İnam Kərimov: "30 ilə qurulmuş infrastrukturu bir ilə dağıtdılar" - VİDEO

İnam Kərimov:

 

"Çox təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cu illərin əvvəlində, xüsusilə də 1992-1993-cü illərdə, AXCP-Müsavat çütlüyünün hakimiyyətdə olduğu dövrlərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib.”

7NEWS.az xəbər verir ki, bu fikirləri Göyçay rayonunda keçirilən "Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsində Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, ötən əsrin 70-80-ci illərində Azərbaycanda 267 min hektar üzüm sahəsi olub: "Biz ötən əsrin 70-80-ci illərdə aqrar sahədə mövcud olan ənənələrimizə çatmaq yolunda mübarizə aparmalıyıq. Məsələn, 80-ci illərdə ölkədə 267 min hektar üzüm sahəsi olub. Bu gün biz 16 min hektar üzüm sahəsi ilə kifayətlənməli oluruq. Çox təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cu illərin əvvəlində, xüsusilə də 1992-1993-cü illərdə, AXCP-Müsavat çütlüyünün hakimiyyətdə olduğu dövrlərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib. Azərbaycanda 80-90-cı illərdə barama istehsalı 6 min ton təşkil edib. Bu gün biz hədəfi Dövlət Proqramına salmışıq. Biz 6 min ton barama istehsal edirdik. Nəyin hesabına? Çünki, Azərbaycanda 30 barama qurutma məntəqəsi, barama tədarük məntəqələri var idi. 31 baramaçılıq idarəsi var idi. Nə baş verdi? 1991-ci ildə biz 6 min ton barama istehsal edirdik, amma 1992-1993-cü illərdə bu infrastruktur darmadağın edildi. Hesab edirəm ki, bunun yalnız bir adı var - vəhşilik və barbarlıq!"

Nazir bildirib ki, aqrar sahənin inkişafı üçün vaxt tələb olunur: "Dövlətimiz qətiyyətlə bu sahənin inkişafına diqqət yetirir. 30 ilə qurulmuş bir infrastrukturu - 264 min hektar üzüm sahəsini bir neçə ilə məhv etmək mümkündür, amma bunun bərpası üçün onilliklər lazımdır. Hazırda biz Ulu Öndər Heydər Əliyev tərəfindən bizə qoyulmuş mirasın bərpasına çalışırıq.”

Xəbər lenti