“Bu odur, İlham Əliyev!” – Elşən Musayevin yazısı…

“Bu odur, İlham Əliyev!” – Elşən Musayevin yazısı…

Heydər Əliyevin cənazəsinin Amerikadan Bakıya gətirildiyi günü yəqin çoxları xatırlayır. Dövlət televiziyaları canlı yayımlayırdı. Hava limanında qorxunc bir sükut, hüzn vardı. Aparıcının titrək səsi, qaravul heyətinin baxışı, Bəylər Eyyubovun boynu bükük duruşu, Ulu Öndəri son mənzilə aparan qara, uzunnamasına avtomobil və bir də… bütün baxışların zilləndiyi İlham Əliyev.

Həmin an kim nə düşünüb, bilmirəm. Amma mən İlham Əliyevin gözlərinə fokslanmışdım. Görəsən ağlayacaqmı deyə. Ağlamadı. Göz bülluru eninə, uzununa qədər yaşla doldu, dərya dərinliyinə qədər irəlilədi, amma ağlamadı. Saxladı özünü. Göz yaşını elə gözlərindəncə ürəyinə süzdü. Kipriyini belə tərpətmədi. Ki, birdən ağlamaq qaçılmaza çevirilər. Dik durdu. Qamətini əymədi. Həyatın nonsensi bax budur: Ağlamaq istəyirsən. Fəqət, ağlamamalısan. Daha dəqiqi, ağlamamağa məhkumsan. Çünki sıradan biri deyilsən. Ölkə Prezidentisən. Nəhəng bir insanın övladı, siyasi varisisən. Hamı sənə doğru köklənib, hamı səndən tutunub. Həmin an ahəng qanunu məntiqə uduzmalıdır. İrəli baxmalısan. Səni sevənlərin arzuladığı kimi olmalısan. Heydər Əliyev ideyalarını yaşatmaq, Azərbaycanı işıqlı gələcəyə aparmaq üçün var olmalısan. Ayaqda olmalısan. Güclü olmalısan.

Ələlxüsus da, düz bir addımlığında qərarlaşan bəzi nankor məmurların xəyanətindən artıq xəbərdarsansa…

***

Şuşa. Cıdır düzü. "Xarı bülbül” musiqi festivalı. Cənab Prezident qalib Ali Baş Komandan kimi öndə əyləşib. Anidən Heydər Əliyevin səs yazısı verilir və İlham Əliyevin reaksiyasından dərhal anlaşılır ki, bu xoş surprizdən xəbərsizdir: "Arzu edirəm, bir gün Şuşaya gedək. Gedəcəyik. İnanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Şuşa mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Biz Şuşasız yaşaya bilmərik. Biz Laçınsız, Ağdamsız, Kəlbəcərsiz, Cəbrayılsız, Füzulisiz yaşaya bilmərik…”

İlham Əliyev və Mehriban Əliyeva Şuşada

Yenə hamının diqqəti İlham Əliyevdədir. Yenə göz qapaqları və göz bülluru tam dolub. Yenə ağlamamaq məhkumiyyəti var. Yenə qamət həmin qamət, duruş həmin duruşdur. Allah xətrinə, o videonu bir daha izləyin. Amma diqqətlə izləyin. İlham Əliyevin simasına anbaan nəzər yetirin. Sevinc, qürur, qələbə, məmnuniyyət, rahatlıq, qəhər…bu qədər hissin məcmusunu indiyə qədər eyni anda kimsə görməyib və görə bilməz. Dünyanın ən güclü rəssamı bu tablonu yarada, tərənnüm edə bilməz. Çün, baxışlar danışır. Baxışlar içində sükut danışır. O baxışlarda səs var. O baxışlarda: "Ata, Şuşanı geri qaytardım, mən Cıdır düzündəyəm” ifadəsi var. O baxışlarda çox yox, bircə saniyəlik Heydər Əliyevə sarılıb ona bu xəbəri şəxsən verə bilməməyin nisgili var…

Dominant.Az - Şuşada bu tarixdə

P.S. Müqayisəni təsadüfən etmədim. Çünki iki fərqli təyinatlı göz yaşı arasındakı dövr əslində İlham Əliyevin ömür yolunun ən böyük bəndidir. Etimadı qəbul etməkdən onu doğrultmağa qədər uzanan bənd. Kədəri sevincə pərçimləyən bənd. Qoruyan bənd. Yaşadan bənd…

***

İlham Əliyev ləyaqətli Liderdir. O,dürüstdür, səmimidir, mərddir, imitasiya etmir, oynamır. O, hər yerdə özüdür. Hətta diqqət etmişəm, dünya dövlətləri liderlərinin demək olar, 99 faizi üçün əvvəldən çıxışlar hazırlanır, suflyora verilir, sonra üzdən oxunur. Amma İlham Əliyev bunu da etmir. Hər şey təbiidir. Ya da nə bilim, ssenari qursun, tamaşa düzənləsin, çıxışlarında publikaya yönəlik populizmdən, pafosdan istifadə etisin - Xeyr! Bu da yoxdur. Necə varsa, odur!

Insider

İlham Əliyev rəqibləri ilə də hər zaman mərdi-mərdanə mübarizə aparıb. Amma nə təəssüf, radikal çevrədəki həmin rəqiblər eyni mərdliyi ona qarşı sərgiləməyib. Hara desən, kimə desən "işləyiblər”, qabaqlarına çıxan səfirin, diplomatın, xarici xüsusi kəşfiyyat orqanının "verbovka”sına çevirilmək, vətən satmaq üçün əldən gediblər, ümidləri hər şeydən üzüləndə söyüş müxalifətini yaradıblar, mundar simaları öz saytlarında tirajlayıblar, bir törəmə sənədi, doğru-dürüst ünvanı belə olmayan "Beynəlxalq Araşdırmaçı Jurnalistlər Birliyi”adında girdirmə təşkilatın istinadı ilə hər cür ləyaqətsizliyə imza atıblar, seçkidə iştirak etmədən seçkiyə qiymət veriblər.

Ona görə kimsə düşünməsin ki, müxalifətdəki radikal rəqiblərinin urvatsız və gücsüz olması İlham Əliyevin bəxtidir. Xeyr! Bu, İlham Əliyevin bəxtsizliyidir. Tanrı kimsəni belə namərd müxalifətlə üzbəüz qoymasın.

***

İlham Əliyev hakimiyyəti, kreslonu deyil, xalqını sevir. Məhz xalqını. İlham Əliyevin bu millət və dövlət naminə etdiyi fədakarlıqların, getdiyi risklərin miqyasından xəbərdar olanlar dəqiq bilirlər ki, o Azərbaycan uğruna nəinki vəzifəsini, canını belə fəda etməyə hazır olan insandır. Misal üçün, müharibə. Beş başı olur, bütün müharibələrin. Hər şey gözləniləndir. Olmazdı 1 Fransa, olardı 5 Fransa kimisi. Verməzdilər Ermənistana 3 raket, verərdilər 30 raket. Rusiya qalmazdı loyal, olardı aktiv müdaxiləçi. Yəni, istənilən gedişat, ssenari mümkün idi. Ona görə deyirik ki, İlham Əliyev bütün riskləri gözə alaraq Qarabağı geri qaytarıb. O, düşmənlə ölümünə mübarizə aparıb. Bilmirəm nə vaxt, bəlkə də 20 il sonra daha təfsilatlı detallar aydınlaşanda və hamıya bəlli olanda ki, məsələn Şuşanın geri qaytarılması İlham Əliyevin hansı cəsarətli qərarları sayəsində mümkün olub, bax o zaman indi İlham Əliyevi bəyənməyən qaraguruhun belə başındakı tüklər birər-birər qalacaq.

***

İlham Əliyevin komandası xəyanətdən sığortalanıbmı? Xeyr. Həm də birmənalı xeyr! Namərdlər hər zaman olub və olacaq. Nə qədər "ağır top”lar getdi və heç biri elə-belə getmədi. Bu gün həbsdə olanlar və ya həbsdə olmağa bərabər həyat yaşayanların hamısı bir vaxtlar İlham Əliyevin şərəfinə ayaq üstdə tost deyirdilər. Amma zaman onların paxırlarını açdı, maskalarını yırtdı. Zaman ləngidiyində isə İlham Əliyevin özü zamanı qabaqladı və hamıya yerini göstərdi. Bir-bir! Çün, İlham Əliyevin gözünün düşməni xəyanətdir. Bir dəfə də bu fikri demişəm və yenidən təkrarlayıram: "Radikal müxaliflər sədaqəti, İlham Əliyev isə xəyanəti bağışlamır”. Siyasi qütblər arasındakı əsas fərqlərdən biri məhz budur.

İlham Əliyev səbrli və praqmatik siyasətçidir. Ən böyük "usta”lıqlarından biri isə zamanlamanı düzgün təyin etməsidir. O, ruhən və əqlən mədəni, müasir tipaja sahib olduğu üçün aristokrat insanları sevir, onlara hörmət bəsləyir, etimad göstərir. Misal üçün, hərdən deyirlər ha, tutaq Mikayıl Cabbarov niyə o boyda səlahiyyət sahibidir? Səbəb sadədir, əzizlərim. Bu gün komandanın Cabbarov kimi mədəni, səviyyəli kadrlara, "hə” ilə, "əəə” ilə danışmayan tipajlara ehtiyacı var. Bu gün hakimiyyətin – son fəaliyyət ışartısı 30 il əvvəl olan hansısa Partiyanın sədrini belə görüşə çağıran, onun dərdini dinləyən Ədalət Vəliyev kimi peşəkara, bütün qütblərdə adı xoş məramla hallanan Sahibə Qafarova kimi nəcib və istedadlı xanıma, qarşısındakı insanla ilk dialoqa "buyurun, mənim əzizim” – xitabı ilə başlayan Qoşqar Təhməzli kimi elitara, yazdığı hüquq dərslikləri, elmi əsərlər dünyanın özündən deyən ölkələrində çap olunan İnam Kərimov kimi zəka sahibinə ehtiyacı var. Konfiqurasiya dəyişikliyi dediyimiz budur. Xatırlayırsızmı, bir ara bəzi ağzıgöyçəklər özlərinə həkk gəlmişdilər ki, kosmik peyk nəyimizə lazımdır, Müdafiə Sənayesi Nazirliyini niyə yaratdılar və s? Amma zaman göstərdi ki, nəyə və hansı prosesə görə lazım imiş. İndi də həm kənardan, həm də içdən olan bəzi eynidüşüncəlilər siyasi konfiqurasiya xəttinə mız qoyurlar, ağız büzürlər. Amma yenə də zaman göstərəcək ki, düzgün seçilmiş kadrlar Azərbaycanı hansı uğurlara doğru aparacaqlar.

Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür

Təbii, İlham Əliyev kimi müdrik siyasət sərkərdəsinin rəhbərliyi ilə.

***

Qarabağın işğaldan azad olmasından sonra 4 dəfə xarici səfərdə olmuşam. Bütün dövlətlərin "pasport qeydiyyat”ında oturan məmurların sənədimə baxdıqları zaman verdikləri reaksiya aşağı-yuxarı eynidir: "Oooooo, Azərbaycan. Qarabağ!”.

Bu qürur, ifadə olunmaz qürurdur. Bu qürur, heç bir zaman yaşamadığım qürurdur. Bu qüruru mənə bəxş edən Prezidentimə, qəhrəman ordumuza eşq olsun!

Bir də. İlham Əliyevin Rusiyada düzənlənən ilk üçtərəfli görüşdəki iştirakını xatırladım. Süjeti CNN üzərindən izləyirdim. İlham Əliyev qürurla, çox məğrur şəkildə iclas otağına daxil olduğunda aparıcı ingiliscədən tərcümədə belə bir ifadə işlətdi: "Bəli, bu odur, İlham Əliyev”

Eynilə. Odur, İlham Əliyev. Mənim Prezidentim!

Və hələ çox insan bu adı yaddaşına məlum heyranlıqla həkk edəcək. Hələ bu addan çox danışılacaq.

London küçələrindəki radikal siyasi bomjların bütün riyakarlıqlarına rəğmən!

Özünə Paşinyan kimi Prezident axtaran Sevinc Osmanqızı tipli nadanların varlığına rəğmən!

Qarabağı satanların Qarabağı geri qaytaranlara arsızca, abırsızca, namərdcə dil uzatmasına rəğmən!

Danışılacaq. İlham Əliyev haqda əsrlər boyunca QƏHRƏMAN kimi danışılacaq...

***

Cənab Prezident!

Lütfən, çox yaşayın.

Sizə 60 illik yublieyinizdə ünvanlamaq istədiyim tək və ən ümdə arzu budur.

 

Elşən Musayev:

 Elşən Musayev,

Milli Məclisin deputatı

Xəbər lenti