“Dövlətçilik ənənələrinə zidd davranışlara yol verilməməlidir” - Əli Hüseynli

“Dövlətçilik ənənələrinə zidd davranışlara yol verilməməlidir” - Əli Hüseynli
"Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında idarəetmə metodlarının qənaətbəxş olmaması ilə bağlı bir sıra ictimai-siyasi xadimlərin, ölkənin tanınmış şəxslərinin, o cümlədən millət vəkillərinin, elm adamlarının, ziyalı təbəqənin nümayəndələrinin narazılıqları və narahatlıqları, bəzi hallarda isə ciddi iradları səslənməkdədir. Məsələnin artıq AMEA-nın hüdudlarını aşaraq geniş ictimai mühitə sirayət etməsi, hətta qarşılıqlı ittihamlar əsasında Akademiyanın rəhbərliyinin Milli Məclisin deputatları, tanınmış elm və ictimaiyyət nümayəndələri ilə münasibətlərinin xoşagəlməz vəziyyət alması böyük təəssüf doğurur".



Bu sözləri Modern.az-a Milli Məclis sədrinin birinci muavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

 

O bildirib ki, ölkəmizdə Ulu öndər Heydər Əliyevdən miras qalmış dövlətçilik ənənələri ilə ziddiyət təşkil edən bu məsələyə biganə qalmaq mümkün deyil: 

 

"Çünki bu açıqlamalarda istifadə olunan bəzi ifadələri nə siyasi, nə də etik baxımdan məqbul sayıla bilər. Məsələnin bu həddə çatması səbəblərindən asılı olmayaraq, hesab edirəm ki, döşündə Heydər Əliyev ordenini gəzdirən şəxs hər bir şəraitdə Ulu öndərin dövlətçilik ənənələrinə uyğun davranmalıdır. Artıq dünya düzənində sivil cəmiyyət kimi formalaşan, siyasi ədəb və tərbiyə məktəbinin və demokratik dəyərlərin yüksək səviyyədə təkmilləşməsinə nail olunduğu Azərbaycan məkanında belə hallara heç bir halda haqq qazandırmaq olmaz.

 

Təəssüf doğuran hal ondan ibarətdir ki, AMEA ətrafında baş verən hadisələr artıq respublikanın sərhədlərini aşaraq "beşinci kolonun” maraqları çərçivəsinə daxil olub və hətta bu arada amerikaninsesi.org saytı Akademiyanın rəhbərindən müsahibə də alıb. Məlumdur ki, Ramiz Mehdiyev uzun müddət Azərbaycanın ali hakimiyyət orqanlarında yüksək  vəzifəli şəxs olub, AMEA isə statusuna görə dövlət orqanıdır. Ona görə də daxildə həll oluna biləcək bu kimi problemlərin bəzi dairələr tərəfindən məqsədli şəkildə geniş coğrafiyada tirajlamalarını ölkənin siyasi elitası içərisində münaqişə kimi təqdim etmək cəhdi kimi də dəyərləndirmək olar. Bu, zənnimcə, Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Azərbaycanın daha böyük vüsət almış davamlı uğurlarına zərər gətirən haldır. Ona görə sağlam düşüncə, məntiq və obyektiv vətəndaş mövqeyindən çıxış edərək, hər kəs belə xoşagəlməz hadisələrin qanun çərçivəsində, sivil yolla araşdırılmasının alternativi olmadığının fərqində olmalıdır".

 

Birinci vitse-spiker 10 mart 2020-ci il tarixdə VI çağırış Milli Məclisin ilk iclasında ölkə Prezidenti cənab İlham Əliyevin nitq söyləyərkən toxunduğu məsələni xüsusi vurğulayıb:

 

"Prezident: "…Sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır” - deyə bildirdi.

 

Buradan çıxan nəticə isə ondan ibarətdir ki, artıq hətta idarəetmədən, elmdən və siyasətdən uzaq olan sadə vətəndaşların qeybət mövzusuna çevrilən AMEA söhbətlərinə son verməyin yeganə yolu dövlət başçısının tövsiyyələrinə əməl edilməsindən keçir.

 

O ki qaldı parlamentə qarşı yönəlmiş iradlara… Hər halda parlamentin formalaşması AMEA-nın formalaşmasından daha demokratik və səviyyəli olub. 9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri nəticəsində tərkibcə və mahiyyətcə yeniləşmiş Milli Məclis dərhal respublikada gedən dərin siyasi və sosial-iqtisadi islahatların reallaşmasında hakimiyyətin digər qolları ilə unison fəaliyyətə qoşulmuş və bu gün də milli qanunvericiliyimizin yeni reallıqlara uyğunlaşdırılması istiqamətində mühüm nailiyyətlərə imza atmaqla Ulu öndərin dövlətçilik ənənələrinə xidmət etməkdədir".

Xəbər lenti