Ramil Həsən: Hər bir məmur dövlətimizin başçısının xəbərdarlığından nəticə çıxarmalıdır

Ramil Həsən: Hər bir məmur dövlətimizin başçısının xəbərdarlığından nəticə çıxarmalıdır

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilir. Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar, yəni, dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, təəssüf ki, geniş əhali qruplarını narazı salmağa yönəlmiş mənfi halların hələ də təkrarlanması faktları da müşahidə olunur.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Ramil Həsən deyib.

R.Həsən bildirib ki, belə mənfi əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zərurətə çevrildi. Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi buna sübutdur: "Cənab Prezident Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdi. May ayının 8-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi oldu. Belə ki, bu nazirliyin yüksəkvəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə görə təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Deputat qeyd edib ki, Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür mənfi hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Belə hallar qəbulolunmazdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanılmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir. Hər bir məmur dövlətimizin başçısının xəbərdarlığından nəticə çıxarmalı və öz fəaliyyətlərində qanunsuz hərəkətlərə yol verməməlidirlər. Əks halda, onlar qanunun gücü ilə qarşılaşacaqlar.

 


Xəbər lenti