Bir söz qalır deməyə: yazıqlar olsun belə "siyasətçilərə"! - Azay Quliyev

Bir söz qalır deməyə: yazıqlar olsun belə

Mayın 27-də erməni diversantlarının Azərbaycan ərazisində saxlanılması və iyun ayının 4-də Kəlbəcərdə 3 Azərbaycan vətəndaşının tank əleyhinə minanın partlaması nəticəsində həlak olması faktlarına beynəlxalq qurum və dövlətlərin reaksiyasına, verilən bəyanatlara nəzər salsaq, görə bilərik ki, bu cür təşkilatların, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ və Fransa kimi ölkələrin baş verən hadisələrə münasibətində ikili və qeyri-obyektiv yanaşma mövcuddur.

Bu fikirləri Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.

O qeyd edib ki, birinci halda Ermənistanın bütün beynəlxlaq qanunları pozaraq təxribat törətmək məqsədilə göndərdiyi təxribatçıların dərhal azad olunması Azərbaycandan tələb edilir: "Onlar yaxşı bilirlər ki, bu diversantlar ölkəmizin sərhədlərini Kəlbəcər tərəfdən qanunusuz keçərək burada terror fəaliyyətini həyata keçirməyə, ərazilərimizdə minalar yerləşdirməyə cəhd etdiklərinə görə Azərbaycan tərəfindən saxlanılıb. İkinci halda isə Ermənistan beynəlxalq humanitar qanunun tələblərini və beynəlxalq öhdəliklərini kobud şəkildə pozaraq minaladığı ərazilərin xəritələrini bizə vermədiyinə görə iyunun 4-də ikisi jurnalist olmaqla 3 Azərbaycan vətəndaşı bir həftə sonra Kəlbəcərdə minaya düşərək həlak olur. Lakin biz nəyin şahidi oluruq? AŞ-nın insan hüquqları üzrə komissarı, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi və digər bu kimi təşkilatların təmsilçiləri mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı məsələyə münasibət bildirəndə belə Ermənistana heç bir çağırış etmirlər, hər kəsə yaxşı məlum olsa da, minaların bu ərazilərdə kim tərəfindən yerləşdirildiyini qeyd etmirlər. Halbuki, beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı başlıca funksiyası məhz Ermənistandan mina xəritələrinin təqdim olunmasını tələb etməkdən ibarət olmalıdır”.

Millət vəkili hesab edir ki, ABŞ, Fransa və onların həmsədr olduğu Minsk Qrupu reallıqdan tamamilə uzaq bəyanatlarla çıxış edir, jurnalistlərimizin ölümünə isə riyakarcasına göz yumur: "Vaşinqton və Parisdə faktiki olaraq yalnız Ermənistanın mövqeyini ifadə etməklə, onların sözçüsü funksiyasını yerinə yetirməklə məşğul olan şəxslər mina partlayışına ümumiyyətlə reaksiya vermirlər. Ancaq mən bundan təəccüblənirəm, çünki bu, yeni hal deyil. Hər birimizə məlumdur ki, bu, onların Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən cinayətlərə əvvəlki münasibətlərinin davamıdır. 30 ilə yaxındır ki, bu qurumlar və dövlətlər Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və soyqırımı siyasətinə göz yumurdu”.

Azay Quliyevə görə, biz bu cür qərəzli və riyakar yanaşmanı sona qədər ifşa etməli, onların ikili standartlarına səssiz qalmamalıyıq: "Bu cür haqsız və qərəzli yanaşma təkcə beynəlxalq təşkilatlar tərəfindən deyil, daxildə bəzi marginal qruplar tərəfindən də müşahidə olunmaqdadır. Bu mənada Müsavat partiyasının başqanı Arif Hacılının jurnalistlərin minaya düşüb həlak olmasına görə cənab Prezidenti günahlandırması onun nəinki Ermənistanın hərbi cinayətini müdafiə etmək, ona bəraət qazandırmaq cəhdidir, bu həm də dünya erməniliyinin uğradığı ağır və biabırçı məğlubiyyətdən sonra ölkəmizə və müzəffər Ali Baş Komandana qarşı apardığı məqsədyönlü və çirkin kampaniyanın alətinə çevrilməsi deməkdir. Mən istisna etmirəm ki, gələcəkdə erməni təbliğat maşını məhz Hacılının bu kimi səbatsız və anti-milli açıqlamalarına istinad etməklə ölkəmizə qarşı istifadə etdikləri "tezisləri" daha da zənginləşdirəcəklər. Sadəcə bir söz qalır deməyə: yazıqlar olsun belə "siyasətçilərə"!"

Xəbər lenti