“Aşqabaddakı Zirvə Toplantısında cənab Prezident İlham Əliyev çox mühüm mesajlar verdi” – Elşən Musayev

“Aşqabaddakı Zirvə Toplantısında cənab Prezident İlham Əliyev çox mühüm mesajlar verdi” – Elşən Musayev
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Aşqabadda düzənlənən Zirvə toplantısındakı çıxışı bir çox məqamlarla yadda qaldı və həmin çıxışın əsas qayəsi Xəzəryanı dövlətlərin dayanıqlı münasibətləri ilə bağlı idi. Möhtərəm Prezident öz mükəmməl nitqində çox mühüm istiqamətlərə nəzər saldı, qarşılıqlı münasibətləri təmin edəcək amillər haqda danışdı və məlum münasibətlərin inkişafı kontekstində hüquqi bazanın genişləndirilməsinin, möhkəmləndirilməsinin əhəmiyyətini, vacibliyini vurğuladı.” – Editor.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev söyləyib.

"Həqiqətən də qarşılıqlı fəaliyyətin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil etməlidir. Və edir də. Çünki Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin tərkib hissəsi kimi çıxış edir. Belə olan halda isə qarşılıqlı əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması dövlətlərin əsas fəaliyyət priotetlərindən birinə çevirilməlidir.

Eyni zamanda cənab Prezident çox haqlı olaraq qeyd etdi ki, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi əməkdaşlığın mühüm istiqamətidir. Çünki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Bu səbəbdən də ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.

Hesab edirəm ki, Zirvə Toplantısında Azərbaycan tərəfi öz mövqeyini daha da gücləndirdi və bütün gərəkli mesajları iştirakçı dövlətlərin diqqətinə çatdırdı” – deyə millət vəkili fikirlərinə davam edib.

Xəbər lenti