Ermənistan anlamalıdır ki, artıq regionda prosesləri, reallıqları müəyyənləşdirən, diqtə edən tərəf Azərbaycandır!

Ermənistan anlamalıdır ki, artıq regionda prosesləri, reallıqları müəyyənləşdirən, diqtə edən tərəf Azərbaycandır!

Ötən il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, bu tarixi qələbə son 18 ilə yaxın müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir. Təbii ki, Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə tarix yazıb. Eyni zamanda, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.

44 günlük müharibə zamanı təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən "Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.

27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb.

2020-ci ilin təkcə 11 oktyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Həmçinin bildirilib ki, bu hadisədən bir neçə gün sonra, oktyabrın 17-də baş verən terror aktı zamanı 15 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb. Ümumilikdə isə Gəncə 2020-ci ilin oktyabrında 5 gün – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket atəşlərinə tutulub. Nəticədə 26 şəxs həlak olub, 120-dən artıq dinc sakin yaralanıb, irimiqyaslı dağıntılar baş verib.

Əhalinin sıx yaşadığı ərazilərə "Toçka-U", "Smerç", "Skad" və digər tipli dağıdıcı raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədini daşıyıb.

Bərdə şəhərinə raket hücumu zamanı qadağan olunmuş kaset tipli bombalardan istifadə edilib.

2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları nəticəsində 27 nəfər həlak olub, 70 nəfərdən artıq insan yaralanıb. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin mərkəzinə hər birinin içərisində 72 ədəd, ümumilikdə 144 bombacıq olan "Smerç” tipli böyük dağıdıcı qüvvəyə malik 2 ballistik raket zərbəsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yuxarıda sadaladığımız faktlar bütün dünyaya bəlliolsa da, Ermənistanln cinayət rejiminə qarşı heç bir təpki olmadı. Əksinə, bəzi dairələr susmaq yolunu seçdi.


Ümumilikdə, 44 günlük qələbənin tarixi əhəmiyyəti nədən ibarətdir? Ermənistanın hərbi cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün hansı işlər görülüb və qarşıda hansı vəzifələr dürür? 7NEWS.az olaraq mövzunu millət vəkili Elşən Musayevlə müzakirə etdik: "44 günlük Vətən Müharibəsində əldə edilən qələbə böyük və qızıl hərflərlə yazılan tarixdir. Həmin qələbənin memarı isə Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman ordumuzdur. Azərbaycan 30 il müddətində səbr etdi, bütün diplomatik yöntəmlərdən, üsullardan istifadə etdi ki, münaqişə dinc yolla həll olsun, erməni öz iradəsi ilə geri çəkilsin, terrora, işğala son qoyulsun. Amma ermənilər ağıllanmaq əvəzinə daha da azğınlaşdılar, öz təxribatlarına davam etdilər və növbəti təxribatların birində Azərbaycan ordusu əks-hücuma keçdi və düşməni diz üstdə çökdürdü.

Məsələ burasındadır ki, ermənilər hətta müharibənin gedişində də öz riyakarlıqlarına, namərdliklərinə ara vermədilər, müharibə cinayətləri törətdilər, bütün vəhşiliklərə imza atdılar. Azərbaycanın böyük şəhərlərindən olan Gəncə də daxil, bir çox bölgələrimizin dinc əhalisi düşmənin hücumuna məruz qaldı, həmin bölgələrə raketlər atıldı, insan tələfatı oldu. Bu, çox böyük yaramazlıq, eyni zamanda iri miqyaslı cinayət idi. Amma Azərbaycanın rəşadətli ordusu erməni fərarilərin, yaramazların cavabını döyüş meydanında verdi, şəhidlərimizin qisasını tamı-tamına aldı, terrorçuları diz çökdürdü və o terrorun başında duranları iflasa uğratdı. Nəhayətində isə Paşinyan Kapitulyasiya aktıını imzalamağa məcbur oldu. Ermənistan məhv oldu. Ermənistan biabır oldu. Ermənistan rəzil oldu.

Müharibənin gedişində qəhrəman ordumuzu da, xalqımızı da ruhlandıran əsas məqam və səbəb cənab Prezident İlham Əliyevin əzmi və cəsarəti idi. Ali Baş Komandan hər çıxışında, xalqa hər müraciətində böyük əminliklə ordumuzu da, bizləri də inandırırdı, əmin edirdi ki, qələbə bizim olacaq. Və İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də verdiyi sözə sahib çıxdı. Qələbə bizim oldu. Azərbaycan tarixi zəfər qazandı, əzəli torpaqlarımız işğaldan azad edildi və məlum qələbə ilə dövlətimiz həm də BMT-nin qətnamələrini özü icra etmiş oldu. "Dəmir yumruq” ermənilərin başını əzdi. Sözün gerçək anlamında əzdi.

Müharibə zamanı Azərbaycan jurnalistikasının da fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bizim dəyərli media mənsublarımız birmənalı şəkildə dövlətin, ordunun yanında oldular, birlik nümayiş etdirdilər. Eyni zamanda Azərbaycan xalqı, dəyərli vətəndaşlarımız sosial şəbəkələrdə, bloqlarda erməni yalanlarını ifşa etdilər, saxtakar düşmənin cavabını verdilər. Yəni, bizim mübarizəmiz və müharibəmiz hər cəbhədə idi. Elə qələbəmiz, qalibiyyətimiz də bütün istiqamətlərdə oldu.

İndi artıq əzəli torpaqlarımızda quruculuq işləri başlayıb. Həmin torpaqlar həqiqətən dirçəlir, o gözəl bölgələrimizdə infrastruktur qurulur, yollar çəkilir, doğma Qarabağımız günü-gündən abadlaşır. İndi bizim müqəddəs Şuşamızda festival keçirilir, igidlərimiz Cıdır Düzündə yallı gedir. İndi şəhidlərimizin ruhu rahatdır.

Azərbaycan hər şeyi öz gücünə edir. EDİB VƏ EDİR! Müharibəni də öz gücümüzlə qazandıq, əzəli torpaqlarımızda abadlaşdırmanı də öz dövlət gücümüzə edirik. Bu gücün əsas səbəbi və sütunu isə yürüdülən məqsədyönlü, düzgün və planlı siyasətdir.

Müharibə zamanı bizə siyasi və mənəvi dəstək verən qardaş Türkiyə, Pakistan və digər dövlətlərin də ləyaqətli mövqeyini xüsusən qeyd etmək lazımdır. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatına üzv dövlətlər, digər bir sıra beynəlxalq təsisastlar ədalətli və gərəkli bəyənatlarla çıxış etdilər. Məlum addımlar isə həqiqətən təqdir olunmalıdır və həm də genetik yaddaşımızda qalmalıdır.

Ermənistan anlamalıdır ki, artıq regionda prosesləri, reallıqları müəyyənləşdirən, formalaşdıran, diqtə edən tərəf Azərbaycandır. Ermənistan fərqində olmalıdır ki, hətərəm-pətərəm davranışlarla, mərkədənyayınmalarla, təxribatlarla heç nəyə nail ola bilməz. Ermənistan dərk etməlidir ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq!

Qarabağ qalibiyyəti bizim bütün gələcək qələbələrimizi, uğurlarımızı şərtləndirən əsas amillərdən biridir. Azərbaycan xalqı və dövləti bundan sonra da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük zəfərlərə doğru irəliləyəcək və daha da inkişaf edəcək.”

Mənsur Mustafayev
7NEWS.az


Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Xəbər lenti