Ağdam-Xankəndi yolu ilə bağlı razılığa gəlindi

Ağdam-Xankəndi yolu ilə bağlı razılığa gəlindi
Arayik Harutyunyan ötən gün "təhlükəsizlik şurası”nın (qondarma qurum-red.) iclasında Ağdam yolu ilə ticarət etməklə bağlı qərar qəbul edildiyini bildirib.

Bu barədə Ermənistanın "Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Harutyunyan bu qərarı harada qəbul etdiyini açıqlamayıb.

"Xatırladaq ki, iyul ayında Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın Ağdam vasitəsilə Qarabağa humanitar dəhliz verilməsi təklifini alqışlamışdı. Bu, BMT Təhlükəsizlik Şurasının sessiyasında da müzakirə edilib və Ermənistan hakimiyyəti buna qarşı çıxmayıb. İndi Harutyunyan məsələni müzakirəyə çıxarmır, reallıq kimi təqdim edir. Bu qərarın müqavimətə səbəb olacağı proqnozlaşdırıldığı üçün Karen Matevosyanın rəhbərlik etdiyi "milislər”in (separatçılar-red.) "aksiyası” əvvəlcədən təşkil edilib. Belə görünür ki, bu silahlı dəstə tezliklə həmin yola qoyulan səddi sökməyə çalışacaq. Arayik Harutyunyan bildirib ki, ticarət o yoldan qismən olacaq, tikinti materialları, dizel yanacağı, dərman oradan daxil olacaq, ərzaq isə rus sülhməramlıları vasitəsilə Laçından gətiriləcək, lakin bu, Laçın yolunun tam işlək olacağı anlamına gəlmir, Qarabağ sakinlərinin hərəkəti məhdud olacaq. Harutyunyan həmçinin Azərbaycandan alınacaq qaz və elektrik enerjisi məsələsinin növbəti mərhələdə müzakirə edilməsinin nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, Azərbaycan güzəştə gedir və bunun müqabilində Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun istismara verilməsini tələb edir. Söhbət Qarabağda nənə-baba heykəlinin altından keçən məşhur dolama yolundan gedir. Bu məsələləri təşkil etmək üçün yaxın vaxtlarda yenidən görüşəcəklərini qərara alıblar. Mənbələrimiz bildirir ki, Samvel Babayan da "təhlükəsizlik şurası”nın iclasında iştirak edib, "parlament qüvvələri” dəvəti rədd edib”, - deyə nəşr bildirib./Ordu.az

Xəbər lenti