Azərbaycanın Ukraynadakı səfiri UAR-ın yeni rəhbərliyini qəbul edib

Azərbaycanın Ukraynadakı səfiri UAR-ın yeni rəhbərliyini qəbul edib
Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov və aparat rəhbəri Elşad İbrahimovu qəbul edib. 
UAR-ın fəaliyyəti, son zamanlar keçirilmiş və nəzərdə tutulan tədbirlər barədə məlumat vermək, həmçinin gələcək birgə tədbirlərin müzakirə olunması məqsədini daşıyan görüşdə səfir Elmira Axundova göstərilən təqdirəlayiq fəaliyyətə görə UAR həmsədrlərinə təşəkkürünü ifadə edib. Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinə toxunan səfir öz tövsiyyə və təkliflərini bildirib: "Arzumuz UAR-ın bütün Azərbaycanlıların evinə çevrilməsi, milli maraqlarımızın Ukraynada müdafiə və tərənnüm edilməsi məqsədilə diasporumuzun koordinasiyalı şəkildə fəaliyyət göstərməsidir. Regionlardakı diaspor təşkilatları və icmalarla əlaqələr gücləndirilərək, onların UAR ətrafında birləşməsinə nail olmaq lazımdır.” Səfir Azərbaycan kimi qüdrətli və müzəffər bir xalqın vahid və güclü diaspora sahib olması üçün dövlət dəstəyi və lazımi imkanların mövcud olduğunu da əlavə edib. 
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinin Ukraynada əbədiləşdirilməsi məqsədilə Heydər Əliyev Fondu və şəxsən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında ədibin və onun "Xəmsə”sindən qəhrəmanların kompozisiya heykəlinin ucaldılacağı barədə məlumat verən səfir abidənin qoyulacağı ərazinin abadlaşdırılmasında UAR-ın da fəal olmasını təklif edib. Xanım səfir həmçinin Azərbaycan həqiqətləri və dəyərlərinin Ukraynada daha keyfiyyətli təbliği naminə birgə fəaliyyətin vacibliyini, yaxın aylardakı əhəmiyyətli tədbirlərin birgə təşkilinin daha əhəmiyyətli olacağını vurğulayıb. 
Görüşdə çıxış edən UAR baş katibi Ceyhun Məmmədov qəbul üçün xanım səfirə təşəkkür edib, gələcək planlardan danışıb. "Fikirdə, sözdə və əməldə birlik” şüarı ilə bütün soydaşlarımızı Azərbaycan naminə birliyə çağırdıqlarını bildirən Məmmədov Ukraynada güclü diaspor ənənəsinin olduğunu vurğulayıb. "Təməlləri ulu öndər Heydər Əliyev tərəfindən atılan Ukraynadakı Azərbaycan diasporu Ukraynanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal rol oynayır. Bununla yanaşı davamlı olaraq Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün çalışır. Bu, xalqımızın zəfəri ilə bitən Vətən müharibəsi zamanı bir daha sübut oldu - Ukrayna dövləti və Ukrayna ictimaiyyəti Azərbaycanın haqq mübarizəsinə birmənalı dəstək verdi” deyən Məmmədov UAR ilə səfirlik arasında konstruktiv əməkdaşlığın artırılmasına nail olacaqlarına inandığını bildirib. 
Regionlarda görülən işlərlə bağlı xanım səfirə məlumat verən aparat rəhbəri Elşad İbrahimov oktyabr ayında UAR üzvü olan təşlilatlarla geniş tərkibdə görüş təşkil olunacağı barədə məlumat verib. 
Görüşdə Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri xanım Elmira Axundova ilə yanaşı, müşavirlər Kamal Xəlilov və Sabir Rzayev, ikinci katib Samir Allahverdiyev və üçüncü katib Təranə Sadıqova da iştirak edib.

Xəbər lenti