Laçın şəhəri öz tarixi və doğma sakinlərini qarşılamağa hazırlaşır – Millət vəkili

Laçın şəhəri öz tarixi və doğma sakinlərini qarşılamağa hazırlaşır – Millət vəkili

7NEWS.az xəbər verir ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.


Mövzu ilə bağlı 7NEWS.az-a danışan Millət vəkili Vüqar Bayramov 2 həftə ərzində ermənilərin Laçın şəhəri və Zabux kəndini tərk edəcəklərini deyib: "Ermənistan ilə Qarabağ İqtisadi Rayonunu birləşdirən Laçın dəhlizinə alternativ yolun Azərbaycan ərazisindəki inşaatı başa çatıb. "Qisas” əməliyyatından 1 gün sonra İrəvan da Laçın dəhlizinə alternativ yolun Ermənistan ərazisindən keçən hissəsinin tikintinsə başladığını elan etdi. 36 kilometrlik yolun cəmi 4 km-i Ermənistan ərazisinə düşsədə qarşı tərəf prosesi yubatmağa çalışırdı. 2 həftə ərzində isə qeyri-qanuni məskunlaşmış ermənilər Laçın şəhəri və Zabux kəndini tərki etməlidirlər. 1992-ci ildə Laçın şəhərinin 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıya almağa əsasən şəhərdə yaşayanların 99.1 faizi Azərbaycanlılar idi. 2003-cü ildən etibarən isə əsasən Yaxın Şərqdə yaşayan erməni ailələrin şəhərdə məskunlaşmasına başlanılıb. Ermənistan statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2,190 erməni məskunlaşdırılıb. Növbəti 10 ildə qeyri-qanuni məskunlaşmış ermənilərin bir qismi sosial səbəblərdən şəhəri tərk edib. İkinci Qarabağ müharibəsindən sonra köç daha da sürətlənib. Hazırda şəhərdə cəmi 120 erməninin qaldığı güman edilir. Onlar isə avqustun 25-dək qanunsuz məskunlaşdığı əraziləri tərk edəcəklər. 1992-ci ildə Laçın rayonunu işğal etməklə 50 min sakinimizi 30 il məcburi köçkün həyatı sürməyə məcbur edən işğalçı ölkə indi 2003-cü ildən sonra o ərazilərimizdə qeyri-qanuni məskunlaşdırdığı ailələrin Azərbaycan torpaqlarını tərk etməsini də faciə kimi təqdim etməyə çalışır. Halbuki, prosesin növbəti mərhələsi Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsidir. Dəymiş ziyan isə milyard dollarla ifadə olunur.

1992-ci il Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edildiyini deyən V.Bayramov ermənilərin Zabux kəndində 30 il işğal altında saxladıqları evləri yandırdıqlarını deyib: "Bu evlərin bir qismi işğaldan əvvəl Laçın sakinlərinin, digər qismi isə Azərbaycanlıların dağıdılmış evlərinin yerində erməni lobbisinin 2013-cü ildə inşa etdikləridir. 30 ilə yaxın Azərbaycanlı evində qalan erməni ailələri avqustun 25-dək tərk etmələri olduqları ərazilərdə evləri yandırıb gedirlər. Qeyd edək ki, rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb. Amma Laçın rayonu, o cümlədən Laçın şəhəri və Zabux kəndi yenidən qurulacaq və çox tezliklə həmin torpaqların əsl sahibləri öz ata-baba yurdlarına qayıdacaqlar. Bəzi xarici kütləvi informasiya vasitələrində isə 2013-cü ildən sonra Yaxın Şərqdən gətirilərək Laçın şəhərində qeyri-leqal məskunlaşdırılmış erməni ailələrinin evlərini tərk etməsi az qala faciə kimi təqdim edilir. Reallıqda isə Laçın şəhəri öz tarixi və doğma sakinlərini qarşılamağa hazırlaşır. Unutmayaq ki, qeyri-leqal məskunlaşma hətta BMT konvensiyaları ilə də qadağan edilir. Amma əgər kimlərsə respublikaların keçmiş statistikalarına inanmırlarsa o zaman keçmiş SSRİ dövründəki əhalinin siyahıya alınması ilə bağlı rəqəmlərə diqqət yetirsinlər. Rusiya mənbələrində 1959-ci ildən sonrakı illərdə siyahıya alma ilə bağlı məlumatlar hələ də saxlanılır. Keçmiş SSRİ dövründə aparılan əhalinin siyahıya alınması və etnik tərkibləri bütün reallıqları göstərir. 1959-cu il siyahıya alınması: Laçın rayonunun cəmi əhalisi 24.734 nəfər olub və onların 24.466 nəfəri Azərbaycanlılar idi (98.9%). 1970-ci il siyahıya almaslnda cəmi əhali 35.642 nəfər, Azərbaycanlıların sayı 33.186 (93.1%), Kürdlər 2.125, Ermənilər cəmi 72 nəfər göstərilir. 1970-ci il siyahıya alınmasında cəmi əhali 63.162 nəfər, Azərbaycanlıların sayı 58.058 (95.6%), Kürdlər 2.437, Ermənilər cəmi 34 nəfər olub. Keçmiş sovet dövründə də Azərbaycanlılar ilə Kürdlər bir ailə kimi yaşayıblar. Ermənilərin isə ümumi əhalinin tərkibində çəkisi heç zaman hətta 1.0 faizə belə çata bilməyib. Bütün bunlar qədim Azərbaycan torpağında 30 illik işğal müddətində ermənilərin qeyri-qanuni yerləşdirilməsini bir daha təsdiq etmirmi? Hətta orada yerləşdirilən ermənilər də məhz son illər Laçın şəhərində məskunlaşdırıldıqlarını etiraf edirlər. Bəs, bəzi xarici mətbu orqanlar bunu niyə gözardına vururlar? Bütün bunlara baxmayaraq, cəmi 1 həftə sonra Laçın şəhəri yenidən azadlığına qovuşacaq. Bu dəfə əbədi.”

Cavid Mustafayev

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.7

Xəbər lenti