Bu tarix xalqımızın yaddaşından silinməyəcək

Bu tarix xalqımızın yaddaşından silinməyəcək
Əli Hüseynli

 Milli Məclisin deputatı

1918-ci il martın 31-də Azərbaycanda törədilmiş soyqırımından 105 il keçir. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmişdir. Bu gün artıq uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri beynəlxalq səviyyədə öz siyasi və hüquqi qiymətini almayan soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

Möhtəşəm Zəfərlə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi şəraitdə bu tarixə yeni, daha mükəmməl baxış bucağı formalaşmaqdadır. Faciənin mahiyyətini daha dərindən dərk etmək üçün, hesab edirəm ki, soyqırımına aparan yolun tarixi köklərinə və bu istiqamətdəki siyasi proseslərə nəzər salmaq vacibdir.

Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirmək üçün ermənilərdən  vasitə kimi istifadə edən çar Rusiyası Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. Belə ki, 1724-cü ildə I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdu. 

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri isə Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Bu milli faciənin davamı kimi əzəli torpaqlarımızın zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Beləliklə də, soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edir.

Bu xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirmişlər. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdı. Nəticədə yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğın aktı 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.

Azərbaycanlıların soyqırımından bəhs edərkən daha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının  və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

Təəssüf ki, o dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin bu hadisələrə hüquqi-siyasi qiymət verə bilmədi. Bu tarixin  əsl mahiyyətinin açılmasında  Ulu öndər Heydər Əliyevin müstəsna rolu vardır. Onun  1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bakı şəhərində Şəhidlər xiyabanında "Əbədi məşəl” abidə kompleksinin ucaldılması haqqında ölkə rəhbərinin 1998-ci il 5 avqust tarixli Sərəncamına uyğun olaraq yeni kompleks açılmışdır.

2003-cü ildən başlayaraq Prezident İlham Əliyev bu məsələdə  hücum diplomatiyasına start vermiş və bununla da azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər daha da vüsət almışdır. 2018-ci il 18 yanvar tarixində dövlətimizin başçısı 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalamışdır. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin də əhəmiyyəti böyükdür. Məhz Fondun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması ölkə rəhbərliyinin bu məsələyə yüksək həssaslığını nümayiş etdirir. Dövlət başçısının  tövsiyəsi ilə 2018-ci il martın 30-da Azərbaycan Respublikasının Milli Məclisi ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclas keçirmiş və bununla bağlı Bəyanat qəbul etmişdir.

Azərbaycan xalqı sülhsevər və tolerant xalq olaraq tarixən dünyaya sivil birgəyaşayışın unikal nümunələrini göstərmişdir. Lakin eyni zamanda biz xalqımıza qarşı törədilmiş 1905-ci, 1918-ci il qırğınlarını, 1948-1953-cü ilin 150 minlik deportasiyasını, ötən əsrin 1980-1992-ci illərdə yaranmış 700 mindən artıq məcburi köçkünlərimizin çəkdiyi məşəqqətlərin,  300 minədək Qərbi Azərbaycandan qovulmuş qaçqınlarımızın mərhumiyyətlərinin, 1990-cı il 20 yanvar faciəsinin, 1992-ci il Xocalı soyqırımının, habelə 30 illik işğal dövründə Qarabağ torpaqlarında, hətta cəbhə xəttindən çox uzaq yaşayış məntəqələrində baş vermış və bu gün bütün dünyanın nifrətinə səbəb olan cinayətlərin nəticələrinin yaddaşlardan silinməsinə imkan verməməliyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a verdiyi müsahibəsində bununla bağlı fikirlərini bölüşərkən söyləmişdir: ”... Yəni, bu yaddaş silinməməlidir... Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq...”.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi atlında qazanılan və ərazi bütövlüyümüzün təmin edilməsi ilə yekunlaşmış tarixi Zəfər, azərbaycanlıların əzəli haqqının özünə qaytarılması istiqamətində dövlət səviyyəsində mühüm addımların atılması, Böyük Qayıdış konsepsiyasının reallaşmasına xalqın inamı ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinə tezliklə beynəlxalq səviyyədə obyektiv hüquqi qiymət veriləcəyinə bəslənən ümidləri gücləndirir.

Xəbər lenti