Moskvadan Bakıya riskli təklif: Hakob Badalyan yazır

Moskvadan Bakıya riskli təklif: Hakob Badalyan yazır
Rusiya Bakıya Azərbaycan ərazisində Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib. Bunu "Rosatom” dövlət korporasiyasının icraçı direktoru Aleksey Lixaçyov Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev arasında Soçidə keçirilmiş görüşdən sonra açıqlayıb.

WorldMedia.Az-a istinadən xəbər verir ki, Lixaçyov bildirib ki, tikiləcək elektrik stansiyanın gücü Azərbaycanın istəyindən asılıdır. Onun sözlərinə görə, Azərbaycanda elektrik enerjisindən istifadə sürətlə artır və bu üzdən, tikiləcək AES çox gəlirli olacaq.

Bu gün Cənubi Qafqazda AES-ə malik yeganə ölkə Ermənistandır. O stansiya isə hələ sovet dövründə tikilib. Maraqlıdır, SSRİ Qafqaz respublikalarından niyə yalnız Ermənistanda AES tikib? Bu haqda müxtəlif fikir və versiya var. Ola bilsin, o zaman Moskva Ermənistanın mütəxəssis potensialını nəzərə alıb. Geosiyasi vəziyyət də nəzərə alınmış ola bilər. Bəlkə də Ermənistanın Türkiyə ilə, yəni faktiki olaraq NATO ilə həmsərhəd olduğunu bu məsələdə ön plana çəkilib.

İstənilən halda, Rusiya Azərbaycana AES tikintisini təklif etməklə, faktiki olaraq, Ermənistanın bu sahədəki monopolist rolunu əlindən alır. Üstəlik, Moskva İran və Türkiyədə AES-lə bağlı layihələri çoxdan həyata keçiri.

Sözsüz ki, Rusiyanın Azərbaycanla həyata keçirəcəyi bu layihə regional hərbi-siyasi balansa o qədər də təsir göstərməyəcək. Amma məsələnin məğzi tamam başqadır. Kim zəmanət verə bilər ki, Rusiyanın Azərbaycana verəcəyi atom enerjisi texnologiyaları gələcəkdə Bakı tərəfindən daha təhlükəli layihələrin həyata keçirilməsində istifadə olunmayacaq? Bu məsələdə Azərbaycana Rusiyanın özünün kömək edəcəyi istisna sayıla bilməz.

Doğrudur, bəziləri düşünə bilər ki, Rusiya Azərbaycanda AES tikintisini təklif etməklə, Bakının başqa ölkədən eyni təklifi qəbul etməsini önləmək istəyir. Lakin əvvəla, hazırda hər hansı başqa ölkənin Azərbaycana belə təklif irəli sürdüyünə dair heç bir məlumat yoxdur. Yeri gəlmişkən, Rusiya Azərbaycana milyardlarla dollar dəyərində silah satmasını da eyni cür əsaslandırır – guya əks halda Bakı silahı başqa ölkələrdən alacaq. Amma silah alverində də siyasi səbəblər var. Məsələ ondadır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya, eyni zamanda, guya Ermənistanın strateji tərəfdaşıdır. O, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Odur ki, Bakı silahı Rusiyadan almaqla, eyni zamanda, onun tətbiqi üçün siyasi hüquq da əldə edir.

AES-ə gəlincə, o, silah olmasa da, müəyyən dərəcədə hərbi-siyasi amildir. Bakı bundan məhz Ermənistanın strateji müttəfiqi olan ölkənin vasitəsilə faydalanacaqsa, ortaya milyardlarla dollarlıq silah-sursatla bağlı da suallar çıxacaq. O sualları isə əlbəttə ki, Yerevan verməlidir. Çünki o, bu silahlanmadan dərsini alıb. Bu, 2016-cı ilin aprelində məhz Ermənistanın və "Qarabağ”ın (dırnaq işarəsi bizə aiddir - WM) "başında partlayıb”. Bu işdə 2013-2014-cü illərdən etibarən yetişmiş erməni siyasi sinifinin də "rol”u olub. Doğrudur, 2016-cı ilin aprelində Ermənistan ordusu üzləşdiyi duruma tab gətirə bilib, lakin Ermənistan dönüşə imkan verməmək üçün ehtiyatlı olmalıdır. İstər Bakıda, istərsə də Moskvada bir sıra nüfuzlu qrup məqsədə çatmaq üçün intensiv cəhdlər edir. Üstəlik, görünən odur ki, Avasiya İqtisadi İttifaqının Ermənistanda keçirilmiş toplantısından sonra həmin qrupların fəaliyyətində intensivlik daha da artıb. Bu isə 2016-cı il aprel döyüşlərindən sonra formalaşmış və 2018-ci ilin aprelində siyasi baxımdan güclənmiş yeni regional vəziyyəti geriyə dönməyəcək vəziyyətə çatdıra bilər – təbii ki, Kremlin yeni siyasi zərurətləri və qərarları ilə.

Xəbər lenti