"Bəs İran niyə indiyədək bu Konvensiyanı ratfikasiya etmir?" - DEPUTAT

7NEWS.az xəbər verir ki, bu sözləri Parlamentdə çıxışı zamanı millət vəkili Sahib Alıyev deyib: "Bu gün Milli Məclis İran parlamentinin həddini aşan hərəkəti ilə bağlı bəyanat qəbul etdi. Sözü gedən məsələ haqda çıxışımın stenoqramını sizə təqdim edirəm. 
Hörmətli xanım sədr, dəyərli həmkarlar! İslam Konfransı Təşkilatının 8 üzvünün çoxdan İsraildə səfirlikləri olduğu halda beynəlxalq normalara dayanaraq eyni addımı atan Azərbaycanın həmən qurumda pislənməsinin istənilməsi məncə, təkcə bu təşəbbüsdə bulunan İran parlamentinin deyil, bötövlükdə oradakı rejimin reallıq hissini itirməsinin növbəti təsdiqidir. Guya bunlar fələstinlilərin təəssübünü çəkirlərmiş. Bizim Fələstinə dəstəyimiz, Mahmud Abbasın Bakıda necə qarşılandığı, xarici işlər nazirimizin İsraildə səfirlik açdığımızın səhəri günü ora getməsi və aramızdakı dostluqdan xəbər verən digər reallıqlar kimsəyə sirr deyil. Azərbaycanın işğal altındakı torpaqlarında 67 məsciddən 65-ni dağıdan bir ölkə ilə sarmaş-dolaş gəzən birinin özünü din təəssübkeşi kimi təqdim etməsi isə abırsızlığın son həddi də olmayıb, bəs nədir?  
İran Parlamentinin bu bəyanatı göstərir ki,  keçmiş kəşfiyyat nazirləri Əli Yunesinin bildirldiyi kimi orada rejim doğrudan da tam deqradasiyaya uğrayıb. Əgər belə olmasaydı, cənab İlham Əliyevin təqribən iki il bundan öncə Cəbrayılda  "Azərbaycan-İran sərhədi dostluq sərhədidir” deməsindən xəcalət çəkər, bizə qarşı düşmənçilik siyasətinə son qoyardılar.  Qarabağ savaşlarında İranın hansı hoqqalardan çıxdığı, son 30 ildə işğalçı Ermənistana necə hərtərəfli dəstək verdiyi haqda hamıdan çox bilgisi olan Müzəffər Ali Baş Komandanımızın bu açıqlaması əslində o demək idi ki, etdiyiniz bütün pislikləri unudur, ikitərfli əlaqələrdə yeni bir səhifə açılmasını istəyirik. Bəs bu alicənab, lütfkar davranışa cavab nə oldu? Sərhədlərimiz boyunca təlimlər keçirilməyə, hansısa "qırmızı xətt”dən dəm vurulmağa başlanıldı,  öz təbirlərincə desək, "sionistlərə” guya burada hərbi baza yaratmalarına izn verməkdə suçlandırıldıq. Prezidentimizin Mühhendə Laçın yolu və Zəngəzur dəhizində  hər iki ölkənin sərhəd keçid məntəqələrinin yaradılması haqda rəsmi təklifi o demək deyilmi ki, bizim kimsənin torpağında gözümüz yoxdur.
Bəlkə onlar o qədər kar və kordular ki, dövlət başçımızın  2006-cı ildə Vaşinqtonda Ağ evin qarşısında ərazimizdən başqalarına qarşı plasdarm kimi istifadəsinə izn verilməyəcəyi haqda açıqlamasını eşitməyib və görməyiblər?  Bundan əlavə biz İran parlamentindən fərqli olaraq Xəzərin hüquq statusuna dair Konvensiyanı 2019-cu ildə burada təsdiqləmişik ki, o sənəddə bir üzvün öz torpaqlarını digər üzv ölkəyə qarşı "təcavüz və ya başqa hərbi addım atmaq üçün” verməməsi kimi bənd var. Bəs İran niyə indiyədək bu Konvensiyanı ratfikasiya etmir? Azərbaycanı özlərinə qarşı İsraillə əlbir olmaqda suçlandıranlar yaxşı olardı ki, bayaq adını çəkdiyim  keçmiş baş kəşfiyyatçıları Əli Yunesinin Mossadın agentlərinin ölkəsinin istebleşmentində özlərinə möhkəm yer etdikləri haqda  dediklərinə diqqət yetirsinlər.  Axtarsınlar görsünlər, Azərbaycanla körpüləri yandırmağa çalışan rejim təmsilçiləri arasında elələri varmı? Bəyanatda "böyük İran İslam xalqı"ndan dəm vurulur, maraqlıdır bu adın altında kimlər nəzərdə tutulur? Məsələn, biz bilirik ki, sayı 50 milyondan çox olan və ikinci Qarabağ savaşındakı zəfərdən sonra artıq millətləşmə mərhələsinə qədəm qoyan Böyük Azərbaycan Xalqı var. Bəs o böyük İran İslam xalqı kimdir? 
İran parlamentindəkilərdən soruşmaq istərdim islamı gözdən salmaq, Əl-Qaidə və  İŞİD-dən daha əvvəl onun adının terrorla qoşa səslənməsini təmin etmək, məzhəbçiliyi də yox, sektaçılığı təbliğdən başqa din qarşısında hansı xidmətiniz var? Azərbaycan özünün yeritdiyi multikultral siyasət, sivil idarəçilik modeli və islamafobiyaya qarşı sərt, qətiyyətli mövqeyi ilə diqqət çəkdiyi, Bakıdakı 10-cu Qlobal Forumda olduğu kimi bu məsələni  dəfələrlə beynəlxalq gündəliyə çıxardığı  halda sizin din qarşısında  xidmətiniz nədən ibarət olub? Yaratdığınız terror qruplaşmalarına peyğəmbərizimin əzizlərinin  adlarını qoymağınızı  islama xidmətmi sayırsınız?  Nə bunlar, nə də yaymağa çalşdığınız xurafatçılıq, başqa ölkələrin iç işinə qarışmaq, kərimə iyi verən ideologiyanız dinə xidmətdir, əksinə onu gözdən salmaqdır.
Yeri gəlmişkən, 3-5 riala satın aldıqları yaramazlarla Azərbaycanda "kərimə dövləti” yaratmağa çalışanlar buyurub digərlərindən də yox, həmən "kəriməçi”lərin qohum-əqrabasından soruşsunlar ki, İrandakı o anormal şərtlər çərçivəsində bir gün olsun belə yaşamaq istərdilərmi? Ona görə də Tehran rejimi anlamalıdır ki, bu regionda yeni dövlət yaratmaq cəhdləri ancaq ona aparıb çıxara bilər ki, o yaranan "kərimə” yox, Böyük və Bütöv Azərbaycan dövləti olacaq.  
Sonda təklif edirəm ki, Milli Məclisin bəyanatında cənab Prezidentin İrandakı soydaşlarımızn öz dillərində təhsil almaq və basqılarla üzləşmədən  istədikləri həyat tərzini seçmək, azad yaşamaq haqda  irəli sürdüyü tələb də əksini tapsın."

Xəbər lenti