103 yaşlı Azərbaycan ədliyyəsi yeni inkişaf yollarında

103 yaşlı Azərbaycan ədliyyəsi yeni inkişaf yollarında
Bu günlərdə Azərbaycan dövləti və Azərbaycan xalqı tarixi günlər yaşayır. Vətən müharibəsinin birinci ildönümünün böyük çoşğu ilə qeyd edildiyi günlərdə hər birimiz dövlətimizin qazandığı tarixi zəfərlərlə qürur duyur, gələcəyə daha böyük inamla baxırıq.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dinamik iqtisadi inkişaf strategiyası ölkəmizi regionun lider dövlətinə çevirmiş, Azərbaycan dünyada ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrilmişdir. Azərbaycan ədliyyəsi də bu inkişafdan geri qalmamışdır. Ədliyyə fəaliyyətinin dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkili, müasir texnologiyaların və idarəçilik metodlarının tətbiqi, yeni nəsil hüquqşünasların formalaşdırılması üzrə genişmiqyaslı tədbirlər görülmüşdür.
Qeyd etmək lazımdır ki, Azərbaycanın ədliyyə sisteminin zəngin tarixi var. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra ədliyyə sahəsində də effektiv addımlar atılıb. Bu dövrdə təsis olunmuş Ədliyyə Nazirliyi öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayıb, məhkəmə aparatları tədricən işini bərpa edib, hüquq ədəbiyyatı kitabxanası yaradılaraq hüquq kursları təşkil edilib və bununla da peşəkar kadrların formalaşdırılması işinə start verilib. Həmin dövrdə ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib. 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Cəzaçəkmə yerləri ilə bağlı aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilib, nazirliyin təşəbbüsü ilə "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, "Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında”, AXC-nin yaranmasından 1,5 il keçməsi münasibətilə ümumi amnistiya haqqında qanun və digər qanunlar parlamentin müzakirəsinə çıxarılıb. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib, Xalq Ədliyyə Komissarlığı yaradılıb və bu qurumun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib.
Növbəti mərhələdə Azərbaycan ədliyyəsinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məlumdur ki, 1969-82-ci illərdə Ümummilli liderin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi, milli ruhun və milli özünüdərkin inkişafı, xalqımızın tarixi yaddaşının özünə qaytarılması və milli şüurun oyanışı, Azərbaycançılıq məfkurəsinin ideoloji sütuna çevrilməsi kimi fundamental məsələlər çox dəqiqliklə və cəsarətlə həllini tapmış, həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına səbəb olmuşdur. Ədliyyə Nazirliyinin yenidən yaradılması və tam təşkili, bu sahədə ardıcıl, məqsədyönlü və sistemli tədbirlərin görülməsi, islahatların aparılması da məhz həmin dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib və bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhələ başlanıb. Bundan sonra Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib, ümumiyyətlə, ədliyyə işi kifayət qədər təkmilləşdirilib.
Məlum olduğu kimi, ötən əsrin sonlarında dünyada və regionda baş verən və keçmiş sovetlər birliyinin dağılması ilə nəticələnən proseslər Azərbaycan xalqı üçün kifayət qədər mürəkkəb hadisələrlə müşayiət olunmuşdur. Müttəfiq respublikalar içərisində Azərbaycan müstəqilliyin bərpası istiqamətində ən çətin və ağır yolu keçmişdir. Hələ 1988-ci ildən Azərbaycan Ermənistanın torpaq iddiası ilə əlaqədar başlanmış münaqişəyə cəlb olunmuş, 1991-ci ildə əraziləri işğala məruz qalmışdır. 1991-1993-cü illərdə Azərbaycanda mövcud olan siyasi böhran, hakimiyyətdəki qrupların səriştəsizliyi və yarıtmaz fəaliyyəti ölkədə bütün sferalarda ciddi geriliklər və kataklizmlərə rəvac vermiş, Azərbaycan Respublikası öz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının təkid və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq, xilaskarlıq missiyasını öz üzərinə götürmüş, Azərbaycanın dövlətçiliyini, ölkəmizin müstəqillyini xilas etmişdir. Bununla da Azərbaycan ədliyyəsi üçün də yeni inkişaf paradiqmaları meydana çıxmışdır.
Ulu öndər Heydər Əliyev haqlı olaraq bəyan etmişdir ki, yeni siyasi şəraitdə hüquqi və demokratik dövlətin qurulması möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Həqiqi mənada möhkəm ədliyyə sistemi olan dövlətlərdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərliyi, ən başlıcası, hüququn aliliyi yüksək səviyyədə təmin olunur. Məhz bu dövrdə ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və sabit inkişaf yoluna çıxarılması istiqamətində görülən tədbirlər sırasında məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ilə bağlı atılan addımlar da öz çoxşaxəliliyi və mütərəqqiliyi ilə seçilirdi. Ümummilli liderin təşəbbüsü ilə Ədliyyə Nazirliyinin üzərinə yeni vəzifələr qoyulmuş, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin "İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrasının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında” 1999-cu il 11 fevral tarixli, "Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında”, eləcə də "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında” 1999-cu il 9 oktyabr tarixli fərmanları respublikada ədliyyə sahəsində köklü islahatların aparılmasında dönüş nöqtəsi olmuşdur. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edildi.
1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi - referendum vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına məhkəmə və hakimlərin fəaliyyətini tənzimləyən bir sıra normaların daxil edilməsi ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsini təmin edib. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci il 1 dekabr tarixində "Məhkəmələr və hakimlər haqqında” qanun qəbul edilib, bundan sonra məhkəmə-hüquq islahatları ardıcıl xarakter alıb. 2002-ci ilin 24 avqust tarixində referendum əsasında Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər respublikada ədliyyə orqanlarının fəaliyyətini daha da təkmilləşdirib. Konstitusiyanın 96-cı maddəsinə edilmiş dəyişikliklə Ali Məhkəməyə qanunvericilik təşəbbüsü hüququ verilib, hər bir vətəndaşın hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququ təmin edilib. Bununla əlaqədar "Konstitusiya Məhkəməsi haqqında” qanuna da əlavə və dəyişikliklər olunub, ölkə vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət imkanı yaradılıb.
Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev ədliyyə orqanlarının inkişafına xüsusi diqqət göstərir. Keçən zaman müddətində görülən işlər bunun bariz nümunəsidir. Xatırladaq ki, Ədliyyə Nazirliyinin fəaliyyətinin normativ-hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il 18 aprel tarixində "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni təsdiq edib. Həmin il avqustun 17-də dövlətimizin başçısının imzaladığı "Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman isə Azərbaycan ədliyyəsinin fəaliyyətinin təkmilləşdirilməsi işində mühüm əhəmiyyətə malik olub. Bununla da Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilib, yeni vəzifələr həvalə edilməklə, onun strukturu təkmilləşdirilib. Həmçinin xüsusilə bölgələrdə regional ədliyyə şöbələrinin və rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması yerli əhalinin bu orqanlara müraciət imkanlarını asanlaşdırıb. Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin əsasında Ədliyyə Akademiyasının yaradılması da bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Bu, ədliyyə sahəsində kadr hazırlığı məsələlərinin uğurla həyata keçirilməsinə mühüm töhfələr verib. Ədliyyə Nazirliyi tərəfindən İKT-nin tətbiqi daim diqqətdə saxlanılır və bu sahədə davamlı işlər görülür. Mühüm məqamlardan biri də budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlar çərçivəsində qabaqcıl xarici təcrübələrin öyrənilməsinə, beynəlxalq əlaqələrin inkişafına böyük önəm verilərək xarici ölkələrin ədliyyə qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirilir. 2009-cu ildə isə dövlət başçısı tərəfindən "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın qəbul olunması ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən etmişdir. Azərbaycan ədliyyəsinin dinamik inkişafının təmin olunmasına, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsinə, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılmasına, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş bu Proqram çərçivəsində kompleks tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkəmə sistemi də daim təkmilləşdirilir, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilir, qanunvericilik və institusional islahatlar aparılır, məhkəmələrin infrastrukturu yüksək statusuna uyğun yaxşılaşdırılır və müasirləşdirilir. Təsadüfi deyil ki, Avropa Şurası Azərbaycanda hakimlərin seçim prosedurunu şəffaflığı və obyektivliyinə görə fərqləndirərək örnək kimi dəyərləndirib və digər dövlətlərə tövsiyə edib. Həmçinin avropalı ekspertlər ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqində Azərbaycanın bir çox Avropa ölkələrinə nümunə olduğunu qeyd edirlər.
Dövlətimizin başçısı tərəfindən penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncam da ədliyyə sahəsində islahatların həyata keçirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. 
Beləliklə, ədliyyə işçiləri növbəti peşə bayramlarını bu sahədə ardıcıl nailiyyətlərin və davamlı inkişafın fonunda qeyd edirlər. Eyni zamanda, ədliyyə sisteminin 103-cü ildönümünü Vətən müharibəsində Azərbaycanın böyük qələbəsinə - tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının birinci ildönümü ərəfəsinə təsadüf edir. Xalqımızın nümayəndələri ədliyyə işçiləri də müasir və qüdrətli Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad etməsini böyük qürurla və coşqu ilə qeyd edirlər. 
Xatırladaq ki, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi cəmi 44 gün çəkmiş və Azərbaycan Ordusunun əks-hücum əməliyyatları Ermənistan ordusunun tam məğlubiyyəti ilə başa çatmışdır. Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə də qazanılan qələbə ilə nəticələnmişdir. Nəhayət, 10 noyabr 2020-ci il tarixində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat Azərbaycan torpaqlarının işğalına son qoymuş, Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edilmiş, 2020-ci il dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarılmışdır.
44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni bir dövrün başlanğıcı olmuşdur. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Bu yeni dövrdə Azərbaycanın ədliyyə orqanları qarşısında da yeni vəzifələr dayanır və əminik ki, ölkəmizin peşəkar ədliyyə işçiləri hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın hüquq sisteminin daha da möhkəmlənməsinə, ədalətin təntənəsinə, ölkəmizin dinamik inkişafına layiqli töfhələrini verəcəklər.
Bütün həmkarlarımı həm peşə bayramımız, həm də Vətən müharibəsində tarixi qələbəmizin ildönümü münasibətilə təbrik edirəm. Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın Müzəffər Ali Baş Komandanımız! 

Kərimova Tamilla Hüseynbala qızı
Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu

Xəbər lenti