ASAP İstanbulda “Müstəqil Azərbaycan Respublikası-103 yaşında” adlı konfrans keçirib - FOTOLAR

ASAP İstanbulda “Müstəqil Azərbaycan Respublikası-103 yaşında” adlı konfrans keçirib - FOTOLAR
Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) 28 May Respublika Gününü münasibətilə Türkiyənin İstanbul şəhərində "Müstəqil Azərbaycan Respublikası-103 yaşında” adlı konfrans keçirib.

İstanbul Aydın Universitetində keçirilən konfrans rəsmi nümayəndələrin, azərbaycanlı, türk və xarici tələbələrin iştirakı ilə baş tutub.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə İstanbul Aydın Universitetinin prorektoru, professor İbrahim Hakkı Aydın, professor Ragıp Kutay Karaca, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə çıxışlarında 103 yaşlı Azərbaycan Respublikasının keçdiyi tarixi inkişaf yolundan bəhs edərək, Azərbaycan və Türkiyə dövlətlərini tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərindən danışıblar.

Natiqlər çıxışlarında müstəqil və demokratik respublika qurmaq məqsədini qarşıya qoyan AXC-nin cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarması, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdiyi tarixi yoldan bəhs ediblər.

Tədbirin davamında çıxış edən ASAP-ın baş katibi Ülkər Qurbanova, ASAP-ın kordinatoru Fərid Şahbazlı, İstanbul Vəkillər Kollegiyasının azərbaycanlı gənc üzvü Zenfira Əliyeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusilə təhsil, gender və mədəniyyət siyasətinə böyük önəm verildiyini, ilk dəfə qadınlara seçim hüququ tanıyaraq gender bərabərliyini təmin edilməsini, milli ordu, milli pul, demokratikləşmə, milli bank, beynəlxalq ictimaiyyət tərəfindən tanınmaq kimi ciddi vəzifələrin öhdəsindən gəlinməsindən danışıb.

Tədbir zamanı Azərbaycan Xalq Cümhuriyyətinin vətən tarixində yenidən bərpasına xüsusi qiymət verən Ulu Öndər Heydər Əliyevin nitqləri xüsusi diqqətə çatdırılmışdır: «Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır».

Qeyd edək ki, ASAP-ın Türkiyənin Ankara və İstanbul şəhərlərindəki silsilə tədbir və görüşləri davam edəcək.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti