"DTX-nin rəsmi açıqlaması kifayət qədər ciddi hüquqi məsuliyyət yaradır" - Səbuhi Abbasov

"Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi,  Müdafiə Naziriliyi və bu kimi qurumların  adından saxta profil açan şəxslər  müəyyənləşərsə, hər hansısa formada, ya inzibati, ya mülki məsuliyyətə cəlb olunmalıdır”

"Bunu nümunə kimi cəmiyyətə göstərmək lazımdır ki,  digər insanlar da bu addımı atmazdan öncə dərindən fikirləşsinlər”
"Çünki bunlar stateji və dövlətin təhlükəsizliyi ilə bağlı qurumlardır”

Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir. Belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür. 

Bununla bağlı DTX xəbərdarlıq yayıb. Qeyd edilib ki, DTX-nin rəsmi internet saytı olan "https://www.dtx.gov.az/az/” və "Facebook”, "Twitter”, "Instagram”, "YouTube” sosial şəbəkələrində müvafiq olaraq "https://www.facebook.com/DTXAzerbaijan”, "https://twitter.com/DTX_Azerbaijan”, "https://www.instagram.com/azerbaijandtx/”,"https://www.youtube.com/c/DTXofficialchannel/” səhifə və kanalları fəaliyyət göstərir və DTX-yə aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir. 
"Həmçinin xüsusi vurğulayırıq ki,  DTX-nin sosial şəbəkələrdəki rəsmi səhifələri "Facebook”, "Twitter”, "Instagram” və "YouTube” administrasiyaları tərəfindən verilmiş və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir.
Bununla yanaşı bildiririk ki, sosial şəbəkələrdə DTX-nin rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.
Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nin fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nin rəsmi internet resurslarından əldə olunmalıdır”, - məlumatda qeyd edilib.

Mövzu ilə əlaqəli "Sherg.az”a danışan internet-media eksperti Səbuhi Abbasov bildirib ki, hər bir halda sosial şəbəkədə saxta profillərin yaradılması birmənalı şəkildə qınanmalıdır və müəyyən mənada ictimai və hüquqi məsuliyyət yaratmalıdır:

 "Saxta profillərin yaranması bütün dünyada baş verir. Bəzi insanlar bundan kibercinayət  məqsədi ilə istifadə edir. Bəzi insanlar isə sadacə olaraq  səhifələrini populyarlaşdırmaq, müəyyən izləyici audotirayası toplamaq, daha sonra səhifələrin adını dəyişərək başqa məqsədlərlə istifadə etmək üçün yaradır. Təəssüflər olsun  ki, bununla bağlı konkret olaraq qanun-cəza mexanizmi olmadığına görə, burada çox ciddi boşluqlar var. Bu boşluqlardan  bütün dünya əziyyət çəkir”.

Ekspert qeyd edib ki, DTX-nin rəsmi açıqlaması kifayət qədər ciddi hüquqi məsuliyyət yaradır:

"Burada məsələ paylaşılan xəbərin düzgün, yanlış  və yaxud qeyri-dəqiq olmasında deyil.  Məsələ bir saxta hesabın rəsmi qurumun adından məlumat paylaşmasından gedir. Düşünürəm ki, bütün orqanlar mütamadi olaraq, sosial şəbəkə hesablarını izləməlidir. Əgər belə faktlar aşkarlanarsa, bununla bağlı ictimaiyyətə geniş şəkildə məlumat verilməlidir. Bu məlumatda, eyni zamanda, hüquqi məsuliyyətin elementləri də göstərməlidir. Bunun üçün demək olar ki, bütün qurumlarda aidiyyəti şəxslər və vəzifələr var. Belə olmadığı təqdirdə, təbii ki, bir çox vətəndaşlar bilərəkdən, bəziləri bilmədən bu yola əl atırlar”.  

S.Abbasov hesab edir ki, baş verən bütün bu prosesləri - saxta profillərin, qrupların və səhifələrin  yaradılmasını aradan qaldırmaq üçün addımlar atılmalıdır:

"Burada söhbət təkcə Feysbukdan getmir, bura İnstaqram, TikTok, Tvitter və. s daxildir.  Bilirsiniz ki, "Media haqqında” qanun artıq qəbul olundu. Hesab edirəm ki, bu, Azərbaycan mediasının inkişafına təsir göstərəcək. Sosial şəbəkələr də medianın  bir ailəsidir. Mütəxəssislər hətta bunu "sosial media” adlandırır. İnsanlar fərdi şəkildə istəmədən belə, artıq sosial medianın tərkib hissəsinə-subyektinə çevrilib.  Buna görə də düşünürəm ki, sosial media ilə bağlı müəyyən qismən tənzimləyici qanun qəbul olunmalıdır.  Təbii, o qədər incə detallar öz əksini tapmalıdır ki, dünya miqyasında bu, sosial media azadlığının məhdudlaşdırılması kimi görülməsin. Daha çox sosial mediada vətəndaş məsuliyyətinin artırılmasına hesablansın. Mən elə zənn edirəm ki, belə bir qanunun qəbul edilməsi, birmənalı şəkildə saxta profillərin qarşısını almış olacaq. Ancaq Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi,  Müdafiə Naziriliyi və bu kimi qurumların  adından saxta profil açan şəxslər  müəyyənləşərsə, hər hansısa formada, ya inzibati, ya mülki məsuliyyətə cəlb olunmalıdır. Bunu nümunə kimi cəmiyyətə göstərmək lazımdır ki,  digər insanlar da bu addımı atmazdan öncə dərindən fikirləşsinlər.  Çünki bunlar stateji və dövlətin təhlükəsizliyi ilə bağlı qurumlardır. Bu qurumların adına saxta profil açılırsa və bunun qarşısı alınmırsa, bu cəmiyyətdə başqa cür qəbul edilə bilər”.

Çimnaz ŞAHLAR

Xəbər lenti