"Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platforması "YAŞAT" Fondu ilə əməkdaşlıq edəcək

"Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platformasının həmtəsisçiləri Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ramil Həsən və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin İdarə Heyətinin sədri Hüseyin Büyükfırat 30 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və "YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovla gələcək əməkdaşlıq imkanları, birgə fəaliyyət, eyni zamanda şəhid və qazi ailələrimizə dəstəklə bağlı məsələləri müzakirə etmək məqsədilə görüş keçirilmişdir. Faydalı və məhsuldar şəraitdə keçən görüşdə Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsində canlarını fəda etmiş şəhid ailələrinə və qazilərimizə hərtərəfli dəstəkdə qardaş Türkiyənin mövcud imkanlarından tam şəkildə istifadə ilə bağlı fikir mübadilələri aparılmışdır. "YAŞAT" Fondu  ilə birgə bu il və qarşıdan gələn il şəhid, qazi və müharibə veteranı ailələrinin qardaş dövlətin Ali təhsil müəssisələrində tam təqaüdlü və bütün xərcləri "Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platforması tərəfindən qarşılanacaq şəkildə təhsil almaları, həmçinin qazilərimizin Türkiyə Cümhuriyyətində tam şəkildə müalicə, müayinə və reabiltasiyası ilə bağlı da əməkdaşlıq imkanları müzakirə edilmişdir. Qərara gəlinmişdir ki, yaradılmış işçi qrupu yaxın zamanda qarşılıqlı əməkdaşlıq haqqında  layihə hazırlasın və tezliklə ikitərəfli memorandum imzalansın .
 7News.Az

Xəbər lenti