Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
İyulun 30-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, "Yüksəliş” müsabiqəsinin təşkilat komitəsinin üzvü Anar Ələkbərov müsabiqənin qalibləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, müsabiqə qalibləri elan edildikdən sonra bu, onlarla keçirilən ilk görüşdür.

"Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev bu görüşün Heydər Əliyev Mərkəzində təşkilinin rəmzi məna daşıdığını bildirib. Qeyd edib ki, müsabiqə ölkə həyatı üçün önəmli olacaq idarəçiləri seçir. Bu çətin müsabiqədə qalib gəlmək iştirakçıların böyük potensialından xəbər verir.

Anar Ələkbərov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb. Vurğulayıb ki, Ulu Öndərin adını daşıyan bu Mərkəzdə "Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşmək qürurvericidir.

Müsabiqənin əhəmiyyətindən danışan A.Ələkbərov gələcəkdə Azərbaycanda kadr potensialının yaradılması üçün peşəkar mütəxəssislərdən ibarət komanda formalaşdırılmasına diqqət çəkib, finala çıxmış 112 nəfərdən 27-nin qalib gəlməsinin çox sevindirici hal olduğunu deyib.

Vurğulanıb ki, Azərbaycan hökuməti təhsilə, gənclərimizin inkişafına, ölkə həyatının bütün sahələrində, o cümlədən iqtisadiyyat, təhsil, yüksək texnologiya, hərbi sahədə peşəkar kadrların formalaşmasına böyük dəstək göstərir, müvafiq istiqamətdə proqramlar icra edilir. Bu proqramlar ümummilli lider Heydər Əliyev tərəfindən hər zaman dəstəklənib. Prezident İlham Əliyev də bu layihələrə çox böyük önəm verir. Eyni zamanda, Heydər Əliyev Fondu gənclərimizə dəstək olmaq istiqamətində böyük layihələr həyata keçirir.

Qeyd olunub ki, müsabiqə qaliblərinin potensialından gələcəkdə istifadə edilməsi dövlətimizin başçısının və birinci xanımın xüsusi diqqətindədir. Eyni zamanda, dövlətin bu qaliblərdən böyük gözləntiləri var. "Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsində müvafiq məsələ ilə bağlı müzakirə aparılıb.

Ümummilli lider Heydər Əliyevin vaxtilə gənclərin hərbi sahədə təhsilinə, bu istiqamətdə kadrların yetişməsinə xüsusi önəm verdiyini, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini diqqətə çatdıran Anar Ələkbərov hazırda bu ərazilərdə genişmiqyaslı layihələrin icrasına başlanıldığını bildirib. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə, yaxud ölkəmizin digər bölgələrində müxtəlif proqramların reallaşdırılmasında "Yüksəliş” müsabiqəsinin qaliblərinin potensialından istifadə edilməsi nəzərdə tutulur. Bununla yanaşı, qaliblərin öz təklifləri də nəzərə alınacaq və mühüm təşəbbüslər hər zaman dəstəklənəcək. Həmçinin müsabiqə finalçılarının da potensialından istifadə olunacağı diqqətə çatdırılıb.

Fikir mübadiləsi formatında keçən tədbirdə müsabiqə qalibləri Orxan Zakirov, Orxan Qazı Zadə, Leyla Xəlilova-Rzazadə, Semral Əliyev, Xamis Seyranov görüşün təşkilinə görə təşəkkürlərini bildiriblər.

Çıxışlarda bu müsabiqənin davamlı olmasına dair fikirlər səsləndirilib.

Qeyd edək ki, "Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının 21-51 yaşlı, ikiillik idarəçilik təcrübəsi olan ali təhsilli vətəndaşlarını əhatə edir. Müsabiqə beş mərhələdən - qeydiyyat, onlayn və əyani seçim, yarımfinal və finaldan ibarətdir.

Xatırladaq ki, "Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
 

Xəbər lenti