Sülh razılaşması Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında hazırlanacaq

Sülh razılaşması Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında hazırlanacaq
Əli  Hüseynli

Milli Məclisin deputatı

Mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüş iki ölkə arasında sülh razılaşmasının əldə olunması istiqamətində mühüm hadisədir. Bu danışıqlar prinsip etibarı ilə əvvəlki razılaşmaların sürətli icrasına yönələn addımların dəqiqləşdirilməsi xarakteri daşıyır. Görüşün Azərbaycanın təklif etdiyi əsas sülh prinsiplərinin qəbul edilməsi ilə yekunlaşması Azərbaycan diplomatiyasının növbəti uğurudur.

Bu uğur həm də onunla əsaslandırılır ki, 5 saat davam edən görüşdə danışıqlar və onun yekun razılaşmalarında "Dağlıq Qarabağ” ifadəsi işlədilməyib, Minsk qrupunun adı çəkilməyib, tatus məsələsi isə ümumiyyətlə müzakirə mövzusu olmayıb. Deməli, artıq keçmişdəki təxribat elementləri yeni sənədlərdə və ya bəyanatlarda əksini tapmır. Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılarkən  isə Azərbaycan, hər zaman dediyi kimi, vətəndaş olacaq ermənilərin təhlükəsizliyinə təminat verəcəyini bir daha bəyan edib.

Görünən odur ki, liderlərin sülh müqaviləsinə baxışları artıq konseptual yanaşmadan detallı müzakirələrə keçib. Rəsmi Bakının təklif etdiyi 5 baza prinsipi əsasında formalaşan sülhyaratma prosesi artıq konkret tədbirlərlə və addımlarla müşaiyət olunur. Hər iki ölkənin rəhbərləri tərəfindən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında  müvafiq sənədlər imzalanıb və komissiyaların tərkibləri müəyyənləşdirilib.

Üçtərəfli görüşün gedişində kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin sərhədlərin müəyyənləşdirilməsi kontekstində baxılması, həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinib. Sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri tərəfləri qane edəcək formata salınıb.

Razılaşmaya əsasən sülh müqaviləsinin hazırlanması üçün xarici işlər nazirliklərinin nümayəndə heyətləri yaxın vaxtlarda bir araya gələcəklər. bağlı təklif qəbul olunub. Avropa İttifaqının təşəbbüsü ilə iki ölkə liderinin  bir neçə aydan sonra yenidən birbaşa müzakirə üçün görüşmələri ilə bağlı təklif dəstəklənib. Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Bu nüanslar istər Rusiya, istərsə də Avropa İttifaqının təşəbbüsü ilə əldə edilən bütün razılaşmaların mahiyyətini bir məxrəc altında birləşdirir və praktiki işlər üçün yeni imkanlar açır.

Danışıqların nəticələri Azərbaycan dövlətinin postmünaqişə dövründə diplomatik manevrlərinin gücləndirdiyini və Ermənistana Bakının şərtləri razılaşmaqdan başqa alternativinin olmadığını  təsdiq edir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 22 may tarixli üçtərəfli Brüssel görüşünün nəticələri ilə bağlı mətbuata verdiyi açıqlamanın məzmunu və nəzərdə tutulduğu kimi, artıq   dünən Sərhəd Komissiyalarının ilk birgə iclasının baş tutması  Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyi ilə bağlı ümidləri artırır.

Xəbər lenti