Çin Azərbaycanla strateji əməkdaşlığa yönələn münasibətlərin davamlı olmasında maraqlıdır

Çin Azərbaycanla strateji əməkdaşlığa yönələn münasibətlərin davamlı olmasında maraqlıdır
İyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında olan telefon danışığı, aparılan geniş müzakirələr bir daha ondan xəbər verir ki, ölkəmiz dünyanın iki qlobal güc mərkəzi üçün olduqca əhəmiyyətli və strateji tərəfdaşdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu təmaslar eyni gündə baş verib və hər iki telefon söhbətində Azərbaycanın nüfuzu, regiondakı ciddi mövqeyi xüsusi vurğulanıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat diqqətə çatdırıb ki, Çin Xalq Respublikası (ÇXR) ilə münasibətlərin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1994-cü ilin martında Ulu Öndərin ÇXR-ə səfəri çərçivəsində ilk diplomatik addımlar atılıb, geniş çərçivəli siyasi münasibətlər formalaşıb və həmin münasibətlər bu günədək ən yüksək səviyyədə davam edir.

"Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Çində səfərdə olub. Dövlətimizin başçısının "Bir kəmər, bir yol” Beynəlxalq forumunda iştirak üçün Çinə səfəri son dərəcə mühüm hadisələrlə yadda qaldı. ÇXR-in rəhbəri Azərbaycan Prezidentinə müraciət edərək "Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, bütün sahələrdə əməkdaşlığımız üçün səy göstərirsiniz və mən bunu çox yüksək qiymətləndirirəm” söylədi. Bütün bu fikirlər, iki dövlət arasındakı daimi əlaqələr və xüsusilə son hadisələr onu göstərir ki, Prezident İlham Əliyevin həm şəxsi nüfuzu, həm də gördüyü müsbət işlər, yürütdüyü məqsədyönlü siyasət Çin və onun rəhbərliyinin diqqət mərkəzindədir. Üstəlik, Çin Azərbaycanla strateji əməkdaşlığa yönələn münasibətlərin davamlı olmasında maraqlıdır”, - deyə Elşən Musayev vurğulayıb.

Deputat qeyd edib ki, Çin Xalq Respublikası pandemiya zamanı da Azərbaycana ciddi dəstək verib. Dünyanın bir çox ölkələri vaksin çatışmazlığı yaşayarkən Azərbaycan Çindən vaksin idxal edib və bu gün də ölkəmizdə əhaliyə vurulan əsas vaksin növünün istehsalçısı məhz Çindir. Dünyanın əsas güc mərkəzlərindən biri olan Çinlə sıx və mehriban münasibətlərin mövcudluğu təbii ki, Azərbaycan üçün də son dərəcə faydalı və perspektivlidir.

Xəbər lenti