Fransa qadınların hüquqlarını polis zorakılığı ilə “qoruyur” – Günel Səfərova

Fransa qadınların hüquqlarını polis zorakılığı ilə “qoruyur” – Günel Səfərova
Avropa İttifaqının Ermənistana "Ermənistanın sərhədyanı ərazilərində sabitliyə töhfə vermək, etimad yaratmaq, aktiv monitorinq etmək və hesabat vermək” adı altında missiya göndərdiyi, missiyanın tərkibində Fransa Milli Jandarmının üzvlərinin olduğu hər kəsə məlumdur.

Qeyd edim ki, Aİ-nin Ermənistandakı missiyasının tərkibində fransız jandarmalarının da olacağını Avropa Parlamentinin Fransadan olan deputatı Natali Luazo (Nathalie Loiseau) bu il, fevral ayının 9-da erməni mediasına açıqlamasında da təsdiqləmişdi. Luazo qeyd etmişdi ki, missiya fevralın 20-də başlayacaq və mən həmin gün Ermənistanda olacağam. Mən Ermənistanın missiya ilə dəstəyini və əməkdaşlığını alqışlayıram. Missiya yerdə bizim gözümüz və qulağımız olacaq”.

Amma nədənsə özünə Ermənistanda, ölkəsindən min kilometrlərlə kənarda "göz-qulaq kiraləyən Avropa Parlamentinin deputatı və onun kimi düşünən digərləri ölkələrində, elə öz həmcinslərinin hüquqlarının kobu şəkildə pozulmasına heç bir diqqət ayırmırlar.

Sirr deyil ki, bu günədək aparılan təbliğat nəticəsində qadın hüquqlarının müdafiəsi və feminizm deyəndə ilk ağıla gələn ölkələrdən biri də Fransa olub. 1789-cu il oktyabrın 5-6-da baş verən Versal etirazlarından başlayaraq, 1970 ci illərdə qadınların öz bədənləri ilə bağlı qərarvermə azadlığını tələb edən nümayişləri, 2003-cü illər qadınlar üçün güvənli sığınacaq mərkəzləri ilə bağlı etirazlar və digər tarixi hadisələr göstərir ki, qadın hərəkatları Fransada hər zaman yetərincə aktiv olub. Hətta öz əraziləri ilə kifayətlənməyib, 2019-cu ildən Fransa prezidenti tərəfindən elan edilən Feminist Təşkilatlara Dəstək Fondunun inkişaf siyasəti üzrə tərəfdaş ölkələrdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarına dəstək verməyə də başlayıblar. Fransanın Xarici İşlər Nazirliyi tərəfindən dünya miqyasında feminist təşkilatların fəaliyyətini maliyyələşdirmək üçün üç il ərzində (2020-2022) 120 milyon avro maliyyə ayrılıb və maliyyə gender bərabərliyini, qadın və qızların hüquqlarını və gender məsələlərini təşviq edən yerli təşkilatlara yönləndirilib.

Bəs indi nə baş verir? Martın 16-da Fransa hökuməti konstitusiyanın 49.3-cü maddəsindən istifadə edərək, Milli Assambleyada səsvermədən yayındırmaqla pensiya yaşını 62-dən 64-ə qaldırmaq üçün "pensiya islahatı” həyata keçirmək qərarına gəlib. Martın 20-də parlamentin aşağı palatasındakı müxalifət fraksiyaları hökumətə iki dəfə etimadsızlıq nümayiş etdirsələr də, yetərli səsləri toplaya bilməyiblər. Beləliklə, islahat qəbul edilib. Bundan sonra isə fransızların adətən iğtişaşlarla müşayiət olunan kütləvi etirazları başlayıb.

Həmin etirazlardan birində Fransa polisinin qadına qarşı göstərdiyi zorakılığı nümayiş etdirən videolar artıq sosial şəbəkələrdə yayılır.

Yuxarıda qeyd etdiyim kimi, ermənilərin təhlükəsizliyindən narahat olan, qadın hüquqlarını sözdə canfəşanlıqla qoruyan Fransa öz vətəndaşı olan qadınların hüquqlarını polis zorakılığı ilə "qoruyur”.

Qadın hüquq müdafiəçisi olaraq Fransız polisinin qadınlara qarşı zorakılığını pisləyir və bütün dünya ictimayyətini bu zorakılığa qarşı çıxmağa çağırıram.

Günel Səfərova,
"Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri

Xəbər lenti