İranlı general Bakıdan Ermənistanı ittiham etdi - Tehranla əlaqələr düzəlir?

İranlı general Bakıdan Ermənistanı ittiham etdi - Tehranla əlaqələr düzəlir?
Politoloq: "Rəsmi Tehran qərar vermək üçün tələsməyəcək”
Sentyabrın 9-da Bakıda Azərbaycan-İran Birgə Komissiyanın iclası keçirilib. İclasdan öncə Azərbaycanın müdafiə naziri Zakir Həsənov general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib. İranlı qonaqlar əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Bakıdakı Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Müdafiə Nazirliyində keçirilən görüşdə qonaqpərvərliyə görə minnətdarlığını bildirən M.Əhədi Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini və mehriban qonşuluq əlaqələrinin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Maraqlıdır ki, Azərbaycanın azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərindən məmnunluğunu bildirən İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətlərindən narahatlığını ifadə edib. Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Sonda Azərbaycan-İran Birgə Komissiyanın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayan general-polkovnik Z.Həsənov belə görüşlərin ikitərəfli hərbi əməkdaşlığımıza müsbət töhfələr verəcəyindən ümidvar olduğunu bildirib.

"Yeni Müsavat” xatırladır ki, hazırda iki qonşu ölkə arasında diplomatik münasibətlər ən aşağı səviyyədədir. Rəsmi Bakı münasibətlərin əvvəlki qaydaya düşməsi üçün ilk növbədə səfirliyimizə 26 yanvar tarixində edilmiş terror hücumuna adekvat hüquqi qiymət verilməsini, terrorçu və sifarişçinin haqq elədikləri cəzaya çatıdırılmasını, habelə səfirlik əməkdaşlarına real təhlükəsizlik zəmanəti verilməsini tələb edir.

Yada salaq ki, bir neçə gün öncə İsrailə səfəri çərçivəsində yerli mediaya müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev belə bir fikir söyləmişdi ki, əlaqələrin qaydaya düşməsi üçün İrandan müsbət siqnallar gəlməkdədir. Bu nə siqnallardır və birgə hərbi komissiyanın iclasından gözlənti nədir? İran Azərbaycanla əlaqələri bərpa edir?  

Bu da diqqətçəkicidir ki, nümayəndə heyətinin başçısı Azərbaycanla sərhədə İranın son günlər guya hərbi qüvvələr yığması haqda məlumatları yalanlayıb, bunu erməni mənbələri tərəfindən bilərəkdən ortaya atılmış yalan və təxribat adlandırıb. Məqsədin İranla Azərbaycan arasında dostluq və qonşuluq münasibətlərinə xələl gətirmək olduğu deyilib.

Dünən isə İran prezidenti ilə Ermənistanın baş naziri arasında sentyabrın 9-da olmuş telefon danışığının detalları barədə İranın vitse-prezidenti Məhəmməd Cəmşidinin tvitterdəki paylaşımındakı aşağıdakı fikir yer alıb: "Bölgədə "3+3" formatından kənar ünsiyyət qurmaq, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir” (Burada söhbət 11-20 sentyabr aralığında keçiriləcək Ermənistan-ABŞ təlimlərindən gedir).

Bu, şübhəsiz ki, İranın Ermənistanın Qərbi regiona gətirmək cəhdi, ABŞ ilə hərbi təlimlər keçirməsi, Anna Akopyanın Ukraynaya səfəri ilə bağlı açıq şəkildə narazılıq bildirməsidir.

Proseslərin davamı nə vəd edir? İran gerçəkdənmi səhvlərini düzəltmək, Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir? Bəs birgə hərbi komissiyanın iclası hansı zərurətdən doğub və əhəmiyyəti nədən ibarətdir?

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev istənilən halda iranlı generalın paytaxtımızda dediyi fikirləri müsbət sayır: "İranın açıq mövqeyini bilmək və anlamaq üçün hələ proseslərin dinamikasını izləmək lazımdır. Çünki bir açıqlama ilə siyasət dəyişmir və ya həmin siyasətin artıq müsbət mənada dəyişdiyini konkret olaraq söyləmək ən azından indiki mərhələdə sadəlövhlük olardı. Amma bütün hallarda Məhəmməd Əhədinin Bakıda dediyi fikirlər və Ermənistanı demək olar ki, aydın şəkildə ittiham etməsi müsbət haldır və münasibətlərimizin yenidən normallaşması istiqamətində müəyyən təkan rolunu oynaya bilər. Bildiyiniz kimi, İran Silahlı Qüvvələrinin səfərdəki nümayəndə heyətinin rəhbəri Naxçıvan ətrafına qoşun yığılmasını da təkzib etdi və bunu növbəti erməni uydurması adlandırdı. Eyni zamanda bundan daha öncə hörmətli Hikmət Hacıyev də bildirmişdi ki, İrandan müsbət mesajlar almaqdayıq.

Hər halda, maraqlı proseslər baş verir və ümid etmək, inanmaq istərdik ki, İran qonşuluq siyasətinin normal məcraya gəlməsi və münasibətlərin səmimi şəkildə bərpası üçün bütün cəhdləri edəcək. Bunun üçünsə onlar ilk növbədə səfirliyimizdə törədilən terrorun əsl günahkarlarını, icraçılarını, sifarişçilərini tapmalıdırlar.

Biz İrana, öz qonşumuza qarşı heç bir yanlışlıq etməmişik. Hər zaman onlarla münasibətimizdə dürüst olmuşuq. Amma təəssüf ki, İran müəyyən zaman kəsiyində həmin münasibətlərə adekvat davranmadı, lazım olmayan addımları atdı və proseslərin sonrakı inkişafı da hər kəsə məlumdur.

Bütün hallarda general Məhəmməd Əhədinin fikirləri təqdir olunmalı, müsbət hal kimi səciyyələndirilməlidir. Bu, ən azından yaxşıya doğru ciddi bir addımdır və ümid  edirəm ki, İranın Azərbaycana münasibətdə sərgiləyəcəyi bundan sonrakı siyasət Əhədinin fikirlərinin davamı istiqamətində inkişaf edəcək".
 
Əhəd Məmmədli:
Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bir sıra suallar ünvanladı: "Amerika-Ermənistan hərbi təlimləri təkcə Rusiyanı deyil, həm də İranı narahat edib. Düzdür, bu təlimlər genişmiqyaslı deyil, hətta bəlkə hansısa mənada simvolikdir, amma yenə də region üçün narahatedici bir faktordur. Bəlkə də bu, Azərbaycandan daha çox Rusiya və İranı narahat edir. Və bu məqamdan da Azərbaycanın Ermənistana qarşı istifadə etməsi təbiidir. Amerika-Ermənistan təlimləri xəbərindən sonra Azərbaycan dərhal İranla əlaqələrə keçir, müsbət siqnallar verilir. Rusiya siyasi ictimaiyyəti, media sektorunda Ermənistana qarşı sözlər, hədə-qorxular deyilməyə başlayır. Rəcəb Tayyib Ərdoğan və Hakan Fidanın Rusiya və İran təmaslarını da unutmamalıyıq. Qardaş ölkə Türkiyəmiz bu mövcud durumda da Azərbaycana tam dəstəyini verdi. Soçidə Ərdoğan və Putin təkcə taxıl sazişini danışmayıblar, başqa məsələlərdən də danışıblar. Bizim üçün vacib Qarabağ və Zəngəzur dəhlizi mövzularıdır. İran ilk dəfədir ki, Ermənistanı qınaq obyektinə çevirir. Düzdür, Tehran yenə ərazilərin dəyişilməməsindən danışır və bunun onun üçün qırmızı xətt olduğunu söyləyir, lakin ”3+3" siyasi formulundan da geri çəkilməyəcəklərini söyləyir. Ərazilərin dəyişilməməsi deyəndə Tehran bununla Bakıya demək istəyir ki, Zəngəzura hərbi müdaxilə qətiyyən etmə. Müsəlman -şiə Azərbaycanın ərazisinin bir hissəsi işğal altında olanda görəsən onda niyə regionumuzda ərazilərin dəyişilməməsi müsəlman-şiə İran üçün qırmızı xətt deyildi?! "3+3" siyasi-formatına gəldikdə isə, region derjavaları İran, Türkiyə və Rusiya, üstəgəl Cənubi Qafqaz respublikalarının arasında qurulan münasibətlərdir və bu duruma kənardan hansısa müdaxiləni Tehran özü üçün qəbuledilməz hesab edir. İranın bu mövqeyi Ermənistan-ABŞ hərbi təlimlərinə bir etiraz notu idi. Tehrana görə ”3+3"- dən başqa regionumuza kənardan müdaxilə qəbul olunmazdır. İndiki vəziyyətdə İranın bu mövqeyi Türkiyə, Rusiya, hətta Azərbaycanın da maraqlarına cavab verir və bu yaranan konfiqurasiyasından rəsmi Bakı maksimum istifadə etməyi bacarmalıdır. Düzdür, İran yaxşı olar ki, öz ərazisini Ermənistana silah daşınma tranziti olaraq təqdim etməsin. Heç kəsə sirr deyil ki, Hindistan silahı İrandan Ermənistana daşınır. Əgər Tehran Bakı ilə münasibətlərdə səmimidirsə, həm də öz ərazisindən Ermənistana silah daşınmasına son qoymalıdır".
 
Mirzoyanın yeni müharibə çağırışı - Kənan Novruzov yazır
 Kənan Novruzov 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İranın qərar verməkdə tələsməyəcəyini düşünür: "Son zamanlar İranla əlaqələrdə maraqlı hadisələr müşahidə olunur. Türkiyə bu dövlətlə əlaqələrin nizamlanmasına çalışır. Eyni zamanda Ankara Tehranla Bakı arasındakı mövcud problemlərin aradan qalxmasına səy göstərir. Çünki gərginlik regiona sərf etmir. Bakı ilə Tehran arasındakı gərginlikdən Ankara da narahatdır. Nəzərə almaq lazımdır ki, kənar güclər bu gərginlikdən sui-istifadə edərək regiona müdaxilə etməyə çalışır. Bu isə bölgə ölkələrinin heç birinin ürəyincə deyil. Ermənistanla ABŞ-ın keçirəcəkləri birgə təlim İranı narahat etməmiş deyil. Dediyiniz kimi, bu, çox güman, simvolik addımdır. Amma eyni zamanda ciddi siyasi əhəmiyyətə malikdir. Görünür, Qərb İrəvanı nəinki Moskvadan, həm də Tehrandan uzaqlaşdırmağa çalışır. Birgə hərbi təlimlərin Ermənistanla İran arasındakı münasibətlərə mənfi təsir edəcəyi gözləniləndir. Hərçənd rəsmi Tehran mümkün qədər soyuqqanlı olmağa çalışacaq. Çünki Ermənistan İrana lazımdır. Gələcəkdə İranın regional siyasət kursunda dəyişikliyin olacağını proqnozlaşdırmaq olar. Amma rəsmi Tehran qərar vermək üçün tələsməyəcək”.

Xəbər lenti