DSX-da 3 ayın əsgəri nədən ölüb? - Atası istintaqdan narazıdır...

DSX-da 3 ayın əsgəri nədən ölüb? - Atası istintaqdan narazıdır...

Göyçay sakini İlham Məhərrəmov oğlu Bəhram Məhərrəmovun hərbi hissədə ölməsi ilə bağlı cinayət işinin qeyri-obyektiv araşdırıldığını iddia edir.

Hit.Az xəbər verir ki, İ.Məhərrəmov cinayəti törətmiş şəxslərin məsuliyyətdən kənarda saxlandığını bildirib.

Onun şikayətində deyilir ki, Bəhram Məhərrəmov 24.01.2020-ci il tarixində Göyçay rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə aparılıb: "O hərbi xidmətini Sərhəd Qoşunlarının Yevlax rayon ərazisində yerləşən "N” saylı hərbi hissəsində keçirib”. 

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevdir. Bir neçə gün əvvəl generalın müavinləri və qurumun bir neçə vəzifəli kadrı korrupsiya faktına görə həbs olunub. Hazırda istintaq davam edir.

 

İ.Məhərrəmovun sözlərinə görə, oğlu hərbi xidmətə getdikdən 3 ay sonra 24 mart 2020-ci il tarixində onun andiçmə mərasimində iştirak ediblər. 

"Həmin vaxt Bəhram gümrah və sağlam idi. Hətta o, bundan sonra bir dəfə də məzuniyyətə evlərinə gedib. Ölümündən iki gün əvvəl isə zəng eləmişdi. 

19 aprel 2020-ci il tarixdə zəng edib məlumat verdilər ki, oğlunuz xəstəlikdən vəfat edib. Ölümün səbəbi kimi göstərilib ki, başından sətəlcəm olub. Oğlumun ölməsinə görə açılmış cinayət işi Qarabağ hərbi prokurorluğunda istintaq aparılır.

İstintaq saxtakarlıqla, qeyri-obyektiv gedir. Oğlum həqiqi hərbi xidmətə tam sağlam gedib, bundan sonra bir dəfə evə gəlib, bir dəfə biz hərbi hissəyə getmişik və ölümündən bir həftə əvvəl telefonla danışmışıq. O, tam sağlam görünürdü və səhhətindən heç bir şikayəti olmayıb”.

Ata oğlunun həkim səhlənkarlığına görə öldüyünü, hərbi hissənin tibbi bölməsində ona səhv iynə vurulduğunu iddia edir. 

Hərbi hissənin komandiri tərəfindən İ.Məhərrəmova bildirilib ki, oğlu Gəncə şəhər xəstəxanasına aparılarkən səhhəti ağırlaşdığı üçün Yevlax rayon xəstəxanasına aparılıb və orada vəfat edib: 

"Ancaq Yevlax rayon xəstəxanasının həkimi bizə dedi ki, sənin oğlun Bəhram Məhərrəmov bura öləndən bir neçə saat sonra gətirilib. Bu və digər ziddiyyətlər tam sübut edir ki, oğlum sıravi əsgər Bəhram Məhərrəmov "N” saylı hərbi hissənin həkimlərinin səhlənkarlığı nəticəsində dünyasını dəyişib. Mənim oğlumun ölümü barədə açılmış cinayət işi düzgün istintaq edilmir. 

Ekspert həkim bizə deyir ki, oğlunuz Bəhrəm sətəlcəmdən olub, ürəyində, ciyərində problem olub. Həmçinin, başqa bir xəstəliyi də olub, ancaq onu sizə deyə bilmirik”.

İ.Məhərrəmov şikayəti ilə bağlı ölkə prezidentinə müraciət etdiyini, oğlunun ölümü üzrə açılmış cinayət işinin Qarabağ hərbi prokurorluğundan alınıb, başqa prokurorluğa verilməsini, saxta rəyi vermiş ekspert və oğlunun ölümə səbəb olmuş həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. 

"Mən oğlumun ölümündən 3 gün sonra infarkt keçirmişəm. Artıq ölümümü gözümün önünə almışam. Bəhram ailəmizin tək oğlu idi. O, uşaqlıqdan sağlam böyüyüb, səhhətindən heç bir şikayəti olmayıb, tam sağlam şəkildə hərbi hissəyə aparılıb və buna dair sənədlər var”.

Xəbər lenti