İlk dəfə 300-dək hüquqşünas tələbənin iştirakı ilə 1 aylıq Yay Məktəbi təşkil olunur

İlk dəfə 300-dək hüquqşünas tələbənin iştirakı ilə 1 aylıq Yay Məktəbi təşkil olunur
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Gənclər Fondunun birgə təşkilatçılığı ilə cari ilin 15 iyul - 15 avqust tarixlərində "Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbi keçirilməkdədir.
 
Layihənin əsas məqsədi gənc hüquqşünas tələbələrin yay tətilinin səmərəli təşkil edilməsinə töhfə verməkdən ibarətdir.
13 yerli və xarici universitetdən 300-ə yaxın hüquqşünas tələbənin qatıldığı Yay Məktəbində prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları və natiqlik qabiliyyəti də daxil olmaqla, çoxsaylı mövzular üzrə təlimlər təşkil ediləcəkdir. Yay Məktəbini uğurla başa vuran hüquqşünas tələbələrə sertifikatlar təqdim olunacaq, proqramı fərqlənmə ilə bitirən 30 tələbə isə bölgələrdə keçiriləcək yay düşərgəsində iştirak etmək hüququ qazanacaqlar.
 
22.07.2022-ci il tarixində Vəkillər Kollegiyasının, Gənclər Fondunun, ali təhsil müəssisələrinin, vəkil qurumlarının rəhbər nümayəndələrinin, Milli Məclisin deputatlarının, beynəlxalq səviyyədə tanınan təlimçi və ekspertlərin, eləcə də KİV nümayəndələrinin iştirakı ilə Yay Məktəbinin təntənəli açılış və təqdimat mərasimi baş tutub.
 
Açılış mərasimində Kollegiya sədri Anar Bağırov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov giriş nitqi ilə çıxış edərək qonaqları salamladılar.
A.Bağırov ölkədə ilk dəfə bu miqyasda Yay Məktəbinin keçirilməsindən, natiqlik və hüquqi biliklərinin artırılması da daxil olmaqla tədris proqramında tələbələr üçün olduqca faydalı şəkildə hazırlanmış mövzulardan, ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığın uğurlarından, tələbələrin və gənclər təşkilatlarının təşəbbüslərinə Kollegiya tərəfindən dəstəyin göstərilməsinin daim diqqət mərkəzində olmasından, vəkil bürolarında keçirilən təcrübə proqramlarından bəhs edib, eyni zamanda universitetlərdə hüquqşünas tələbə sayının digər ölkələrdən az olmasını bildirib və savadlı, peşəkar həmkarlarını ali təhsil ocaqlarında tədris ilə məşğul olmağa, gələcək hüquqşünas kadrlarının yetişməsi ilə bağlı öz biliklərini bölüşməyə çağırıb.
 
F.Cəfərov gənclər siyasətinin Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq bu Yay Məktəbinin də gənc hüquqşünasların ixtisaslaşmasına böyük töhfə verəcəyini qeyd etdi. Fərid Cəfərov bildirdi ki, fəaliyyət göstərdiyi 10 il ərzində Gənclər Fondunun dəstəyi və təşkilatçılığı ilə 5 mindən çox layihə həyata keçirilib və bir çox gənclərimiz beynəlxalq təlimlərdə iştirak edib. Ötən dövrdə 50-dən çox azərbaycanlı gənc Fondun dəstəyi ilə Avropa Parlamentində təcrübə proqramında iştirak ediblər. Son 3 ildə Fond yüksək göstəriciləri ilə fərqlənən və sosial həssas əhali qruplarına aid olan 1200-dən çox tələbənin təhsil xərclərini öz üzərinə götürüb.
 
Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov təqdimat ilə çıxış edərək, son 4 il yarım ərzində Kollegiyanın müxtəlif sahələrdəki fəaliyyəti, həyata keçirilən islahatlar, yerli və beynəlxalq sahədə görülən çoxsaylı işlər və digər məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi və ötən il üzrə Kollegiyanın bütün fəaliyyətini əks etdirən video çarx nümayiş etdirdi.
 
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Milli Məclisin deputatı Erkin Qədirli çıxış edərək, Yay Məktəbinin hüquq fakültəsi tələbələrinin inkişafındakı əhəmiyyəti, formal təhsildən qeyri-formal təhsilə keçid barədə danışmış, o cümlədən tələbələrin bu sahədə biliklərinin arıtılmasında roluna görə Kollegiyaya və Fonda təşəkkürlərini bildirdilər.
 
Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin Tədris işləri üzrə koordinatoru Günay Sultanova təqdimat ilə çıxış edərək, Yay Məktəbinin proqramı və iştirakçıları barədə statistik məlumatlar təqdim etdi.
 
Açılış mərasiminin yekununda, müraciət etmiş bir neçə tələbə Yay Məktəbi barədə öz təəssürat və fikirlərini bölüşdülər.
 
Tədbirin davamı olaraq, dünən qeyd olunan Milli Mətbuat və Jurnalistika Günü münasibətilə, Vəkillər Kollegiyasının ümumi işinə dəstək göstərən, ictimaiyyətin məlumatlandırılması və hüquqi maarifləndirilməsinə töhfə verən mətbuat nümayəndələri Kollegiya sədri Anar Bağırov tərəfindən təltif edildi və onlara hədiyyələr təqdim olundu.
 
Sonda, qonaqlar və iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.
 

 

Xəbər lenti