aydın Məmmədov, Şəfəq küçələrində aparılan abadlıq və quruculuq işləri genişləndirilərək müasir formaya salınmışdır. Bütün ərazilərdə oturacaqların qoyulması, söhbətgahların  yaradılması, ağac tinglərinin, dekorativ gül kollarının əkilməsi, plitələrin döşənməsi, işıqlanma sisteminin çəkilməsi və digər işlər sakinlərin ürəyincədir. Tam bərbad halda olan Aşıq Qurbani dairəsi sakinlərin istəyinə əsasən əsaslı təmir olunmaqla nümunəvi istirahət bölgəsinə çevrilmişdir. Heydər Əliyev prospektindən Yüksək Texnologiyalar Parkı  istiqamətindəki sağ və sol tərəflərdəki ərazidə istirahət guşəsi yaradılıb. Yaşıllıq sahəsi, fəvvarələr salınıb, ağac, bəzək kolları əkilib, səki daşları qoyulub, plitələr döşənib.

Heydər Əliyev prospektindən Bayraq Meydanına, şəhərin Şərq qapısına qədər 1 km ərazidə sol tərəfdə istirahət güşəsi yaradılıb. Şərq qapısından Xaldan istiqamətindəki yolun sağ tərəfində 400 metr uzunluqlu 11 metr eni olan sahədə yeni istirahət güşəsi salınıb. H. Əliyev prospektindən Şərq qapısı istiqamətində, keçmiş şüşə zavodu ilə Zəfər şərəfinə salınmış  istirahət məskəni arasında müasir istirahət güşəsi yaradılıb. Şəhərin müxtəlif ərazilərində yaradılan nümunəvi məhəllələr sırasında  Həzi Aslanov, Heydər Əliyev və Dilarə Əliyeva küçələrinin  kəsişdiyi ərazidə, 20 Yanvar və Şəhriyar küçələrinin kəsişdiyi ərazidə, Dilarə Əliyeva və Vidadi küçələrində, Xətai küçəsindən N.Nərimanov küçəsi istiqamətində, N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişdiyi sahədə, Nizami və N.Nərimanov küçələrinin kəsişdiyi bölgədə, sağ sahildə, energetiklər yaşayış massivindəki istirahət məkanlarında yaradılan gözəlliklər sözün əsl mənasında şəhər sakinləri üçün böyük bir töhfədir.
Şəhərin ən böyük küçələrindən olan Samux küçəsi tam asfaltlanmışdır, piyada keçidləri yaradılıb, bördürlər döşənib, işıqlanma sistemi qaydaya salınıb. Mehmandarov küçəsində insanları narahat edən işıqlanma sisteminin quraşdırılması həmin ərazidə yaşayan insanların sevincinə səbəb olmuşdir. Bu yaxınlarda, iyun ayının ortalarında Ş.İ.Xətai küçəsində, 14 nömrəli orta məktəbin qarşısında bir zamanlar boş sahə olan ərazidə yaradılan istirahət guşəsi sakinlərin arzu və istəklərinə uyğun olaraq yaradılıb.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə şəhərdə  keçirilən silsilə tədbirlər sırasında ağacəkmə kampaniyası   uğurla aparılıb. Belə ki, şəhərin Xaldan şossesi istiqamətində, Nəsimi parkında,  Heydər Əliyev prospektində, şəhərin sağ və sol sahillərində, energetiklər yaşayış massivi ərazisindəki yaşıllıq zolaqlarında, parklarda, istirahət məkanlarında, məhəllələrdə bu qəbildən olan işlər müvəffəqiyyətlə başa çatmışdır.
Görülən işlərin nəticəsidir ki, hazırda Mingəçevirdə qaz, su, işıq problemi demək olar ki, yoxdur. Ötən il başlanan kanalizasiya sisteminin yenidən qurulması işlərinin böyük hissəsi artıq başa çatmışdır.  Tam əminliklə  demək olar ki, 2025-ci ilin sonunadək bu layihə də uğurla tamamlanacaqdır. Su təminatında sayğacların quraşdırılması şəhərdə mövcud olan yaşıllıq zolaqlarının suvarılmasında böyük problem yaratmışdı. 2020-ci ildən başlayaraq aparılan məqsədyönlü işlərin nəticəsində şəhərin  bir çox hissəsində, küçələrdə, məhəllələrdə, bağ və xiyabanlarda, istirahət guşələrində texniki su xətti çəkilərək istifadəyə verilmişdir. Bunun nəticəsidir ki, yaşıllıqların suvarılmasında heç bir problem yoxdur.
Şəhərdə mövcud olan işsizliyin aradan qaldırılması məqsədi ilə əsaslı işlər görülür. Belə ki, Azərbaycan İES ərazisində yeni stansiyanın, keçmiş regenerat zavodu ərazisində 3 fabrikin, Mingəçevir Dövlət Universitetinin müasir Kampusunun tikintisinin başlanması iş yerlərinin açılmasına imkan yaradır. Şəhərdə sahibkarlara göstərilən diqqət və qayğının nəticəsidir ki, onların dəstəyi ilə 700 nəfərə qədər insanın işləməsi üçün şərait  yaradılmışdır.
Şəhid ailələrinə və Qarabağ əlillərinə göstərilən diqqət və qayğı  davamlı xarakter daşıyır. Belə ki, uzun illər mənzil almaq növbəsində dayanan bu qəbildən olan insanlar üçün 72 mənzilli yeni yaşayış binası tikilib istifadəyə verilmək üzrədir.  Mənzil növbəsində dayanan şəhid ailələri və Qarabağ əlillərinin say çoxluğunu nəzərə alaraq yeni bir binanın tikintisi məqsədi ilə torpaq sahəsi ayrılmış, hazırlıq işləri görülür. Şəhərin sağ sahilində yaşamaq üçün böyük problem yaradan qəzalı üç binanın  sakinləri üçün şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə inşa olunan  binanın tikintisi  başa çatmışdır.
Bütün bunları diqqətinizə çatdırmaqda demək istəyirik ki, bu qədər xeyirxah işlər görüldüyü halda onları inkar etmək, gözdən salmaq, insanları çaşdırmaq ədalətsizlikdir.  Həm də şəhərdə görülən işləri gözü götürməyən, heç bir fakta əsaslanmadan qərəzli yazılar yaymaqla məşğul olan blogerlər üçün bir cavabdır. İstərdik ki,  həmin mövqedə olan insanlara layiqli cavab verilsin. Tələbimiz budur ki, bu cür xoşagəlməz münasibətə, insanların fikirlərini qarışdıran hallara son qoyulsun. Çünki, şəhərimizdə görülən işlər üz  ağardır, təqdirəlayiqdir,  həqiqətin ğözünə dik baxmaq lazımdır. Görünən dağa nə bələdçi...

Hörmətlə:
Akif  HACIYEV, şəhər Ağsaqqallar Şurasının sədri
İranə HƏSƏNOVA, şəhid ailələrinin müdafiə cəmiyyətinin şəhər şöbəsinin sədri
Əlağa BƏNDƏLİYEV,  Azərbaycan Respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri  ictimai birliyinin şəhər şöbəsinin sədri,
Rizvan MİKAYILLI, Azərbaycan Respublikası əmək və silahlı qüvvələr, hüquq mühafizə veteranları şurası şəhər şöbəsinin sədr müavini
Mustafa MURADOV, təqaüdçü veteran
Adil KƏRİMOV, təqaüdçü veteran
Adil İSMAYILOV, təqaüdçü veteran
Ağagül ƏLİYEV, şəhər ağsaqqalı
Mirzə CAVADOV, şəhər ziyalısı
Allahverdi ƏLİYEV, şəhər ağsaqqalı
Bəxtiyar MUSTAFAYEV, YAP şəhər təşkilatının sədri

Xəbər lenti