HÜRRİYYƏTİN YOLU AYDIN SİMA İLƏ NURLANIR!

HÜRRİYYƏTİN YOLU AYDIN SİMA İLƏ NURLANIR!
Müstəqillik, azadlıq, hürriyyət!.. Heç bir sərvət və qənimətlə ölçüyə gəlməyən, hər bir duyğudan, hissdən, ruhsal zənginlikdən üstün və ülvi olan bu meyyar insan varlığı üçün əvəzsiz bir əlçatmazlıq, zirvə, fenomen bir yüksəklikdir. Yalnız belə yüksəklikdə bərqərar ola bilən xalq xoşbəxtdir. Nə mutlu bizə ki, biz də həmin xoşbəxtliyə sahib millətlərdən, xalqlardan biriyik. Bu da danılmaz bir həqiqətdir ki, belə xoşbəxtlik heç bir millətə, xalqa özbaşına verilmir. Hər kəs həmin xöşbəxtliyi öz zəka sahiblərinin qüdrəti, sarsılmaz milli birliyi sayəsində əldə edir. Böyük mücadilələrdən keçir, gərgin mübarizələr aparır, əzilir, əzir, qanı tökülür, şəhidlər verir, dəmir məngənələr arasında sıxılır, polad əzmi ilə hər bir ağrını, acını dəf edir, öz hürriyyəti uğrunda dəyanətlə dayanır və nəhayətdə istədiyi bütün həqiqətlərə nail olur. Azərbaycan xalqı öz hürriyyətini məhz belə sarsılmaz mübarizələr, mücadilələr nəticəsində qazanmışdır. Bütün səhvlərimiz və səriştəsizliyimizlə birgə mətanətimiz və dəyanətimizlə özümüzü qoruduq, yıxılmadıq, bizi yox etməyə çalışanlar qarşısında qüdrətimizlə mətin dayandıq. Çünki millətimizin, xalqımızın polad əzmini daha da sarsılmaz bir güc və qüvvətlə qoruya bilən zəka sahibimiz, dünya siyasi arenasında həsədlə qəbul olunan ümummilli liderimiz, bütün bilik və bacarığı ilə bizə qalib gəlmək istəyənləri mat vəziyyətinə sala bilən fenomenal siyasi liderimiz, ulu öndərimiz Heydər Əliyev azadlığımız, hürriyyətimiz, müstəqilliyimiz uğrunda xalqımızla bərabər mücadilə meydanına atılmışdı. O bütün titullarından, bütün dövləti vəzifələrindən imtina edərək, Azərbaycanımızın müstəqilliyi uğrunda misilsiz addımlar atır, siyasi meydanda heç kəsin cürət edə bilmədiyi və zamanında elə siyasi gedişlərə cəsarətlə imza atırdı ki, geriyə dönüşü olmayan və bizi addım-addım müstəqilliyə aparan yolun konturlarını ustalıqla və riyazi hesablamalarla cızır, irəlidə böyük gələcəyi olan həmin yolun özülünü, təməlini mükəmməl bünövrə üzərində inşa edirdi. Məhz bu bünövrənin müəllifi elə salnamə yaratdı ki, 1920-ci ildəki kimi hürriyyətimiz süquta uğradıla bilmədi. Böyük imperiyanın hələ mövcud olduğu bir zamanda, vaxtilə "Qızıl ordu”nun əlimizdən aldığı müstəqilliyimizi, ümummilli liderimiz Heydər Əliyev 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali dövlət qurumunun salonunda Cümhuriyyətimizin üçrəngli bayrağını dalğalandırmaq və dövlət bayrağımız kimi yenidən yüksəltməklə, məhz həmin "Qızıl ordu”nun caynağından dartıb qopardı. Bununla da kifayətlənmədi, məhz işğalçı ordunun ölkəmizdən çıxarılmasının əsasını qoydu. Bu fövqəl cəsarət, bu fövqəl siyasi iradə həm ulu öndərimiz Heydər Əliyevin xalqımız qarşısında övladlıq borcunun yerinə yetirilməsi idi, həm də Azərbaycan xalqının tarix boyu ilklərə imza atan bir xalq olduğunu bütün cahana isbat etmək hünərinin dəyanəti idi.
Təəssüflə qeyd etmək istəyirəm ki, tarixin bütün zamanlarında olduğu kimi, 1990-cı illərdə də milli manqurtlarımız, özgə dəyirmanına su tökən ağlı kəm sərsəmlərimiz dəfələrlə dövlət çevrilişlərinə cəhd göstərsələr də, ölkə rəhbərinə qarşı sui-qəsdlərə əl atsalar da, bu yolla mütəqilliyimizin əldən çıxmasına şərait yaradan əməllər törətsələr də, Heydər Əliyevin tutduğu yol elə zəngin-siyasi bilik və bacarıqla işıqlandırılmışdı ki, həmin işığın gözqamaşdırıcı təsirindən gözlərini aça bilməyən milli manqurtlar və sömürgəçilər bir də baxdılar ki, Azərbaycan dünya miqyasında müstəqilliyini əbədi qoruyub saxlaya biləcək bir dövlət müstəvisinə yüksələ bilmişdir. 
Gözlərimiz önündə canlanan yuxarıdakı mənzərə bizə qürurla və iftixarla  öz zəka sahiblərimizə, onların fövqündə daim bərq vuran ulu öndər Heydər Əliyev fenomeninə hər an sayğı duruşunda dayanaraq və böyük məhəbbətlə onun ruhu qarşısında səcdədə dayanmaqla mükəlləf olduğumuzu unutdurmamaqdadır. 
Heydər Əliyev bütün çaxnaşmaları, süni şəkildə yaradılan xaosu, ölkəmizi dağıtmağa çalışan qeyri-sağlam qüvvələrin bəd əməllərini öz siyasi idrak fəlsəfəsi ilə çox asanlıqla dəf edir, milli birliyimizin sarsılması üçün qurulan hiylələr müqabilində tələ quranların yolunu sövq-təbii şəkildə öz qurduqları tələyə doğru istiqamətləndirirdi. 1995-ci ildəki dövlət çevrilişinə cəhdin qarşısının alınması də məhz bu həqiqətin nümunəsidir.
Biz bu həqiqətləri heç vaxt unutmamalıyıq. Çünki məhz dövlətimizin bu günə qədər sağlam şəkildə qorunub saxlanması, inkişaf etdirilməsi, dəmir iradə ilə, dəmir yumruq ətrafında birləşərək işğalçı qüvvələrdən torpaqlarımızın azad olunması, bütövlükdə müstəqilliyimizin sarsılmaz və dönməz yolda irəliləməsi məhz ulu öndər Heydər Əliyev fenomeninin mücadilə kriteriyasına və onun qurduğu nurlu yolun heç zaman qaranlığa qərq olmayacaq qüdrətinə bağlıdır. 
Bu yolda cəsarətlə addımlayan ölkə rəhbərimiz İlham Əliyevin siyasi idrakı və milli birliyimizi əbədi edən can yanğısı, xalqımızı dünya birliyi sırasında özünə layiq yüksək mənəvi dəyəri olan xalq kimi qoruyub saxlamaqdadır.  Yolumuz açıq olsun!

İFTİXAR PİRİYEV

Xəbər lenti