Azərbaycan – Özbəkistan əlaqələri genişlənir

Azərbaycan – Özbəkistan əlaqələri genişlənir
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərini televiziyadan sonsuz maraqla izlədim. Dost və qardaş özbək xalqı­nın Azərbaycan dövlətinə və onun liderinə böyük hörmət və ehtira­mı məni çox duyğulandırdı. Gəldiyim qənaət budur ki, Azərbaycan və özbək xalqlarının dostluğu əbədi və sarsılmazdır. Azərbaycan və Özbəkistan liderləri ölkələrimiz arasında daha sıx əməkdaşlığın yaranması və güclənməsi üçün əllərindən gələni edirlər. Bu, bizim xalqlarımızın və dövlətlərimizin xeyrinədir. Bu müdrik siyasəti hər iki ölkənin ictimaiyyəti birmənalı olaraq dəstəkləyir.

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çox uğurlu olub. Səfər zamanı Iki ölkə arasında 20-dək sənəd imzalanıb. Hesab edirəm ki, bu mühüm sənədlər Azərbaycan və Özbəkistan ara­sında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.

Bir məqamı heç vaxt unutmaq olmaz. O da budur ki, Özbəkistan Azərbaycanla Ermənistan arasında münaqişə məsələsində daim Azərbaycanı dəstəkləyib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qələbə münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edib. Qardaş ölkənin dövlət başçısı hesab edir ki, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində regionda tarixi ədaləti bərpa edib. Dostlarımız buna sevinir, düşmənlərimiz xar olurlar.

Yaxşı xatırlayıram ki, 2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev işğaldan azad edilmiş Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. 3 hektar ərazidə 960 yerlik məktəb tikin­tisi üçün ərazi artıq müəyyənləşdirilmiş və ilkin işlərə başlanılıb. Fikrimcə, bu, Azərbaycanla Özbəkistan arasında dost­luğun, əsl qardaşlığın rəmzidir.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ümum­milli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf edir. Bu, çox böyük, qürurverici əlamətdar hadisədir. Daşkənddə Heydər Əliyev meydanının açılışına həsr olunmuş reportajı izləyəndə qəlbim sevincimdən dağa döndü. Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə yüksək fikirləri, həqiqətən, qardaş ölkədə Azərbaycan xal­qının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir.

Bəli, dahi siyasətçi Heydər Əliyev özbək xalqına böyük hörmət və dərin sevgi ilə yanaşıb. 1970-ci illərdə də onun Şərəf Rəşidov, 1990-cı illərdə İslam Kərimov ilə dostluğu Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin bugünkü uğurlu inkişafı­nın təməlini qoyub. Sevindirici haldır ki, Prezident Şavkat Mirzəyevin rəhbərliyi ilə Özbəkistan müstəqil xarici siyasət yürüdür, öz resurslarına güvənir, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanır. Dostumuzun uğurları, əlbəttə, bizi də çox məmnun edir.

Görünən budur ki, bu gün Azərbaycan və Özbəkistan hərtərəfli əlaqələri keyfiyyətcə yeni mərhələyə daxil olur. Bu, hər iki xalqın və dövlətin mənafelərinə uyğundur. Biz birlikdə güclüyük!

Azər VERDİYEV,

politoloq, İkinci Qarabağ müharibəsi əlili

Xəbər lenti