“Ekologiyanı qorumaq kampaniya deyil, vətəndaş məsuliyyəti ilə tənzimlənməlidir” - ARAŞDIRMA

“Ekologiyanı qorumaq kampaniya deyil, vətəndaş məsuliyyəti ilə tənzimlənməlidir” - ARAŞDIRMA

Son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaratmışdır. Siyasi arenada və dövlətçilik fəaliyyətində təkrarsızlığı ilə şöhrətlənən ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə vurğunluğu, ətraf mühitə biganəlik və utilitar münasibət göstərənlərə qarşı barışmazlığı və qətiyyəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin də fəaliyyətinin başlıca stimuluna çevrilmişdir. Dövlət başçısı, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşdırılan layihələr Azərbaycanda ekoloji problemlərin tezliklə yoluna qoyulacağına inam yaradır.

İnsanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biridir. Ölkə rəhbərliyinin ekologiya ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermiş, bu sahədə iri layihələr uğurla həyata keçirilmiş və hazırda da davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ili Ekologiya ili elan etməsi ölkə vətəndaşlarının, ekoloji problemlərin həlli ilə məşğul olan dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının, hüquq-mühafizə orqanlarının, kütləvi informasiya vasitələrinin qarşısında mühüm vəzifələr qoyur. Biz hamılıqla Azərbaycanın flora və faunasının qorunması qayğısına qalmalı, torpaqlarımızın məhsuldar, sularımızın təmiz, havamızın saf olması üçün əlimizdən gələni etməliyik. Biz bütün bu işləri hansısa kampaniya xatirinə görməməli, özümüzün vətəndaşlıq vəzifəsinə çevirməliyik.

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Respublikamız müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində yeni ekoloji siyasət formalaşmışdır. Müasir dövrdə yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublikamızın ekoloji siyasətinin üç əsas istiqamətini bu cür müəyyənləşdirmək olar: ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi; indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq; qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsinin təmin edilməsi.

Mövcud ekoloji problemlərin həll edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin İnkişaf, Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Asiya Bankı, Ümumdünya Vəhşi Təbiət Fondu və digər təşkilatlarla əməkdaşlıq davam etdirilir. Bununla bərabər müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə ikitərəfli əməkdaşlığa, ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulmağa böyük diqqət yetirilir. Azərbaycan Respublikası bugünədək 20 ekoloji konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamışdır.

Şübhəsiz ki, havanın çirklənməsinin qarşısını almaq üçün nə etməli və fərd olaraq necə davranmalı olduğumuzu bir neçə maddəyə sığdırmaq çətindir. Bununla belə, düşünürük ki, bizə lazım olan ilk şey ekoloji maarifləndirmədir.

• Şüurlu fərdlər yetişdirməklə başlayaq. Öz ekoloji şüurumuz yarandıqdan sonra bunları uşaqlarımıza aşılamaqla əhəmiyyətli bir qazanc əldə edirik. Ekoloji şüurla böyüyən uşaqlar zəncir kimi ekoloji tarazlığa gözəllik halqaları qatırlar. Ekoloji şüur ​​dünyamızda "gözəl gələcəyin” qurulması üçün davamlı bir kərpic kimi xidmət edəcəkdir.

• Havanın çirklənməsinə səbəblərdən biri də evləri qızdırmaq üçün istifadə etdiyimiz qızdırıcılardır. Məsələn, siz kömürlə qızdırırsınız? İstifadə etdiyiniz kömürlərin aşağı kalorili olmasına diqqət edərək başlaya bilərsiniz.

• Əgər sobalı evdə yaşayırsınızsa, evinizdə mütəmadi olaraq baca təmizləyin. Bu, təkcə təbiətə deyil, həm də özünüzə sərmayədir.

• Şəxsi nəqliyyat vasitələrinin istifadəsini azaldın. Biz bilirik ki, nəqliyyat xüsusilə, böyük şəhərlərdə yaşayanlar üçün ciddi problemdir. Təbii ki, əgər bacarsanız, təbii ki, şəxsi nəqliyyat vasitələrinin istifadəsini minimuma endirməlisiniz.

Bəli, biz inkişaf edən sənaye ilə sürət qazanırıq. Ancaq eyni sürəti havanın çirklənməsi ilə bağlı etsək, pis olmaz. Məsələn, sənaye məskənlərini yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdırmaqla başlaya bilərik.

• Yaşıl sahələri artırmaq lazımdır. Havanın çirklənməsi ilə mübarizədə ən mühüm silahımız yaşıl məkanlarımızdır. Biz onları artırmaq üçün əlimizdən gələni edə bilərik. Fidan əkək, ağacları kəsməyək, yaşıllıqların artırılmasına əlimizdən gələni edək.

• Damın izolyasiyasına və mənzilin bacasının təmizlənməsinə əlavə diqqət yetirin. Məsələn, istilik probleminin qarşısını almaq üçün binanın izolyasiyası da bir seçimdir.

• Qızdırıcınıza müntəzəm texniki qulluq göstərin. Bu baxımlar nəinki qızdırıcınızdakı havanı alıb sizi daha yaxşı isitəcək, həm də havanın çirklənməsi baxımından yarana biləcək problemlərin qarşısını alacaq.

Bildiyiniz kimi, beynəlxalq ekoloji problemlər ikitərəfli, çoxtərəfli sazişlər və konvensiyalar əsasında tənzimlənir. Əksər dövlətlərin maraq dairəsini əhatə edən problemlərin həlli üçün dünyanın aparıcı dövlətləri və dövlət başçıları son illərdə bir sıra qərarlar qəbul edib. Ekoloji böhranın qlobal xarakter almasının səbəbi dünyanın bütün ölkələrində yaşayan əhalini əhatə etməsi, onun hazırkı böhranlı vəziyyətinin, cəmiyyətin gələcəyinə təhlükə yaratmasıdır. Bu problemlərin aradan qaldırılması üçün bütün imkanların birləşdirilməsi, bütün dövlətlərin və xalqların birgə fəaliyyət göstərməsi tələb edilir. Getdikcə kəskinləşən ekoloji problemlərin həlli yalnız beynəlxalq əməkdaşlıq nəticəsində mümkündür.

XXI əsrin ən böyük bəlası hesab olunan qlobal ekoloji problemlər - havanın çirklənməsi, ozon qatının nazikləşməsi, turşulu yağışlar, torpağın deqradasiyası, tullantılar problemi, biomüxtəlifliyin azalması, içməli su ehtiyatının azalması, qlobal istiləşmə, iqlim dəyişikliyi, meşə massivlərinin azalması və s.

Dünya əhalisinin sayının artması, zavod və avtomobillərdən çıxan tüstü, qazanxanalar, kondisionerlər və s. oksigen ehtiyatının azalmasına və karbon qazının çoxalmasına səbəb olmuşdur. Oksigenin azalması okeanlarda buxarlanan suyun, bitkilərdə gedən fotosintez prosesinin hesabına tarazlaşsa da, texnikanın inkişafı bu tarazlığın daim pozulmasına səbəb olur və addım-addım Yer kürəsinin məhvinə aparır.

İstixana effekti atmosferdə su buxarı və bir sıra qazların - karbon qazı, dəm qazı, metan, azot oksidləri və kükürd oksidlərinin miqdarının artması ilə əlaqədardır. İstixana qazları adlandırılan bu qazlar atmosferdə yayılaraq Yerin ətrafında istixana tavanını xatırladan örtük əmələ gətirir. Nəticədə atmosfer Günəşdən gələn istiliyin çox hissəsini Yerə buraxır, Yerdən kosmosa şüalanmalı olan enerjinin - istiliyin isə qarşısını alır və beləliklə də, bu örtük istixana effektinin yaranmasına səbəb olur.

Amil Qurbanov

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.17

 

Xəbər lenti