İran qaynayır, Rusiya boşalır – iki qonşu ölkədəki böhran Azərbaycana nə vəd edir? TƏHLİL

İran qaynayır, Rusiya boşalır – iki qonşu ölkədəki böhran Azərbaycana nə vəd edir? TƏHLİL
7NEWS.az tanınmış jurnalist, ekspert Azər Ayxanın regionda baş verən proseslərlə bağlı siyasi təhlilini təqdim edir. 

İranda neçə gündür xalq meydanlardadır. Hicab aksiyası ölkəni bürüyüb. İranın böyük şəhərlərinin küçələri etirazçıların aksiyalarına səhnə olub. 

İranda kütləvi etirazlara səbəb hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü olub. 
 
İranın rəsmi qurumları onun ürək tutmasından öldüyünü iddia etsə də, ailəsi Məhsanın sağlam olduğunu bəyan edib. Bildirilib ki, qız xəstəlikdən deyil, aldığı xəsarətlərdən dünyasını dəyişib.

İran xalqı mövcud rejimdən o qədər yığıb ki, qəzəbini bu şəkildə bildirir. Xüsusilə qadınların azadlığını, hüquqlarını məhdudlaşdıran rejim hazırda ağır sınaqla üz-üzədir. İranda qadınlar ayağa qalxıblar. Kütləvi səhnələrin baş rejissorları zərif cinsin nümayəndələridir. Yüzlərlə qadın küçələrdə çadrayandırma aksiyası keçirir. İran rejiminin əsas simvollarından biri oda verilir. Qadınlar azadlıq istəyirsə, bunun qarşısını heç bir rejim, qadağa, qorxu ala bilməz. 

Bəzən deyirlər ki, İranda spirtli içkilərdən istifadə maksimum həddə çatıb. Çatacaq, təbii. Qadağan edilmiş alma daha maraqlı və ləzzətli olur. Görün rejimə nifrət nə qədər yüksəkdirsə, iranlı qadınlar da spirtli içkilərdən maksimum istifadə edirlər. Bu da bir növ etiraz aksiyasıdır... 

Azərbaycanda sekulyar təbəqə İrandakı son proseslərə sevinir. Həm də ümidlənirlər. Sevinc hissinin ortaya çıxması İranın Azərbaycana münasibətindən doğur. Cənub qonşumuzun ölkəmizə, millətimizə mənfi münasibəti hər sahədə özünü açıq göstərir. Din qardaşlığından danışıb, dinimizə düşmən kəsilən Ermənistanı hər sahədə dəstəkləmək azərbaycanlılarda İrana qarşı qəzəb, kin, qınaq yaradıb. Qarabağ məsələsində 30 ildir İranın mövqeyi açıq-aşkar ortadadır. Bir yandan da 200 ilə yaxın bir müddətdə Azərbaycanın ikiyə bölünməsi və onun ərazi və əhali baxımdan böyük hissəsinin İranın nəzarətində olması qan yaddaşımızı heç vaxt tərk etmədi. Bir də bunun üstünə rəsmi Tehranın Azərbaycanı müstəqil dövlət hesab etməməsini gələk. Səfirlik binasının üstünə "İranın Bakı səfirliyi” yazısı da bizdə böyük ictimai qınaq, qəzəb doğurur. 

İrana münasibətdə bardağı daşıran ən son damla 44 günlük müharibə zamanı Tehranın tutduğu yanlış, qərəzli, İslama, din qardaşlığına zidd mövqe oldu. Müharibədən 1 il sonra, ötən ilin bu vaxtlarında İran Azərbaycanla sərhədə qoşun yığıb, bizi açıq şəkildə təhdid etdi. 12-14 sentyabrda Ermənistanın təxribatlarından sonra "İran sərhədlərin dəyişdirilməsinə sakit yanaşmayacaq” bəyanatı da bardaqdan yerə düşən damla rolunu oynadı. 

Budur, İran qarışıb, xalq küçələrə çıxıb rejim əleyhinə aksiyalar keçirir. Azərbaycan xalqı bu səhnələrdən məmnundur. Bir çoxları hətta proseslərə Vətəninin bütövləşməsi perspektivi kimi yanaşır.

O başqa mövzudur ki, İran parçalansa, bölünsə, mövcud rejim tarix olsa, başda ABŞ olmaqla, dünya gücləri Azərbaycanın bütövləşməsinə loyal yanaşarmı? Güney Azərbaycan türklərinin özlərinə müstəqil dövlət qurmalarına – hansı ki, yaxın tarixdə bu baş verib – imkan tanıyarmı? Hegemon güclərə qalsaydı, bu gün Şuşa hələ də Ermənistanın işğalında idi. Azərbaycan dövləti, onun başında dayanan şəxs, Ordumuz bütün güclərin hesablamalarına, qadağalarına və badalaqlarına rəğmən 30 ilə çatan durumu dəyişdirdi. Qarabağın əksər bölgəsini, həmçinin, Zəngilanı, Qubadlını, Laçını düşməndən təmizlədi. 

İran kimi böyük və kifayət qədər ziddiyyətli, çoxmillətli bir dövlətin bu mərhələdə parçalanmasının, bölünməsinin, orda rejim dəyişikliyinin baş verməsinin Azərbaycana xeyir, yoxsa ziyan gətirəcəyini hesablamaq olmur. Yaxın Şərqdə qiyam və inqilablar baş verən ölkələrin qonşu dövlətlər üçün təhlükə yaratmasını görmüşük. Ona görə də bu atəşin bizim də ölkəmizə düşüb-düşməyəcəyini bəri başdan demək çətindir. ABŞ İrana yenidən qayıdacaqsa, bu ölkədə xaosun, özbaşınalığın, terrorun artan xətlə inkişaf edəcəyi istisna deyil. Ortada onlarla acı təcrübə var. Əfqanıstandan Suriyaya kimi, İraqdan Tunisə qədər harda Amerikanın təhriki, təşkilatçılığı ilə inqilablar, rejim və hakimiyyət dəyişikliyi oldusa, orda sülh, əmin-amanlıq yaranmadı, əksinə, terror, vətəndaş müharibələri, xaos, səfalət yaşandı. 

Bəs Rusiya? Orda durum necədir? Şimal qonşumuzda nə baş verir? Yaxud, orda baş verənlər ölkəni hara aparır? 

Prezident Vladimir Putinin verdiyi qismən səfərbərlik sərəncamı rusların ölkəni sürətlə tərk etməsini gətirib çıxarıb. Yaşı səfərbərliyə uyğun gələn Rusiya vətəndaşları təyyarə ilə Türkiyəyə, Azərbaycana, Orta Asiya respublikalarına, hətta Ermənistana qaçırlar. Ruslar sözdə Putini Ukraynaya hücuma görə dəstəkləsələr də, əmələ gələndə "igidlik ondur, doqquzu aradan çıxmaq” prinsipinə tam əməl edirlər. Rus mujiki Ukrayna çöllərində ölmək istəmir. Haqsız sayılmazlar. Niyə ölsünlər ki? Bu avantüra uğuruna ölməyə dəyməz – ruslar o qədər də ağılsız xalq deyillər. Sadəcə zamanında Putinə qaz verməsə idilər, əksinə, onu Ukraynaya hücumdan çəkindirə bilsələydilər, indi təyyarə bilətinə 5 min dollar verib, ölkədən qaçmağa məcbur olmazdılar. 

İki böyük qonşu dövlətdə yaşanan bu ictimai-siyasi, həmçinin mənəvi böhran Azərbaycana nə vəd edir? Hələlik pis bir şey vəd etmir. Əsas nədir, bilirsiniz? Biz Vətən üçün candan keçirik, tarixi torpaqlar üçün düşmənlə ölüm-qalım savaşına giririk, ölkəmizin ərazilərini bərpa edirik. Və bu prosesdə xalqla dövlət çiyin-çiyinə verib. İranda isə xalq hökumətə qarşı küçələrə çıxıb, gecə-gündüz etiraz aksiyaları keçirib, azadlıq tələb edir. 

Rusiyada xalq ölkədən qaçır ki, Putinin başlatdığı mənasız müharibədə ölməsin. Artıq Rusiyada səfərbərlik əleyhinə aksiyaların başlayacağı haqda məlumatlar yayılır. 

Digər qonşumuz Ermənistanda da vəziyyət pisdir. Xalq Paşinyan iqtidarı əleyhinə küçələrə çıxır, onun istefasını tələb edir. 

Bölgədə sabitliyin, normal həyat şərtlərinin olduğu ölkə Azərbaycandır. Müharibə aparırıq, şəhid veririk, Qarabağı yenidən tikib yaradırıq, bunlara rəğmən nə xalq dövlətə qarşı çıxır, nə də bu qədər maddi, iqtisadi yüklənmələrə rəğmən ölkədə dəhşətli bahalıq, qıtlıq var. Mövcud qiymət artımı dünyada gedən iqtisadi, siyasi və hərbi proseslərin inikasıdır. 

Qonşu ölkələrdə yaranan böhran bizə əlavə imkanlar açır. Qarabağın işğaldakı ərazilərinin azad edilməsi üçün fürsət yaranır. Bizə dəstək yox, köstək olan İran indi öz hayındadır. Rusiya Qarabağ məsələsində 2020-ildəki tərəfsizliyini, təmkinini hələ də saxlayır, amma bu, Rusiyadır. Çox bel bağlamaq olmaz. 

Qərblə dil tapmaq isə elə çətin deyil. Azərbaycan bu bölgədə ABŞ-ın, Avropa Birliyinin ən etibarlı, ən vazkeçilməz tərəfdaşıdır. Arada yaranan umu-küsülərə çox takılmayaq. Siyasətdə, beynəlxalq münasibətlərdə bu cür halların yaşanması bir növ normadır. Nensi Pelosinin İrəvanda verdiyi bəyanatın arxasınca ABŞ-ın ölkəmizə yönəlik jestlərini, əl-ayağa düşməsini gözardı etmək olmaz.

Nensinin Ermənistanda axıtdığı göz yaşları ermənilərə real heç nə vermədi, verməyəcək də. Amma o göz yaşları Azərbaycanın Amerika üzərində üstünlüyünü təmin edir. Necə? Yaxın vaxtlarda görəcəyik...

Xəbər lenti