Azərbaycan-Rusiya: parlamentlər arasında intensiv siyasi dialoq mövcuddur

Azərbaycan-Rusiya: parlamentlər arasında intensiv siyasi dialoq mövcuddur

Əli Hüseynli

Milli Məclisin deputatı

Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətlərini nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir.

Şübhəsiz ki, Azərbaycan ilə Rusiya arasında yaradılmış bu cür mühit ilk öncə iki ölkə liderləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinə əsaslanır. Dövlət başçılarının son illər mütəmadi görüşləri və qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm impuls vermişdir.

Xüsusilə cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu və diplomatik səyləri nəticəsində Azərbaycana qarşı münasibətdə Rusiyanın loyal mövqeyinə nail olunması 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi üçün mühüm amillərdən biri  olmuşdur. Təsadüfi deyil ki, 10 noyabr üçtərəfli Moskva Bəyannaməsi məhz Rusiyanın vasitəçiliyi və iştirakı ilə imzalanmışdır. Ona görə də Rusiyanın hakim dairələri Ermənistanın üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu vurğulamaqla regionda sülhün və təhlükəsizliyin tərəfdarı olan Azərbaycanın haqlı mövqeyinə dəstək verərək bu razılaşmanın reallaşdırılmasında ardıcıl səylər göstərməkdədirlər.

Postmünaqişə dövründə Cənubi Qafqaz bölgəsində formalaşan yeni reallıqlar fonunda ölkələrimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı hörmət əsasında müsbət tendensiyalar üzərində inkişaf edir. Prezident İlham Əliyevin ötən ilin fevralında Rusiyaya rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması ölkələrimiz arasında münasibətlərin dövlət başçıları tərəfindən yaradılmış möhkəm bazaya əsaslandığını göstərir.

Bu dövr ərzində qarşılıqlı münasibətlərin genişlənməsində mühüm yer alan parlament ölçüsünün də böyük əhəmiyyəti vardır. Belə ki, parlamentlərimiz də prezidentlər səviyyəsində qəbul olunmuş qərarların qanunvericilik bazasının təmin edilməsinə öz töhfəsini verir. Bu baxımdan Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amillərdən biri də məhz parlamentlərarası əlaqələrdir. Milli Məclisin həm Dövlət Duması, həm də Federal Şura ilə münasibətlərinin hazırkı səviyyəsi məmnunluq hissi doğurur, parlament komitələri arasında əməkdaşlıq və dostluq qruplarının işgüzar əlaqələri böyük önəm daşıyır.

Parlamentlər arasında intensiv siyasi dialoq mövcuddur. Çoxsaylı işgüzar siyasi təmaslar mehriban qonşuluq siyasətini, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrini özündə əks etdirən əməkdaşlığı daha da zənginləşdirməkdədir. Dünya arenasında, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində də nümayəndə heyətlərimiz effektiv əməkdaşlıq edir və qarşılıqlı maraqları nəzərə alır.

Bu baxımdan əminik ki, bu günlərdə ölkə Parlamentinin Sədri xanım Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumu münasibətlərimizin yeni mərhələyə qədəm qoymasına münbit şərait yaradacaq, parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə öz mühüm töhfəsini verəcəkdir.

Xəbər lenti