Bu yaz ölkəmizə Şuşa tonqalıyla, Zəfər yoluyla gəldi

Bu yaz ölkəmizə Şuşa tonqalıyla, Zəfər yoluyla gəldi
Bu gələn yaz bir başqa bir yazdır. Ötən illərdəkilərdən çox- çox fərqlənir. Qələbə müjdəli, Qarabağ ətirli, Şuşa nəfəsli... İllərin həsrətini yuyan, nisgilini silən bir yazdı. Bu yaz insanlarımız da çox dəyişib, özünəinamı artıb, əyilən başlar dikəlib, hər kəsin simasında qürur var. Bütün bunlar isə  Azərbaycan əsgərinin və Ali Baş Komandan İlham Əliyevin sayəsində mümkün oldu. Bir xalq olaraq hiss etdik ki, Zəfərin dadı şirindən şirinmiş. Qalib xalqın nümayəndəsi olmaq, qələbənin sevincini doya- doya yaşamaq hər kəsə nəsib olmur. Şükürlər olsun ki, bu hissi xalqımız illər sonra yaşadı və bu gün də yaşamaqdadır. 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu həyəcanlı, şanlı günlərdə ordu, hakimiyyət, xalq birliyinin şahidi olduq, dəmir yumruğun əzəmətini, gücünü dünyaya nümayiş etdirdik. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizi ehtiramla anır, onlara əbədi məkanınız ürəklərimizdir deyirik.
İndi illlərlə həsrətini çəkdiyimiz o yurd yerləri bizimdir. Məkrli düşmənin  dağıtdığı, izini silməyə çalışdığı kənd və şəhərlərimizin yenidən canlacağına əminik. Bu əminliyi isə bizlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Zəfər salnaməsinin müəllifi İlham Əliyev yaradıb. Dövlət başçısının işğaldan azad olunandan sonra bu torpaqlara hər səfəri Qarabağın dirçəlişi, yeni-yeni yurd yerlərimizin abadlığı üçün görülən işlər, erməni işğalçılarının vandallıqlarının dünya birliyinə çatdırılması, Azərbaycanın necə bir məkrli düşmənlə mübarizə apardığının təsdiqi baxımından əhəmiyyətlidir. Hər bir azərbaycanlı kimi mən də ölkə başçısının bu yaxınlarda Füzuli, Xocəvənd və Şuşa səfərlərini qürurla, sevinclə izlədim. Bu son səfər həm də Azərbaycanın öz tarixinə, tarixi abidələrinə, qədim yurd yerlərinə sahib çıxması kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti bu səfərində dünya ictimaiyyətinə çox ciddi mesajlar verdi. Ölkəmizin tarixinə, maddi və mənəvi mədəniyyət abidələrinə, hər qarış torpağına sahib çıxdığını bir daha nümayiş etdirdi. Qədim alban kilsəsinin ziyarət edilməsi isə ölkəmizdəki tolerantlığın bariz nümunəsi kimi dəyərləndirilməlidir. Dövlət başçısının  dediyi kim "Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, o da  yarıdağılmış. Özü də onlardan müxtəlif məqsədlər üçün istifadə ediblər. Alban kilsəsini də bu günə qoyublar.” Qədim Azıx mağarasını  ziyarət  edən dövlət başçımız  bildirib ki, bura dünyanın ən qədim insan məskənlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, tarixi sərvətimizdir. Tuğ, Hadrut səfərləri də yurd yerlərimizin işğaldan necə azad edilməsi, Azərbaycanın öz qədim yaşayış məskənlərinə sahib çıxması baxımından  əhəmiyyətlidir. Bu səfər bir daha təsdiqlədi ki, bütün yurd yerlərimiz bizlərə əzizdir, doğmadır, unudulmazdır.
Azərbaycan Prezidentinin Qarabağa səfərlərində Şuşaya böyük önəm verməsi təsadüfi deyil. Çünki Şuşanın hər bir azərbaycanlının qəlbində özünəməxsus yeri var. Şuşa tarixdir, Şuşa mədəniyyətdir, Şuşa musiqidir, Şuşa dünəndir, bu gündür, sabahdır. Şuşasız Azərbaycan, Azərbaycansız Şuşa yoxdur. Mən və minlərlə mənim kimi belə düşünənlər var. Çünki Şuşa nəfəsdir. Təsadüfi deyil ki, Şuşada doğulmayanlar belə oranı görməyə can atır. Bu gün Ali Baş Komandanın dediyi kimi Şuşaya "ZƏFƏR YOLU” ilə getmək özü bir xoşbəxtlikdir. Bu yol qalib əsgərimizin "QƏLƏBƏ YOLU”dur. 
Vaqifin dağıdılmış məqbərəsinin bərpasının birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fond tərəfindən aparılması bu işin  yüksək səviyyədə görüləcəyinə əminlik yaratdı. Natəvan, Üzeyir, Haqverdiyev, Bülbül, Xan yurdunun tezliklə Azərbaycanın mədəniyyət paytaxtına cevriləcəyi gün uzaqda deyil. Ölkə başçısının Qarabağda aparılan quruculuq, bərpa, tikinti işlərini diqqətdə saxlaması bu yöndə görülən işlərin günün tələbinə uyğun, müasir standartlar çərçivəsində, tariximizdə ehtiramla anılacağından xəbər verir. 
Füzuli, Xocəvənd, Şuşa səfəri ilə Azərbaycan Prezidenti İlham Əliyev qalib xalqın qurub yaratmaq əzminin daha da artdığını, öz tarixinə, ululardan qalan mirasına sahib çıxdığını bir daha təsdiqlədi.Mədəniyyəti, musiqisi, ədəbiyyatı və torpağının məhsulunun dadıyla seçilən Vətənimiz, dünyada həm də düşmən başını əzən "Dəmir Yumruğu” ilə tanındı.Qarabağın Azərbaycan olduğunu da hamı gördü. Dünya ictimaiyyətinə çatdırıldı ki, o torpaqların sahibi Azərbaycandır, qoruyanı da Azərbaycan əsgəridir.
Bu yaz ölkəmizə daha erkən, qələbə sədalarıyla, Şuşa tonqalıyla, Zəfər yoluyla gəldi. Könülləri isitdi, ürəklərdə yuva qurdu. Baharın, bayramın mübarək qalib VƏTƏN.


Sarıyeva Sevda,
Binqəədi rayonu ərazisində fəaliyyət göstərən şəhid Seymur Məmmədov adına 301 saylı tam orta məktəbin direktoru

Xəbər lenti