“Bu hadisə anti-Azərbaycan qüvvələrinin növbəti həmləsidir”

“Bu hadisə anti-Azərbaycan qüvvələrinin növbəti həmləsidir”
Bir neçə gün öncə Azərbaycanda hər zaman qarışıqlıq yaratmaq istəyən qüvvələr, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anasından, bir ananın həssas durumundan istifadə edərək, onun fikirlərini cəmiyyətə yaydılar.

Məsələ ilə bağlı 7NEWS.az saytının rəhbəri, internet-media eksperti Səbuhi Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, baş verən xoşagəlməz hadisə anti-Azərbaycan qüvvələrinin növbəti həmləsidir: 

"Bir ildən artıqdır ki, ölkəmiz post müharibə dönəmindədir. Az-çox ictimai-siyasi situasiyada olanlar bilirlər ki, bu dönəm müharibə dönəmindən də təhlükəli və həssasdır. Düşmən bütün gizli alətlərlərdən istifadə edərək cəbhədəki biabırçı məğlubiyyətini kompensasiya etməyə çalışır. Beynəlxalq aləmdə fiasko da qaçılmaz oldu, Prezident İlham Əliyevin siyasi iradəsi düşməni bütün beynəlxalq platformalarda məhv etmiş oldu. İndi onların yalnız bir yolu var: Daxildə gərginlik yaratmaq və mümkün qədər müzəffər ordumuzun nüfuzuna zərbə vurmaq. Ən vacib məqam odur ki, düşmən bunu öz lobbi təşkilatlarının maliyyəsi, təxribatçı qurumlar və ölkə daxilində mövcud olan agentləri vasitəsilə edirlər. Düzdür, bu gün DTX-nın fəaliyyəti nümunəvidir, müharibədən sonra, bəlkə də, yüzlərlə, minlərlə təxribatın qarşısı alınıb. Ancaq bu təkcə DTX-nın görəvidirmi? Əsla, vətəndaş cəmiyyəti, media, müstəqil bloggerlər, politoloqlar, ekspertlər bu kimi proseslərdə diqqətli olmalı, mövcud olan və ola biləcək bütün təxribatlara qarşı sərt mövqe sərgiləməlidirlər”.

S. Abbasov əlavə edib ki, Milli Qəhrəman, şəhid Polad Həşimovun anasının dedikləri, videoyazısı bu təxribatların tərkib hissəsi idi:

"Videoya diqqət yetirsəniz, kənardan gələn səslər, müdaxilələr onu deməyə əsas verir ki, bu bir şəhid anasının emosiyalarından peşəkarcasına istifadə edərək, onu yanlış istiqamətə yönəltməkdən başqa bir şey deyil. Ümumiyyətlə, şəhid və qazi ailələri cəmiyyətdə böyük nüfuza və hörmətə malikdir. Onların itkiləri hər birimizin canındandır, evindədir. Belə bir dəyəri siyasi alətə çevirmək o şəhidin ruhuna xəyanət və hörmətsizlikdir. Hesab edirəm ki, bu təbəqədən olan ailələrlə daim görüşlər keçirilməli, psixoloji söhbətlər aparılmalı, problemləri, arzuları, istəkləri diqqətdə saxlanılmalıdır". 

Aynurə Pənahqızı
Demokrat.az

Xəbər lenti