"Cəmil Həsənlinin və digərlərinin hansı yuvanın quşu olduğunu hamı bilir" - RƏYLƏR

Bu günlərdə Azərbaycanın informasiya məkanına şok məlumat daxil olub. Bəlli oldu ki, Londonda İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası tərəfindən "Azərbaycan Gənclərinin Təhsil Fondu” (AGTF) qeydə alınıb. Kiçik araşdırma nəticəsində məlum oldu ki, bu "xeyirxah” işin həmmüəllifləri cəmiyyətdə yalnız mənfi imicləri ilə tanınan Milli Şuranın fəxri sədri, bu yaxınlarda həm ABŞ-dan, həm də İngiltərədən qovulan (ona müasir dildə deportasiya deyirlər – müəllif) tarix professoru Cəmil Həsənli, diplomatik fəaliyyətində yol verdiyi satqınlıq, xəyanət cəzasından yayınmaq üçün Avropa dövlətlərindən birinə qaçan Arif Məmmədov və hələlik iqtisadiyyatda heç bir uğur qazana bilməyən, əvəzində siyasi partiyasını da itirən Qubad İbadoğludur. SİA mövzu ilə bağlı deputatların fikrini öyrənib.
 
Milli Məclisin deputatı Aydın Mirzəzadə: "Adı çəkilən şəxslər on illərdir ki, xaricdə yaşayırlar. Onların heç vaxt nə təhsil, nə də gənclər siyasəti ilə bağlı təşəbbüsü olmayıb. Birdən-birə belə bir fond yaratmaları onların xüsusi tapşırıq yerinə yetirməsi təəssüratı yaradır. Azərbaycan gəncliyi təhsilə çox maraqlıdır. Həm Azərbaycanda, həm də ölkədən kənarda onminlərlə gəncimiz ali təhsil alır. Bu gün xarici universitetləri bitirərək elmi-pedoqoji fəaliyyətlə məşğul olan minlərlə bacarıqlı Azərbaycan gənci var. Bu potensialdan adı çəkilən şəxslər öz siyasi oyunları üçün istifadə etməyə çalışırlar. Şübhəsiz ki, bu onların təşəbbüsü deyil. Onlar bu "fond" üçün qrantı haradan aldıqları sirrini açmayacaqlar. Aydın məsələdir ki, çirkin mənbələrdən, anti-Azərbaycan mərkəzlərdən yığılan pullarla onlar gəncliyimizi şirnikləndirməyə çalışacaq. Həmin gəncliyi Azərbaycan dövlətçiliyinə, suverenliyimizin qorunmasına qarşı istifadə etməyə çalışacaqlar. Təsadüfi deyil ki, 44 günlük müharibə zamanı həmin şəxslər Azərbaycanın yox, Ermənistanın, Fransanın siyasətini müdafiə edən bəyanatlar verirdilər. Azərbaycan gəncliyi onların şirnikləndirici təkliflərinə uymayacaq. Bu gün Azərbaycan dövləti həm həm ölkə daxilində, həm də ölkə xaricində gənclərimizin keyfiyyətli təhsil alması üçün maksimum addımlar atır. Dünyanın bir sıra reytinq cədvəlində Azərbaycan universitetləri yer almağa başlayıb. Azərbaycanda təhsil alan xarici ölkə vətəndaşları da az deyil. Xaricdə anti-Azərbaycan mərkəzlərinin siyasi xəttini təbliğ edən radikal müxalifətçilərin oyununun da iflasa uğrayacağını proqnozlaşdırmaq olar".
 
Milli Məclisin deputatı Elşən Musayev: "Sizcə üç riyakarın, üç yalançının yaratdığı təşkilat nəyə xidmət edə bilər? – Əlbəttə ki, dələduzluğa! Yalnız və yalnız! Çünki bu 3 buqələmunun nə təhsilə, nə də digər sahələrə aidiyyatları yoxdur. Onlar dəllaldır. Sözün gerçək anlamında - dəllal.

Cəmil Həsənlinin də, digərlərinin də hansı yuvanın quşu olduğunu hamı bilir. Və indi yəqin pulları qurtarıb deyə, yeni maliyyə, qrant mənbələri axtarırlar. Hətta burada digər yaramaz məqsədlər də ola bilər.

Cəmil Həsənli vətən xainidir. Bu adam vicdansızın təkidir. Bu adam siyasi casusdur. Bu adam Əli Kərimli kimi anti-milli ünsürün, satqının əlindəki oyuncaqdır. Bu adam şeytan bilir, eyni vaxtda neçə xarici agenturaya işləyir. Beləsi və ya belələri xoşməramlı məqsədə qulluq edə bilərmi? Təmənnasız şəkildə nəsə yarada, ərsəyə gətirə bilərmi? Əsla və əsla!

Məlum üçlüyün fəaliyyəti mütləq araşdırılmalı, diqqətdə saxlanılmalıdır. Çünki onlardan xalq əleyhinə, insanlıq əleyhinə bütün pisliklər gözlənilə bilər. Əsas da Cəmil kimi yaramazdan!".

Milli Məclisin deputatı Ceyhun Məmmədov: "Hesab edirəm ki, hər bir elmi fəaliyyətlə məşğul olan fondun əsas məqsədi elm olmalıdır. Siyasi məqsədlər üçün hər hansı bir fəaliyyət həyata keçirilməməlidir. Hər üç şəxs "təhsil fondu" açmaqlarına baxmayaraq siyasətlə məşğuldur. Bu fondu siyasi oyunlarına alət etməməlidirlər. Əgər belə bir cəhdləri olarsa, onlar qanun qarşısında mütləq cavab verməlidirlər. Düşünürəm ki, həmin şəxslərin bu fonddan öz məqsədlərini həyata keçirmək üçün istifadə etmələrinin qarşısı qətiyyətlə alınmalıdır".

Xəbər lenti