"Erməni ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu Azərbaycana verib, geri çəkilsə..."

Son günlər cəbhə bölgəsində gərginlik artmağa başlayıb və tərəflər bir birinə əzələ nümayiş etdirməkdə həvəsli görsənirlər. Çoxları bir suala cavab axtarır, Aprel döyüşlərinin ardından İyun və ya İyul döyüşü üfüqdə görsənirmi? Aktiv hərbi əməliyyatlar başlasa, bu dəfə eskalasiyanın qarşısını da 2016-cı ilin aprelində olduğu kimi bir neçə gündə almaq müyəssər olacaqmı? Yoxsa bu dəfə ikinci Qarabağ savaşı qaçılmaz olacaq?

Moderator.az-ın bu sualını politoloq Nəzakət Məmmədova cavablandırıb:

"Dağlıq Qarabağ cəbhəsində döyüş əməliyyatlarının başlamasına səbəb olan bir neçə amil ola bilər. Müharibənin alovlanmasına birinci səbəb Rusiyanın Ermənistandakı maraqlarına real təhdidin artması ola bilər. Paşinyan müxtəlif səbəblərdən, o cümlədən xarici güclərdən Rusiyanı Ermənistandan uzaqlaşdırmaq üçün real tədbirlər görmək təlimatı alsa, Rusiya onu cəzalandırmaq üçün mütləq Qarabağ cəbhəsində əməliyyata başlamaq göstərişi verəcək. Nəticədə, Paşinyanın əhali arasında reytinqi azalacaq və hakimiyyəti itirməsi an məsələsi olacaqdır. Rusiyanın Paşinyanı cəzalandırmaq cəhdi özünü cəbhə xəttində büruzə verəcəkdir. Ermənistanın məğlubiyyəti labüddür. Əvvəla, Ermənistan ordusu Rusiyanın əyalətlərindən birindəki hərbi hissə statusundadır. Müstəqil olmayan dövlətin ordusu da müstəqil ola bilməz. Digər tərəfdən, Rusiya və KTMT Ermənistana lazımi yardımı göstərməyəcəksə, ümumiyyətlə məğlubiyyət qaçılmazdır. Ermənistan ordusundakı Rusiyaya bağlı qüvvələr 1-2 rayonu belə Azərbaycana verib, geri çəkilsə, məsuliyyət Ali Baş Komandan Paşinyanın üzərində qalacaqdır. Bu cür proseslər üçün dəqiq tarix müəyyən etmək çətin olsa da, 2020-ci ildə bütün Cənubi Qafqazda bir siyasi, bəlkə də hərbi təlatüm olacağı istisna olunmur. Səbəblər çoxdur. Azərbaycanda və Gürcüstanda parlament seçkiləri, Ermənistanda hakimiyyətdaxili mübarizənin davam etməsi və s. Eyni zamanda, 2020-ci ildə qondarma separatçı rejim işğal olunmuş Azərbaycan torpaqlarında "prezident seçkiləri" keçirməyi planlaşdırır. ABŞ bu hadisədən istifadə edib, "seçkilər"də öz adamını hakimiyyətə gətirə bilər. Çünki Ermənistandakı inqilab Dağlıq Qarabağda uğurla yekunlaşmasa, proses yarımçıq qala bilər. Dağlıq Qarabağ Paşinyan üçün zəif vurulma nöqtəsi olaraq qalır, onu istənilən vaxt Qarabağ kartı ilə vura bilərlər. Ermənistan hakimiyyəti son 30 ildə Qarabağ kartı üzərində hakimiyyətə gəlir və hakimiyyətdən gedir. Ona görə də, Rusiyanın Ermənistana ən böyük təsir vasitəsi olan Qarabağ kartını onun əlindən almaq üçün ABŞ hərəkətə keçib 2020-ci il separatçı rejimdəki qondarma  "seçkilər"də iğtişaş, xalq hərəkatı yarada bilər və hakimiyyəti özünə yaxın adama ötürüb Qarabağ məsələsini öz planı üzrə həll edə bilər. Bu təhlükəni hiss edən Bako Saakyan artıq 2020-ci il "seçkilərində" "prezidentliyə" namizəd olmayacağını açıqlayıb. Çünki, Sarkisyanın devrilməsinə birinci səbəb uzun müddət hakimiyyətdə olub, avtoritar rejim yaratması idi. Eyni ittihamlarla devrilmək ehtimalı olan Saakyanın yerinə Moskva başqa bir namizəd hazırlayaraq, inqilab əmrinin Amerikadan deyil, Moskvadan verilməsini təmin etməklə vəziyyət üzərində nəzarəti saxlamaq istəyir. Əgər şəraitə nəzarət itirilməyə başlasa, Moskva Qarabağ ermənilərini küçəyə çıxıb rəngli inqilab etməkdən çəkindirmək üçün xarici təhlükə amili ortaya atacaqdır ki, bu da Azərbaycanın hücum əməliyyatları ola bilər".

Xəbər lenti